2019-01-12 14:25:04   |   174 dəfə oxunub

Politoloq Rusiya XİN sözçüsünü ifşa etdi: “Zaxarovanın özünün də iştirak etdiyi "Jara" musiqi festivalı... ”




"Zaxarovanın Azərbaycana qarşı irəli sürdüyü ittihamların heç bir hüquqi və mənəvi əsası yoxdur”.

Bunu "Sherg.az”a politoloq Nəzakət Məmmədova deyib. 

Ekspertin sözlərinə görə, Azərbaycan müstəqil, suveren dövlətdir. Öz ərazisinə kimi buraxıb-buraxmamaq dövlətin suveren hüququdur:

"Digər tərəfdən, ermənilərin indiyə qədər bizə qarşı törətdiyi cinayətlərə, işğala və digər pis əməllər baxmayaraq Azərbaycan öz qapılarını onların üzünə tam bağlamayıb. Burada 30 mindən çox erməni hələ də yaşayır, eyni zamanda müxtəlif beynəlxalq tədbirlər zamanı ermənilər ölkəmizə sərbəst şəkildə gəlirlər. Ötən il Zaxarovanın özünün də iştirak etdiyi "Jara" musiqi festivalında erməni qarışığı olan müğənni Zaranın buraya gəlməsi Rusiya XİN sözçüsünün dediklərini təkzib edir.

Zaxarova Rusiya vətəndaşlarının qayğısına qalırsa, o zaman ermənilərin girovluğunda olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad olunmasına çağırış etsə, daha yaxşı olardı. Hər hansı Rusiya vətəndaşı olan ermənilərin buraya gələ bilməməsi elə böyük bir itki deyil, nəinki Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi günahsız azərbaycanlıların ermənilərin girovluğunda olması. Üstəlik, Rusiya vətəndaşları olan azərbaycanlılar sərbəst şəkildə Ermənistana gedə bilirlərmi?! Rusiyalı qadın diplomat buna da aydınlıq gətirib, münasibət bildirsə, pis olmazdı. Və biz o zaman Zaxarovanın obyektivliyinə şübhə etməzdik”.

Politoloq hesab edir ki, Zaxarovanın səsləndirdiyi bəyanat Azərbaycanla Rusiya arasında mövcud olan və getdikcə dərinləşən strateji tərəfdaşlıq münasibətlərinə ziddir:

"Azərbaycanla Rusiya arasında münasibətlərin getdikcə daha da yaxınlaşması, təkcə 2018-ci ildə İlham Əliyevlə Vladimir Putin arasında altı dəfə görüşün baş tutması, Putinin Ermənistana səfərdən imtina etməsi, Paşinyanla münasibətlərin pisləşməsi Rusiyanın diplomatiya idarəsindən daha çox, ermənilərin kök saldığı, onların maraqlarının müdafiəçisi kimi çıxış edən Rusiya XİN-də bəzi şəxslər arasında narahatlıq yaradıb. Nazir Lavrovun erməni əsilli olmasını özü etiraf edib. Belə bir zamanda Zaxarovanın öz şefindən daha artıq erməni olmağa çalışması sadəcə ikrah hissi doğurur”.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib. "Sherg.az” xəbər verir ki, Zaxarova dünən keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb: "Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-18