2019-01-17 16:36:48   |   143 dəfə oxunub

"İran Ermənistana qarşı tətbiq edilən təzyiq politikasına qoşulmalıdır" - Şərh

"Rəsmi Tehran Türkiyə kimi Ermənistanla diplomatik və iqtisadi əlaqələri kəsərək Azərbaycanın tətbiq etdiyi blokadaya dəstək verməlidir”



Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Zaman-zaman Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşma nümayiş etdirən rəsmi Tehranın da mövqeyində, ələlxüsus İrəvan hökumətinə münaisbətində dəyişiklik müşahidə olunmaqdadır. Məlumdur ki, son aylar Azərbaycan İranla əlaqələrini daha da genişləndirib. İki ölkənin rəhbərləri arasında mövcud olan isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərib. 

Nəzərə almaq lazımdır ki, Azərbaycan Qərb dünyasının İrana qarşı təcrid siyasətinə qoşulmayıb. Qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirib, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəməyib. Əlavə olaraq Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri ikili əlaqələri daha da gücləndirib. Təsadüfi deyil ki, yanvarın 16-da İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri də açıqlamasında "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” deyə açıqlama verib: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır”. Bu bəyanat İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

İranla qonşuluq münasibətlərinin inkişafını "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev bildirib ki, Tehran-Bakı münasibətlərində diplomatik səviyyədə heç bir problem yoxdur. Ekspertin sözlərinə görə, bu iki ölkə beynəlxalq hüquq və yaxın qonşuluq münasibətlərini mümkün qədər qoruyub saxlamağa çalışırlar: 

"Düzdür, bu münasibətlər etik normadan o tərəf keçmir. Əslində İran və Azərbaycan münasibətləri "soyuq qonşuluq " xarakteri daşıyır. İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin bəyanatları artıq dünyanın ən güclü dövlətləri tərəfindən də sələndirilir. İran da bu axından geri qalmamaq üçün növbətçi bəyanat verib. Fikrimcə, İran və Azərbaycan münasibətləri yenidən qurulmalıdır. Tehran dərk etməlidir ki, Azərbaycan regionda ona ən yaxın dövlətdir və heç vaxt İrana arxadan zərbə vurmayacaq. 

Heç bir dövlət Azərbaycandan sui-istifadə edərək İrana qarşı qaldıra bilməyəcək. Biz İranla yalnız yaxşı qonşuluq şəraitində yaşamamalıyıq, həm də dost və qardaş olmalıyıq. Bundan ötrü ilk növbədə İran Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi təzyiq politikasına qoşulmalıdır. Rəsmi Tehran Türkiyə kimi Ermənistanla diplomatik və iqtisadi əlaqələri kəsərək Azərbaycanın tətbiq etdiyi blokadaya dəstək verməlidir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-18