2019-01-12 18:07:14   |   143 dəfə oxunub

Bakı sanki qəssabxanaya dönüb

Ət kəsim yerlərinə nəzarətin güclənməsi, sanitariyanın qorunması faydalıdır

Amma elə etmək lazımdır ki, vəziyyətdən istifadə edib qəssablar ətin qiymətini bahalaşdırmasın




Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçə və yol kənarlarında qanunsuz ət satışı məqsədilə heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib.
Reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulan inzibati tədbirlər görülüb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb. Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olanları qanunvericiliyin tələblərinə əməl etməyə, qanunsuz fəaliyyət göstərməməyə çağırır və sahibkarlara müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyi tövsiyə edir.

Qeyd edək ki, hər bir rayonda qəbul olunmuş standartlara uyğun sallaqxanalar fəaliyyət göstərəcək. Sallaqxananın yerləşdiyi yerin minimal kvadratı, avadanlıqlar nəzərə alınacaq, eləcə də ətin keyfiyyətinin müəyyən edilməsi üçün laboratoriya fəaliyyətdə olacaq.

Bəs, yeni kəsim qaydaları ətin bahalaşmasına səbəb ola bilər?

İqtisadçı Qadir Bayramlı deyib ki, belə qadağanın tətbiqi sanitariyanın qorunması və ətin keyfiyyətli olması baxımından faydalıdır: "Sallaqxanaların fəaliyyətinə nəzarət vacibdir. Ət satışını həyata keçirən şəxs gigiyena qaydalarına əməl etməli və sanitar qaydalara uyğun satışını təşkil etməlidir. Bölgələrdə və rayonlarda əhali və təsərrüfat sayına görə kəsim məntəqələri yaradılmalıdır. Həmin məntəqələrin qiyməti münasib olmalıdır ki, qəssablar üçün əlçatan olsun. Bu sahə ilə məşğul olan sahibkarlar yer pulunu bəhanə edib ətin qiymətini qaldırmasın. AQTA çox ciddi şəkildə bu məsələyə nəzarət mexanizmi həyata keçirsə, effektiv nəticələr əldə etmək olar. Sözsüz ki, problemin həlli xeyli zaman alacaq. Həm rayonlar üzrə xüsusi məntəqələr üçün yerlərin müəyyənləşdirilməsi asan olmayacaq. Rayon mərkəzlərində belə yerlər azdır. Kəndlərdə isə nəzarət etmək çətin olacaq.

Fikrimcə, AQTA rayon icra hakimiyyəti orqanları ilə sahibkarlıq strukturlarını da bu prosesə cəlb etməlidir. Rayon rəhbərlərinin iştirakı ilə bazarların kənarında bu cür yerlər tapıb ət kəsimi məntəqələri açmaq olar. Bu proses düzgün qurulsa, qiymət bahalaşmasının qarşısını almaq olar”.

Q. İbrahimlinin sözlərinə görə, heyvanların diri və kəsilmiş halda daşınmasını isə fərdi şəkildə sahibkarların üzərinə atmaq olmaz: 

"Bunun üçün bir neçə qəssaba avtomobil ayrılmalı və 10-15 heyvanın daşınması həyata keçirilməlidir. Əks halda qəssablar qiymətləri qaldıracaq. Rayon mərkəzlərində kifayət qədər avtomobillər var. Onların imkanlarından istifadə edib bu məsələni yoluna qoymaq olar, əgər AQTA-nın rayon şöbələri şəffaf çalışsalar. Həmçinin agentlik rəhbərləri qəssablarla danışıb onların problemləri ilə maraqlanıb, təkliflərini dinləməlidirlər. Ümumi bir qərar fonunda problemin həlli daha asan olar, nəinki pərakəndə halda çalışmaq”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da sallaqxanaların fəaliyyətinə nəzarət edilməsinin vacib olduğunu deyib və nəzarət cəhətdən ət kombinatlarının yaradılmasını müsbət hal kimi dəyərləndirib:

"Bu sahədə çox ciddi problemlər var. Paytaxt sanki qəssabxanaya dönüb. Harada gəldi, sağlamlığı məlum olmayan heyvanlar kəsilib, satılır. Bəzi ət kəsim yerlərinə təmizlik aparmaq üçün su belə çəkilməyib. Bəzilərinin isə nə soyuducusu var, nə də kəsilmiş ətlərin sağlamlığını təsdiqləyən baytar möhürü. Ancaq buna rəğmən yol kənarında heyvanların kəsim şəraitinə əməl edilməsə də, insanlar bazardan, mağazadan çox, gözlərinin qarşısında kəsilmiş əti almağa üstünlük verirlər. Bunun əsas səbəbi insanların baytar möhürünə olan inamsızlığı ilə bağlıdır. Ona görə də düşünürəm ki, AQTA nəzarəti elə formada həyata keçirməlidir ki, istehlakçılarda inam yaransın”.

E.Hüseynovun sözlərinə görə, diri heyvanlar şəhərə buraxılmasa, Bakıdakı qanunsuz heyvan kəsimi yerləri avtomatik olaraq yığışdırılacaq. AİB sədri onu da bildirdi ki, ət kəsiminin şəhərdən kənar məntəqələrdə aparılması əhəmiyyətli addımdır. Amma burada problem əhalinin inamını qazanmaqla bağlı ola bilər:

"Baytarlar gərək bu yeni başladıqları işdə istehlakçıların inamını qazana bilsinlər. Baytarlar əhalinin inamını qazanmalıdırlar ki, doğrudan da, ekspertiza aparılır və təhlükəli mal Bakıya daxil olmur. Bu cür inam olarsa, əhalidə təmiz, sağlam mal satılan yerlərə tələbat yaranar”.

Şəymən





SON XƏBƏRLƏR

2019-06-17
2019-06-16