2019-01-12 19:14:40   |   105 dəfə oxunub

"Həyatımızın əksər hissəsi pulla ölçülməyə başlayıb"

Baba Vəziroğlu: "Yenə də kapitalizmə, pula satılmayan, paklıq, təmizlik ədəbiyyat, söz sahəsində qalıb

"Bazara işləməyənlərin faiz göstəricisini araşdırsaq, onların 90 faizi ədəbiyyat insanlarıdır, sözə dəyər verən insanlardı. O mənada kimə istəsələr toxunsunlar, ədəbiyyata toxunmasınlar"



Son vaxtlar ədəbi mühitdə baş verənlər müzakirələrə səbəb olur. İstər sosial şəbəkələrdə, istər mətbuatda ədəbi mühitin bəsitliyindən, primitivliyindən çox danışılır. Xüsusilə də mahnıların mətnlərində olan bayağılıq, heç bir məntiqə sığmayan söz yığınağı ədəbi mühitdə olan insanları da narahat etməyə başlayıb. Mövzu ilə bağlı, şair-publisist, bir çox mahnıların söz müəllifi Baba Vəziroğlu "Şərq"ə danışdı.

- Bir mahnının sevilməsində musiqinin nə qədər rolu varsa, mahnının mətni də o qədər təsir gücünə sahibdir. Bu gün musiqilərimizdə mətnlərin primitivliyi narahatlıq yaradır.

- Ən qısa cavabım ola bilər. Kor atın kor da nalbəndi olur. Mahnının musiqisi bayağıdırsa, onun sözləri də özünə yaraşan olacaq. Oxuyanı lap o bayağı musiqinin səviyyəsində olur. Səviyyəli müğənni heç vaxt səviyyəsiz mahnı oxuya bilməz. Bu gün yazılan melodiyasız mahnılar, bayağı mahnıların eyni səviyyədə primitiv mətnlərlə ifasını normal qarşılamaq lazımdır. Bu gün səslənən mahnılar «darıxdım», «öldüm», «kəsdim» kimi ifadələrlə doludur.

- Son vaxtlar sosial şəbəkələrdə dəbdə olan terminlərə, texnoloji ifadələrə mahnıların mətnlərində də rast gəlinir.

- Bilirsiz, bu gün mənəvi dəyərlərimizi itirmişik. Biz tamamilə başqa bir cəmiyyətdə yaşayırıq. Həyatımızın əksər hissəsi pulla ölçülməyə başlayıb. Mənəvi dəyərləri pulla satın almaq dönəminə gəlmişik. Müqəddəs bildiyimiz dəyərləri itirmişik. Tez-tez eşidirik ki, hanı əvvəlki musiqilər? Biz hansı həyatı yaşayırıqsa, elə musiqilərimiz də o mühitə uyğun yaranır. Biz bu gün elə bir cəmiyyətdə yaşayırıq ki, onunla ayaqlaşmağa məcburuq. Biz necə yaşayırıqsa, o səviyyədə yaşam tərzimiz, ədəbiyyatımız, incəsənətimiz də özünü göstərəcək.

- Ədəbiyyat demişkən, ədəbi mühitimizdə necə, o dəyərlər qalıbmı?

- Mən məsuliyyətlə deyirəm ki, yenə də ədəbi mühitimizdə az-çox mənəvi dəyərlər qalıb. Yenə də kapitalizmə, pula satılmayan bəlkə də yeganə sfera ədəbi sahədir. Bir az paklıq, təmizlik ədəbiyyat, söz sahəsində qalıb. Qalan bütün sahələr vəhşi kapitalizmin qanunlarına boyun əyib. Bu mənada digər sahələrə baxanda ədəbi sahədə təmizlik hələ də qalıb. Yenə də bu gün öz sözünü deyən, ədəbi mühitə qulluq edən, ona xəyanət etməyən gənclərimiz yetişir. Köhnə qvardiyadan danışmırıq. Onlar öz mənəviyyatlarına sadiqdilər. Amma hələ də sözə qulluq edən gənclərimiz var. Təəssüf ki, musiqidə bu qalmayıb, incəsənətin bir çox sahələrində o saflığı görə bilməzsiz. Amma ədəbiyyat sahəsi hələ də mənəvi dəyərlərin üstündə durmağa güc tapır. Bu gün hamı bazara işləyir. Bazara işləməyənlərin faiz göstəricisini araşdırsaq, onların 90 faizi ədəbiyyat insanlarıdır, sözə dəyər verən insanlardı. O mənada kimə istəsələr toxunsunlar, ədəbiyyata toxunmasınlar. Bircə o mühitdə saflıq var. Ora əl uzatmayın. Nə yaxşı ki, ədəbi mühitdə sözə qulluq edənlərin kökü kəsilməyib. Bütün sahələrdə «Haqqın yolu»nu tapıblar. Bir tikə çörək deyib mənəviyyatdan uzaq olmağa başlayıb insanlar. Kimsəni qınamıram da. Belə bir söz var, uşaqlar daha valideynlərindən çox zəmanəyə bənzəməyə başlayıblar. Hər kəs bazara mal çıxarır. Nəyə tələbat varsa, ona da maraq var. Ədəbi mühitdə də bazara işləyənlərin işi gedir. Kim ki bazara deyil, sözə xidmət edir, o insanlar da bazarda təxəyyül məhsullarını sata bilmirlər, məcbur qalıb sandıq ədəbiyyatı yığırlar.

- Sosial şəbəkələrdən aktiv istifadə edən yazarsız?

- Bu, zamanın tələbidir. Bu gün sosial şəbəkədən istifadə etmədən yaşamaq olmur. Mənim rəsmi səhifəmi dostlarım idarə edir. Amma yazışmaq üçün şəxsi profilim var. Ordan lazım olan insanlarla yazışıram, əlaqə yaradıram. Mən sosial şəbəkədə olmasam, bu cavanları, yeni yaranmış əsərləri, ədəbi prosesdə gedən təfərrüatları necə bilərəm? Ədəbi mühitdə bu gün baş verənləri ordan izləmək olur. Qələm dostlarımla sosial şəbəkələrdən hal-əhval tuturam. Bu gün dünyanın o biri başında olan qələm sirdaşımla rahat əlaqə yarada bilirəmsə, ondan necə imtina edə bilərəm? Bir anın içində istənilən yaxınımla əlaqə yaradıramsa, niyə bu vasitədən imtina edim? Mən hərdən deyirəm ki, sosial şəbəkəni yaradan insanın atasına rəhmət olsun ki, bunu yaradıb. Təbii ki, sosial şəbəkələrin mənfi tərəfləri də var. Amma müsbətləri daha çox köməyimizə çata bilir.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2019-01-18