2019-01-15 12:09:52   |   597 dəfə oxunub

"Biz Nəsimini Avropaya, dünyaya təqdim edə bilərik"

Əsəd Cahangir: "Görkəmli şəxsiyyətlərlə bağlı yubileylər, ildönümləri elan edilirsə, Məhəmmədhüseyn Şəhriyarın sözü ilə desək, işi iş bilənə tapşırmaq lazımdı"

Əgər Teymurləng Nəimini öldürməsəydi, Fateh Sultan Mehmet 5 min hürufini yanan tonqala atdırmasaydı, mən qəti əminəm ki, bu gün dünyanın mənzərəsi və insanlıq tamam başqa görkəmdə və daha gözəl olardı




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili «Nəsimi ili» elan etdi. Bununla bağlı imzalanmış sərəncamda İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu, Nəsiminin şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğu qeyd edilir. Və Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılır.

Prezidentin sərəncamı vətəndaşların böyük sevincinə səbəb olub. Bunu ictimaiyyətdə aparılan müzakirələr də sübut edir. Elm adamları, ədəbiyyat biliciləri «Nəsimi ili»nin elanının zərurətdən yarandığını deyir, hətta sadə insanlar da bu sərəncamın imzalanmasından doğan sevinclərini gizlətmirlər. Məlumdur, xalqımız şeirə, sənətə daim önəm verib, sənətkarların adını yüksək tutub. Nəsimi adı və Nəsimi poeziyası da xalqımız üçün əzizdir.

Amma bir sual düşündürücüdür. Görəsən, «Nəsimi ili» necə keçiriləcək, yenə də alışdığımız elmi konfranslar, «dəyirmi masa»lar, ayrı-ayrı elmi-bədii tədbirlərləmi sınırlanacaq, yoxsa fərqli nələrinsə şahidi olacağıq?

Həmsöhbətimiz ədəbi tənqidçi Əsəd Cahangir oldu:

- Prezident fərman verir. Yerdə qalan işlər artıq asılıdır bu sahəyə məsul olan təşkilatlardan – Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi… Nəsimi də daxil olmaqla, görkəmli şəxsiyyətlərlə bağlı yubileylər, ildönümləri elan edilirsə, Məhəmmədhüseyn Şəhriyarın sözü ilə desək, işi iş bilənə tapşırmaq lazımdı. Yaponiyanın inkişafı, dirçəlişi ibtidai sinif müəllimlərindən başlayıb. Sinif müəllimləri uşaqlara sadəcə (!) yaxşı dərs keçiblər, lazımi tədris veriblər. Peyğəmbərimiz Muhəmməd əleyhissalamın kəlamı var ki, uşaq yaşlarında öyrədilənlər heç vaxt yaddan çıxmır, sanki daş kitabələrə yazılmış kimi beynə həkk olunur. Dediyim odur ki, hər kəs bacardığı işdən yapışmalıdır. Nəsimini bilməyən, duymayan, Nəsimi işığından kənar bir şəxs onu necə təbliğ edə bilər?!

- «Nəsimi ili»nin layiqli başa vurulması üçün nələr edilməlidir?

- Nəsimi ilinin Nəsiminin adına layiq keçirilməsi üçün ilk növbədə orijinal istedad sahibləri lazımdır. Ötən əsrdə belə istedadlar meydana çıxdı. Mirzəağa Quluzadə «Böyük ideallar şairi» adlı monoqrafiyası ilə bu dahini bizə tanıtdı. İsa Muğanna «Məhşər» romanını yazdı. Həsən Seyidbəyli yenə də İsa Muğannanın ssenarisi əsasında «Nəsimi» filmini çəkdi (1973). Film Nəsiminin 600 illiyi münasibətilə çəkilmişdi. Azərbaycanlılar Nəsimini daha çox «Nəsimi» filmi vasitəsilə tanıyıb sevdilər. «Məhşər»dən sonra «İdeal» romanı yazıldı. Və «Məhşər»in də, «İdeal»ın da mayası hürufiliyə söykənir. Yəni Nəsimi özündən sonra bizim ədəbiyyatımıza ötən əsrdə öz nəhəng töhfəsini verib. O romanların, monoqrafiyanın yazılmasından, filmin çəkilişindən görün neçə illər keçir. Artıq 21-ci əsrdəyik, amma Nəsiminin ədəbiyyata, ədəbiyyatşünaslığa təsiri daha görünmür. Hələ ki, görünmür, deyə də bilərik. Bilirsiz, kiminsə qarşısına tələb qoymaq da olmur. Kimi istedadlı olmağa təhrik etmək mümkündü?! Kimi məcbur edək ki, «Məhşər»in estafetini sən al?! Özündən əvvəlkilərin estafetini ələ almaq üçün ümumi filoloji, elmi təfəkkür inkişaf etməlidir. Hollivud filmlərinə baxın. 60-cı illərdə çəkilmiş fantastik filmlərin estafeti sonrakı illərdə necə davam etdirilib və etdirilməkdədi. Proses davam edir, dayanmır. Amma bizdə nəsimişünaslıq 1970-ci illərdə dayandı. Halbuki, bu məsələdə «mənim, sənin» anlayışı olmamalıdır. Hamı çalışıb öz töhfəsini verməlidir. Amma bizdə təcridolunma prosesi gedir. Sələf-xələf, varislik münasibətləri itib. Görün, İsa Muğannaya bu gün hansı münasibət var? Öz idraksızlıqlarını etiraf etməkdənsə, o dahiyə müxtəlif adlar qoyurlar. M.Quluzadənin yazdığı monoqrafiyadan yaxşısı hələ də yazılmayıb. Hürufilik açılmamış sandıqdı, sirlərlə dolu dünyadır. Amma biz o sandığı açmağa, o sirlər dünyasına dalmağa cürət belə etmirik. Türkiyədə isə 2012-ci ildə Nəiminin yeganə nüsxədə olan «Cavidannamə»si çap edildi. Ankarada. Bizimkilər özlərinə bir balaca əziyyət verib «Cavidannamə»ni Azərbaycan türkcəsinə sadələşdirməyə də cəhd etməyiblər. Ümumiyyətlə, bu barədə heç nə yazılmadı, danışılmadı.

