2019-01-12 19:05:28   |   159 dəfə oxunub

Hərəkətdə olan təcili yardım maşını yolda halı pisləşən xəstəyə də kömək etməlidir



Kamran Mahmudov adlı sosial şəbəkə istifadəçisi öz paylaşımında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının fəaliyyətini tənqid edib: 

"Yaşlı kişinin halı pisləşib. Təcili yardıma xəbər verdikləri vaxtdan həmin ərazidən bir neçə təcili tibbi yardım maşını keçsə də, heç biri saxlamayıb. 20 dəqiqə sonra isə Yol Polisinin köməkliyi ilə xəstəni aparıblar”.

Sözügedən paylaşım feysbukda ciddi müzakirəyə səbəb olub ki, təcili tibbi yardım xidməti hansı əsaslarla işləyir, yəni qadağa var ki, çağırışsız yolüstü xəstə götürə bilməz? Niyə götürməyib? Heç olmasa həkim düşüb yerdə müdaxilə edə bilməzdi?

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov isə "Şərq”ə açıqlamasında nadir hallarda təsadüf olunan bu hadisələrin insanlar arasında müəyyən narazılıq yaratdığını deyib: 

"Təcili yardım maşınları əksər hallarda çağırışa çıxırlar. Hazırda isə virus epidemiyalarının yayılması ilə əlaqədar müraciətlərin sayında xeyli artım müşahidə olunur. Amma Təcili tibbi yardım xidmətinin daxili qaydalarına görə, hərəkətdə olan təcili yardım maşınında xəstə yoxdursa, saxlayıb yol kənarında hansısa bədbəxt hadisə səbəbindən yaralanmış, ciddi xəsarət almış şəxsə kömək etməlidir. Dərhal bu barədə mərkəzi məlumatlandırmalıdır ki, çağırış üzrə başqa briqada göndərsinlər. 

Təbii ki, ağır xəstə üstünə gedən təcili yardım maşını yolda halı pisləşən xəstənin durumuna uyğun davranmalıdır. Eləsi var ki, keflidir, içib yolda özündən gedib. Belə situasiyalarda briqada əhəmiyyət vermədən yoluna davam edə bilər. Yox əgər aldığı çağırış arterial təzyiqlə bağlıdırsa, bu zaman saxlayıb yolda qalan xəstənin vəziyyəti ilə maraqlanmalı, mərkəzdən məlum ünvana başqa həkim göndərilməsini tələb etməlidir”.

Konkret hadisəyə gəldikdə isə Ş.Məmmədov deyib ki, yoldan keçən təcili tibbi yardım maşınları mütləq şəkildə saxlayıb xəstənin vəziyyəti ilə maraqlanmalı, onun tibbi durumuna uyğun qərar verməli idi.

Şəymən





SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18