2019-01-11 16:31:25   |   101 dəfə oxunub

"Bütün uğurlar cənab Prezidentin əməyinin nəticəsidir" - Ağacan Abıyev



Yanvarın 11-də Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. "Sherg.az" xəbər verir ki, ölkə başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını söyləyib. Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğuladı ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb. 2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirdi ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirdi ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğuladı. Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğuladı.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, "ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd etdi, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxundu, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirdi.


Prezidentin fikirlərini yüksək qiymətləndirən Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycanın əməkdar elm xadimi, milət vəkili Ağacan Abıyev "Sherg.az"a söyləyib ki, ölkə başçısının söylədikləri əməli işə və nəticəyə söyklənir: 

"Azərbaycanda bütün sahələrdə görülən işlər göz önündədir. Demək olar ki, Prezident bütün sahələrə xüusi diqqət ayırır. Hər bir sahənin inkişafına nail olmaq üçün ciddi islahatlar həyata keçirilir. Elm, idman, iqtisadiyyat, səhiyyə, təhsil, ordu quruculuğu, iqtisadiyyat və başqa sahələrdə xeyli nəzərəçarpan işlər görülüb. Qaçqın və məcburi köçkünlər, şəhid ailələri, aztəminatlı ailələr ölkə başçısının daim diqqətindədirlər. Bu kateqoriyadan olan insanlar mənzil və avtomobillərlə təmin olunurlar. Əlbəttə, görülən işləri bir -bir sadalamaq mümkün deyil. O işlərin həcmi o qədər geniş və böyükdür ki, saymaqla bitmir. Yenicə yola saldığımız ildə Azərbaycan olduqca nəhəng iqtisadi layihələrə imza atdı. Ordu quruculuğunda görülən işlər, aparılan islahatlar nəticəsində Azərbaycan ordusu dünya ölkələri ordusu sırasında 50 - ci yerdə qərarlaşdı və bu, balaca nəticə deyil. Bununla yanaşı Azərbaycan idman ölkəsinə çevrilib. Artıq ölkəmizdə olan sabitlik və multikultural dəyərlərə verilən önəm Azərbaycana olan marağı daha da artırır. Dünya isman cameəsi Azərbaycanı bir idman ölkəsi kimi tanıyır və qəbul edir. Məhz buna görə də Azərbaycan çoxsaylı idman tədbirlərinə ev sahibliyi edir. Elm sahəsində də irəliləyişlərə nail olunub".

A.Abıyev əlavə edib ki, ölkəmizdə qeyri-neft sektoru da sürətlə inkişaf edir: 

"Kənd təsərrüfatı və turizm sektorunda da xeyli irəliləyişlərə müəssər olmuşuq. Bu sahə də yüksələn xətt üzrə inkişaf edir. Bu irəliləyiş və nailiyyətlər hamımız üçündür. Və bütün uğurlar cənab Prezidentin əməyinin nəticəsidir. Bu inkişafı alqışlayıram. Görülən işlər hər bir Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşmasına, sosial müdafiəsinin güclənməsinə xidmət edir. Məhz buna görə də Azərbaycan dünyada tanınmış ölkələrdən birinə çevrilib".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2019-01-18