2019-01-12 11:43:38   |   205 dəfə oxunub

2018-ci il Azərbaycan üçün uğurlu il olub

Həm xarici, həm daxili siyasətdə qarşıya qoyulan bir çox məqsədlərə nail olundu



"Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqda davam edir”. Bunu ötən gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələr çox yüksək səviyyədədir. Ölkə rəhbəri Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətinə diqqət çəkərək, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini vurğulayıb. Həmçinin, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib. İctimaiyyət nümayəndələri də ötən illər ərzində, xüsusən də 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, hərbi qüdrətinin gücləndiyini bəyan ediblər.

Azərbaycanın beynəlxalq münasibətlərini "Şərq”ə dəyərləndirən siyasi ekspert Anar İmanov bildirib ki, hər il ölkəmizin beynəlxalq arenada nüfuzu daha da artır. Bununla yanaşı, Azərbaycan regiondakı liderlik mövqeyini davamlı şəkildə möhkəmləndirir: 

"İqtisadi və hərbi gücümüz yüksəlişdədir. Keçən il iyunun 26-da keçirilən parad hərbi gücümüzü əyani çəkildə nümayiş etdirdi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda oldular. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak etdi.

Sentyabrın 15-də Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi paradda yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin mövcudluğu göstərdi ki, son illərdə ordumuz əhəmiyyətli dərəcədə güclənib. 

2018-ci il də Azərbaycan üçün uğurlu il oldu, qarşıya qoyulan bir çox məqsədlərə nail olundu. 2018-ci ildə də Azərbaycanda daxili və xarici siyasətdə bir sıra nailiyyətlər əldə edildi”. Ekspertin sözlərinə görə, ölkə iqtisadiyyatında ciddi islahatlar həyata keçirilib: "Azərbaycanın növbəti peyki "Azerspace-2” orbitə buraxıldı. "Cənub Qaz Dəhlizi”nin açılışı oldu, TANAP boru kəməri istifadəyə verildi. Bütün bu nailiyyətlər onu deməyə əsas verir ki, 2019-cu il ölkəmiz üçün daha da uğurlu olacaq. Əlbəttə, bu uğurları həzm edə bilməyən bəzi qərəzli dairələr var. Məsələn, elə bu günlərdə bəzi ölkələrin özlərində baş verən problemləri çözməkdənsə, nədənsə, Azərbaycanın daxili işlərinə burun soxması bunun göstəricisidir. Hazırda bir sıra ölkələrdə problemlər çoxalıb, əhali etiraz edir, nümayişlər keçirilir. Başqa dövlətlərin işlərinə məharətlə qarışan bu ölkələr özlərində olan "demokratiya imtahanın”dan kəsilir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-22
2019-05-21