2019-01-12 22:09:07   |   146 dəfə oxunub

Vətəndaşlar aldanmasınlar

Evlərə gəlib "donuz qripi"nə qarşı dezinfeksiya aparanlar fırıldaqçılardır

"Belə bir məqam olsa, müvafiq qurumların əhaliyə müraciəti olardı. Əgər hansısa xəbərdarlıq yoxdursa, deməli, bu insanlar fırıldaqçıdırlar. Onlar baş vermiş hadisələrdən sui-istifadə edirlər"



Səhiyyə Nazirliyi Bakının müxtəlif yerlərində guya "donuz qripi”nə qarşı evlərdə dezinfeksiya işlərinin aparılması barədə yayılan xəbərlərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, belə bir iş həyata keçirilmir: "Lazım olan zamanlarda gigiyena və epidemiologiya mərkəzləri xəstəxana və məktəblərdə dezinfeksiya işləri apara bilərlər. Ancaq evlərin dezinfeksiya edilməsi həyata keçirilmir”.

Nazirlikdən qeyd edilib ki, "donuz qripi” ilə əlaqədar Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi sərhəd-keçid məntəqələrində dezinfeksiya işləri aparır. Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən əsasən avtomobillərin təkərləri dezinfeksiya edilir.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın "Şərq”ə açıqlamasına görə, əgər dezinfeksiya işini həyata keçirənlər dövlətin rəsmi strukturları tərəfindən göndərilməyibsə, belə adamları sadəcə olaraq fırıldaqçı adlandırmaq lazımdır:

"Bu cür hallarda ilk növbədə əhalinin özü diqqətli olmalıdır. Ən azı belə şəxslərdən müvafiq rəsmi sənəd tələb etməlidirlər. Vətəndaşlar öyrənməlidir ki, bu şəxslər hansı səlahiyyətlə evlərə gəlirlər və dezinfeksiya edirlər.

Belə bir məqam olsa, müvafiq qurumların əhaliyə müraciəti olardı. Müraciətdə bildirilərdi ki, ölkəmizdə «donuz qripi» təhlükəsinə qarşı evlərdə dezinfeksiya işləri görüləcək. Əgər hansısa xəbərdarlıq yoxdursa, deməli, bu insanlar fırıldaqçıdırlar. Onlar baş vermiş hadisələrdən sui-istifadə edirlər.

Bu cür adamlar hər zaman olur. Ölkədə elə bir mühit yaranıb ki, dələduzluq sanki həyat meyarına çevrilib. Eyni zamanda KİV-lər də belə məsələləri işıqlandırmalıdır ki, insanlar mövcud durumdan xəbərdar olsunlar”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2019-01-17
2019-01-16