2019-01-12 21:06:34   |   164 dəfə oxunub

20 dəqiqə limiti ləğv olundu, Avtovağzal rahat nəfəs alacaq

Taksilər tıxacdan qaçmaq üçün buranı keçid məntəqəsi kimi istifadə edirdilər

"Avtovağzal sahəsində təhlükəsizlik öndə olan məsələdir. Çünki orda həm piyadaların, həm sərnişinlərin, həm də nəqliyyat vasitələrinin bir-biri ilə əlaqəsi həddindən artıq çox olanda təhlükəsizlik çətinləşir"



Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin girişi üçün verilən vaxt limitinin ləğv olunmasının səbəbi və yeni tariflər açıqlanıb.

Avtovağzalın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, tariflər istifadəçilərin xeyrinə dəyişdirilib və bundan əlavə, istifadəçilərə abunə kartları təklif olunur.

P.Məmmədovanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalına giriş-çıxış üçün verilən vaxt limiti (0-20 dəqiqə) ötən ayın 1-dən etibarən tətbiq olunan yeni qaydalardan sonra ləğv olunub: "Bildiyiniz kimi, Avtovağzal ərazisinə 2 tərəfdən giriş mövcuddur. Bu səbəbdən tıxaca düşmək istəməyən sürücülər yuxarı girişdən Avtovağzala daxil olaraq, buranı keçid məntəqəsi kimi istifadə edirdilər. Avtovağzal özəl ərazidir, qeyd etdiyim məqsədlər üçün buradan istifadə edən sürücülər xaos yaranmasına səbəb olurdu. 

Yaranan sıxlıq sərnişinlərin Avtovağzal ərazisində rahat hərəkətinə çətinlik yaradırdı. Ərazini keçid məntəqəsi kimi istifadə edən sürücülərin, eyni zamanda sərnişin qismində müştəri cəlb etmək üçün Avtovağzala daxil olan taksilərin yaratdığı qarışıqlıq əllərində yükü olan, səfərə çıxmağa hazırlaşan sərnişinlərin Avtovağzalın giriş hissəsinə daxil olmasına imkan vermirdi. Avtomobilini daha uzaq yerdə saxlayıb, yüklərlə o qədər məsafə qət etmək isə sərnişinlərin təbii narazılığına səbəb olurdu”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, vətəndaşın Avtovağzala daxil olması, perrona qalxıb bilet alması və ya hər hansı bir yaxınını yola salması 20 dəqiqədən artıq vaxt tələb edir. Bu da o deməkdir ki, girişin 0-20 dəqiqə pulsuz olması ərazinin yuxarıda qeyd edilən məqsədlərlə istifadəsinə gətirib çıxarırdı:

"Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtomobillərin giriş-çıxışı üçün nəzərdə tutulan yeni tariflər belədir: 0-2 saat (1 manat), 2-6 saat (2 manat), 6-12 saat (3 manat), 12-24 saat (4 manat). İstifadəçilər 30 manatlıq abunə kartı almaqla ay ərzində limitsiz istifadə haqqı əldə edə bilərlər".

Ölkəmizdə avtomobillərin dayanma və durması üçün vahid tarifin olmadığını deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə bildirib ki, Tarif Şurası bu məsələlərə o qədər də qarışmır:

 "Çünki elə məsələlər var ki, Tarif Şurası tərəfindən müəyyən olunur. Bəzi sahələrdəki qiymətlər isə müəssisənin özünə xasdır. Əlbəttə, bir çox yerlərdə həddindən artıq nəqliyyat vasitələri olursa, onları nizamlamaq çətindir. Bu zaman çalışırlar ki, qiymətləri qaldırsınlar. Bazar iqtisadiyyatı modelində bəzi məsələləri biznes səviyyəsinə gətirəndə tələbat həddindən artıq çoxdursa, ona uyğun olaraq qiymətləri artırırlar. Əgər tələbat azdırsa, qiymətlər bir qədər aşağı düşür ki, həmin tələbata uyğun olaraq müəyyən qədər mənfəət əldə edə bilsinlər. Eyni zamanda Avtovağzal sahəsində təhlükəsizlik öndə olan məsələdir. Çünki orda həm piyadaların, həm sərnişinlərin, həm də nəqliyyat vasitələrinin bir-biri ilə əlaqəsi həddindən artıq çox olanda təhlükəsizlik çətinləşir. Ona görə Avtovağzalda dayanacağın qiyməti özləri tərəfindən müəyyənləşdirilir. Qiymətlər müxtəlif vaxtlarda aşağı olanda heç kim bunun haqqında müsbət fikir söyləmir. Qiymətlər artan kimi reaksiya verirlər”.

Ekspert bildirib ki, Avtovağzal rəhbərliyi dayanacaq qiymətlərini müəyyənləşdirir və tariflər konkret olaraq Tarif Şurası tərəfindən müəyyən olunmadığı üçün bu, hüquqi cəhətdən zidd əməl hesab olunmur: 

"Tələbatın artması və azalmasından asılı olaraq qiymətlər artırılır. Ola bilsin ki, düz deyirlər. Məsələn, hər adamın 20 dəqiqə dayanması ilə bağlı monitorinq keçirmək olmur. Çünki orda hər nəqliyyat vasitəsinin dayanma və ordan çıxma vaxtını müəyyən etmək çox çətindir. Bir çoxları gəlib 20 dəqiqədən artıq dayanır. Bunu müəyyən etmək çətin olduğu üçün tarif müəyyənləşdiriblər.
Bakı şəhərində hamı istəyir ki, həm tariflər münasib qiymətdə olsun və sürücülər narazı qalmasın, həm də piyada-sərnişin sisteminə təhlükəsiz şərait yaradılsın. Sürücülər yeni qiymətdən narazıdılarsa və bu məsələ mürəkkəbləşəcəksə, qiyməti bir qədər aşağı sala bilərlər. Ümumiyyətlə, belə məqamlara ciddi qarışmaq olmur. Avtovağzaldakı qiymətlər qeydiyyata alınmalıdır. Həmin pullar birbaşa kiminsə cibinə getməli deyil. Gərək məsələni elə həll etsinlər ki, şəffaflıq olsun. Şəffaflıq olarsa, daha müsbət nəticələr olacaq”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-22