2019-01-11 15:41:40   |   138 dəfə oxunub

"Fransa “öz gözündəki tiri görmür, qonşunun gözündə tük axtarır" " - EKSPERT

"Məlum aksiyalara görə Fransada 4 mindən çox insan həbs olunub, polis müdaxiləsi nəticəsində bəziləri ölümcül zədələr alıb"



"Təəssüflər olsun ki, bu gün beynəlxalq hüquq böyük dövlətlərin əlində geosiyasi rıçaq vasitəsi kimi istifadə olunur”.

Bunu "Sherg.az” açıqlamasında xarici siyasət və beynəlxalq münasibətlər üzrə ekspert Ceyhun Əhmədli deyib.

Analitik bildirib ki, insan hüquqları fenomenindən müstəqil siyasət yürüdən ölkələrə qarşı təsir mexanizmi kimi istifadə etmək son dövrlər daha geniş vüsət alıb. Bu da əsasən mövcud beynəlxalq münasibətlər sisteminin xarakter və təbiətindən irəli gələn məsələdir:

"Elə bir dövrə gəlib çıxmışıq ki, dövlətlərarası münasibətlərdə ədalət prinsipinə çox nadir hallarda əməl olunur. Böyük dövlətlərin liberal dəyərlərdən uzaqlaşması meylləri qabarıq şəkildə özünü hiss etdirir. Bu cür hallarda isə ikili standartlı yanaşmalar qaçılmaz olur. Məsələn, dünyaya demokratiya dərsi keçməkdə iddialı olduğunu hər zaman nümayiş etdirən Fransa dövləti bu gün öz vətəndaşlarının elementar hüquqlarını kobud şəkildə pozur. "Sarı jiletlilər”in aksiyasında bu amili əyani şəkildə müşahidə etdik. Məsələyə ümum- Avropa kontekstindən yanaşsaq və nəzərə alsaq ki, qitənin heç bir insan hüquqları təşkilatı bu problemi qabartmadı, demək ki, bütövlükdə Avropada demokratiya və insan hüquqları anlayışı ciddi şəkildə tənəzzülə, obrazlı dildə desək, korroziyaya uğrayıb. 

Bu gün dünyada insan hüquqları sahəsində tanınan, elə ölkəmizdəki son proseslərə də "qiymət” verən "Human Rights Watch” təşkilatı nəyə görəsə Fransadakı hadisələrin qarşısında susmağa üstünlük verir. Rəsmi Parisin indiki şəraitdə Mehman Hüseynovun həbsi ilə bağlı öz "narahatlığını” ifadə etməsi ikrah hissi doğurur. Məlum aksiyalara görə Fransada 4 mindən çox insan həbs olunub, polis müdaxiləsi nəticəsində bəziləri ölümcül zədələr alıb. Məncə, Fransa dövlətinin hazırkı yanaşması "öz gözündəki tiri görmür, qonşunun gözündə tük axtarır!” məsəlinə çox uyğun gəlir. Gərək əməlinlə sözün üst-üstə düşsün. Bu prinsip beynəlxalq siyasətdə də keçərli hesab olunmalıdır”.

Ekspertin sözlərinə görə, Fransa Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, həm də münaqişə tərəflərinə münasibətdə ayrıseçkilik etməsi ilə tez-tez gündəmə gəlib:

 "İşğal altındakı Dağlıq Qarabağ bölgəsinin şəhərləri ilə Fransa şəhərlərinin dostlaşması, qondarma rejimin rəhbərlərinin bu ölkəyə səfəri, fransalı rəsmilərin işğal altındakı torpaqlarımıza qanunsuz səfərlər təşkil etməsi hallarının tez-tez şahidi oluruq. Bütün bunlar isə münaqişənin sülh yolu ilə tənzimlənməsində Fransanın hazırkı mandatına qətiyyən uyğun gəlmir. Bu baxımdan, Fransa dövlətinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hər hansı neqativ bəyanat və açıqlaması birmənalı surətdə qərəzli mahiyyət daşıyır”.

İsmayıl








SON XƏBƏRLƏR

2019-01-18