2019-01-17 12:27:46   |   128 dəfə oxunub

Yaxın Şərqdə vəziyyət dəyişir

Qərbin bəzi siyasi dairələri Əsədi güc olaraq qəbul etməyə başlayıb

"Bölgədə aparıcı güc sayılan ABŞ səhnədəki oyunçulara təzyiq etməklə ya öz tərəfinə çəkməli, ya da diplomatik yolla onların da mənafeyinin təmin olunacağına inandırmalıdır"



Yaxın günlərdə Türkiyə Silahlı Qüvvələrinin Suriyaya növbəti hərbi əməliyyatı gözlənilir. Bəzi ekspertlərə görə, Amerikanın hərbi qüvvələri Suriyada olduğu müddətdə Türkiyənin ora qoşun yeritməsi mürəkkəb məsələdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, bütün çıxışlarında Suriyaya qəfil daxil ola biləcəklərini bildirir. Amma o da məlumdur ki, Türkiyə Suriyaya daxil olarsa, müttəfiqi ABŞ-la üz-üzə qala bilər. Əgər bu baş verərsə, münasibətlər gərginləşər. Ona görə də tərəflər ehtiyatlı davranmağa çalışır. Vaşinqtonda bəzi dairələr Türkiyəyə qarşı sərt addımların tərəfdarıdır. Ancaq Türkiyə qətiyyətlidir və terror yuvalarını təmizləmək istəyir.

Yaxın Şərqlə bağlı prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, Suriyada terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında fəaliyyət artıq dünyanın aparıcı güclərinə sərf eləmir. Ona görə də yeni oyun başlayır:

 "ABŞ və Türkiyə prezidentlərinin telefon danışığı deməyə əsas verir ki, tərəflər arasında gərginlik yaradan mövzular artmağa başlayıb. Ancaq bu da sirr deyil ki, tərəflər, qarşılıqlı olaraq, iqtisadi cəhətdən bir-birindən nə qədər çox asılı olursa, o qədər bir-birini qoruyur. Birtərəfli iqtisadi münasibət və əməkdaşlıq isə boyunduruğa gətirir. Ona görə də dövlətlər arasında iqtisadi münasibətdə "borclu borcunun sağlığını istəyər” prinsipinə əməl olunarsa, bu, tərəflərin təhlükəsizliyinə də müsbət təsir göstərər. ABŞ başda olmaqla beynəlxalq koalisiya hərbi qüvvələrini Suriyadan çıxarmağa başladıqlarını bəyan edir. Bu qüvvələr İŞİD-ə qarşı mübarizə və Bəşər Əsəd rejiminin devrilməsində suriyalılara yardım etmək üçün Suriyaya girdiklərini bildirirdilər. 

Ancaq fərqli mənzərə yaranmağa başlayıb. Sən demə, heç İŞİD adında elə bir ciddi qüvvə yox imiş. Çünki onların sayı, ona qarşı mübarizə aparan beynəlxalq koalisiyanın hərbi gücü və başqa bu kimi göstəricilərlə müqayisədə kiçik cinayətkar qrupa oxşayır. Bundan başqa, təbii olaraq, belə bir sual yaranır: 

"İŞİD var idisə, hara yoxa çıxdı?”. Deməli, belə ehtimal etmək olar ki, İŞİD adlı cinayətkar qrup hansısa dövlətin Suriyada və bölgədə qarışıqlıq yaratmaq üçün irəli sürdüyü bir layihə imiş. Bu layihədə qarşısına qoyduğu hədəfə yetişib. Ancaq böyük güclər Bəşər Əsəd hakimiyyətini tam devirə bilməyib. Hətta Fransanın xarici işlər naziri Jan-İv Le Drian Suriyada onun prezident seçkilərində namizəd kimi iştirakını məqbul sayıb. Qərbin bəzi siyasi dairələri isə Əsədi güc olaraq qəbul etməyə başlayıb. Dünyada, eləcə də bölgədə aparıcı güc sayılan ABŞ səhnədəki oyunçulara təzyiq etməklə ya öz tərəfinə çəkməli, ya da diplomatik yolla onların da mənafeyinin təmin olunacağına inandırmalıdır”. 

Ekspertin sözlərinə görə, bölgədəki oyunçular arasında Əsəd istisna olmaqla daha çox tərəflə əməkdaşlıq edən, münasibət saxlayan Türkiyədir: 

"Elə zənn edilirdi ki, çox asanlılqa Əsədi devirib terrorçu YPG və PYD qruplaşmasının yuxuda belə görülməyən iddiası reallaşdırılacaq. Mərkəzi hakimiyyətin nəzarətindən çıxan Suriyada olduğu kimi, Türkiyədə də qarışıqlıq salmağa nail olacaqlar. Anadolunun cənub-şərq bölgəsində terrorçuların xəndəklər qazması, silah-sursat anbarı yaratması və başqa istehkam qurğuları quraşdırması bu xain hədəfə hazırlıq idi. Ancaq onların bütün qurğuları məhv edildi. Deməli, Türkiyə ilə bağlı planın bir hissəsi sıradan çıxarıldı. 

Rəsmi Ankara ölkənin suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Suriya ərazisində antiterror əməliyyatları keçirməyə başladı. Türkiyə ABŞ-dan Fərat çayının şərq hissəsində yerləşən YPG və PYD qruplaşmasının çıxarılmasını istəyir. Ancaq Prezident Donald Tramp və ondan əvvəl keçmiş dövlət başçısı Barak Obama məsələyə dair verdikləri vədə əməl etməyiblər. 

Əksinə, bu həftə Donald Tramp Türkiyəni hədələyib. O bildirib ki, "kürdləri vursalar”, Türkiyəyə iqtisadi sanksiya tətbiq edəcək. Lakin ona da cavab çox çəkmədi. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Donald Trampın Türkiyə ilə bağlı hədələyici bəyanatını dəyərləndirərkən deyib ki, ölkəsi kürdlərə bölgədə ən çox yardım edən dövlətdir. Göründüyü kimi, ABŞ tərəfindən Türkiyəyə qarşı ikibaşlı təzyiq var. Belə ehtimal etmək olar ki, Vaşinqton Ankaranı hədələyərək sanki vurğulayır: "Ya PKK-nın qollarını qüvvə olaraq qəbul elə, ya da iqtisadi sanksiyalar tətbiq edəcəyik”. Bu vəziyyətdə Türkiyənin qarşısında iki yol var, ərazi bütövlüyü və təhlükəsizliyini iqtisadi maraqlara qurban vermək, yaxud sanksiyaları qəbul edib ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda mübarizəni davam etdirmək. Görünür, rəsmi Ankara ikincini seçib”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-18