- Sizcə, «Nəsimi ili»ndən istifadə edib onu dünyaya daha geniş tanıda bilərik?

- Bunun üçün ilk növbədə istedad və idrak lazımdır. Biz Nəsimini Avropaya, dünyaya təqdim edə bilərik. Məlumdur ki, avropalılar hər bir yeniliyin, təfəkkür inkişafının Avropaya xas olduğunda israr edir. Amma baxın, Nəimi də, Nəsimi də hürufilik fəlsəfəsini Avropada insan haqları, humanizm prinsipləri haqqında anlayış olmadığı bir vaxtda yazıblar və təbliğ ediblər. Əslində, Nəsiminin qəzəlləri Nəimi fəlsəfəsinə bədii-poetik illüstrasiyadır. Nəimi fəlsəfəsində və Nəsimi şeirlərində insanın aliliyi, humanizm özünün ən yüksək səviyyəsində təzahür edir. Hürufilik insandan sonrakı insan – fövqəlinsanı tanıdır. Biz hürufilik fenomenini açmalı və onu olduğu kimi Avropaya, bütün dünyaya təqdim etməliyik.

Əgər Teymurləng Nəimini öldürməsəydi, Fateh Sultan Mehmet 5 min hürufini yanan tonqala atdırmasaydı, mən qəti əminəm ki, bu gün dünyanın mənzərəsi və insanlıq tamam başqa görkəmdə və daha gözəl olardı. Necə ki, Gözəl Filipp Tampleyer ordeni üzvlərini edam etdirməklə Avropa elitasının başını kəsdi, eləcə də hürufilərin qətlə yetirilməsi ilə Şərq intellektuallarının başları vuruldu.

- İsa Muğanna «Məhşər»i tanınmaq, məşhur olmaq üçün yazmamışdı. Həsən Seyidbəyli də «Nəsimi» filmini çəkmək fikrinə düşəndə filmin gələcək taleyini düşünməmişdi, hər halda. O mənada ki, film uğurlu alınacaqmı, seviləcəkmi. İstedadın üzə çıxması üçün cəhd olmalıdır yəqin…

- Şübhəsiz. İstənilən halda cəhdlər olmalıdır. Azərbaycan tarixində həmişə bədii təfəkkür sıçrayışları olub. Nizami, Nəsimi, Füzuli, Xətai, sonrakı dövrlərdə Vaqif, Axundov… çox sadalaya bilərik. 20-ci əsrə gəlsək, ümumiyyətlə, dahilər sıralanır… 60-cı illərdən milli-bədii təfəkkürün dirçəlişi İsa Muğanna ilə başladı. Əlbəttə, cəhdlər olmalıdır, çünki sonda mütləq kimsə, bir nəfər, ya daha çox, kimlərsə üzə çıxacaq, seçiləcək və milli təfəkkürü irəli aparacaq.

- Bizdə adətən yubileylər, anım illəri «dəyirmi masa»lar, elmi konfranslarla başlayır, sonda isə bədii gecələr, konsert proqramları ilə bitir. Lap adisini düşünək. Nəsimi qəzəllərinə yazılmış mahnı müsabiqəsi elan etmək məgər mümkün deyil? Xatırlayırsınızsa, «O səs Türkiyə»də bir ifaçı Nəsiminin «Minnət eyləməm» qəzəlini gitarada ifa etdi, nəhəng alqışlar, tamaşaçı sevgisi qazandı və müsabiqədə birinci oldu. 

Ondan sonra həmin qəzəl hamının dilinin əzbərinə çevrildi. Əminəm ki, Azərbaycan insanının əksəriyyəti Nəsimi qəzəllərini «Nəsimi» filmində eşidib. Yadda saxladığımız da ancaq o qəzəllərdir, xüsusən də musiqi ilə oxunduğu üçün.

- Ona görə deyirəm ki, işi iş bilənə tapşırmaq lazımdır. AMEA öz sahəsinə aid işləri görsün, Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi özünə aid işləri. Hər şey etmək olar. Nəsimi sonu görünməyən dəryadır. İstəsə, hər kəs bu dəryadan nəsibini ala bilər.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-24