2019-01-17 16:41:17   |   162 dəfə oxunub

Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranıb: Region ölkələri Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir

Qonşu ölkələr güclü, bölgənin lideri olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır, iqtisadi cəhətdən zəif, siyasi kataklizmlərin baş verdiyi, xaosun yaşandığı Ermənistanla deyil




30 ilə yaxındır davam edən Qarabağın işğalı faktı hər zaman olduğu kimi bölgəyə təhdiddir. İşğalçılıq siyasətini davam etdirən, sülh danışıqlarında maraqlı olmadığını ortaya qoyan Ermənistan artıq bölgədə ikrah doğurur. Cənubi Qafqazda sabitlikdə maraqlı olan ölkələr, xüsusən də qonşu dövlətlər, Azərbaycanın tərəfindədirlər. Bu da təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı siyasətin nəticəsidir. Rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırdığı hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir.
Məsələ burasındadır ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi.

Xatırladaq ki, Azərbaycan və Rusiya Prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər. Ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir.
Eyni zamanda Azərbaycan müstəqillik illərində Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olub. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi "bir millət iki dövlət” şüarına yeni məzmun gətirib.

Eləcə də digər qonşu dövlətlər, İran və Gürcüstanla ölkəmizin yüksək münasibətləri mövcuddur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan region ölkələri ilə əlaqələrini inkişaf etdirməklə, onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Digər tərəfdən Azərbaycan, işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirməkdədir. İşğalçı Ermənistanın siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynadı. Bu gün Azərbaycanın region ölkələri ilə strateji tərəfdaşlığı inkişaf edir, onun beynəlxalq nüfuzu artır Ermənistanın xarici siyasətində isə ciddi geriləmə müşahidə olunur.

Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən də onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edir. Faktiki olaraq bu gün Ermənistanda rusofobiya artıb. Bu da səbəbsiz deyil. Artıq Rusiyanın siyasi dairələrində Ermənistana qarşı formalaşan antipatiya, Rusiyanın Ermənistana verilən təbii qazın qiymətini yüksəltməsi, İranın Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina etməsi nümunələrini göstərmək olar.

Bütün bunlar regionda yeni reallığın yarandığını göstərir. Yeni reallıq isə budur - güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan və öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan.
Beləliklə də söyləmək çətin deyil ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin yaratdığı yeni reallıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.

Analitiklər hesab edirlər ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı region dövlətlərinin Azərbaycana dəstəyi çox vacib amildir.

Analitik İlqar Vəlizadə "Sherg.az”a deyib ki, Rusiya, Türkiyə, İran və eləcə də Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: 

"Bu çox vacib faktordur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Region ölkələri də güclü, bölgənin lideri olan Azərbaycanla əməkdaşlıqda maraqlıdır, iqtisadi cəhətdən zəif, siyasi kataklizmlərin baş verdiyi, xaosun yaşandığı Ermənistanla deyil. Beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Qarabağın erməni separatçıları tərəfindən işğalını sübut edən onlarla sənədlər, qətnamələr mövcuddur. Bununla yanaşı Azərbaycanın güclü ordusu var. Ordumuz hər an torpaqlarını güc yolu ilə də olsa qaytarıb, ərazi bütövlüyünü bərpa edə bilər. Bunu region ölkələri də anlayırlar. Bu da Azərbaycana dəstək verilməsində önəmli faktorlardan sayılır”.

Politoloq qeyd edib ki, regionda sabitlik hər bir dövlətin marağındadır: 

"Stabillik böyük iqtisadi layihələrin həyata keçirilməsində əsas şərtdir. Ona görə də, Türkiyə, Rusiya, İran Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdırlar. Türkiyə faktiki olaraq sərhədlərini Ermənistanla Qarabağ münaqişəsi, ermənilərin işğalçılığına görə bağlı saxlayır. Rəsmi Ankara dəfələrlə bildirib ki, münaqişə həll olunmadan sərhədlər açılmayacaq. Bu aydındır. Ermənistanın yeni hakimiyyətinin qərbmeyilli siyasəti Ruisyanı qıcıqlandırıb. İndi Rusiya elitası Ermənistanla bağlı başqa qənaətdədir. Bir detalı – "Qazprom”un Ermənistana verdiyi qazın qiymətini artırması Kremlin Yerevana münasibətini ortaya qoyur. Rusiya-Azərbaycan münasibətləri isə yüksək səviyyədədir. İqtisadi-siyasi əməkdaşlıq yüksələn xətlə davam edir. İranın Ermənistana qarşı mövqeyi də bizim xeyirimizədir. Bu günlərdə İran ordusunun yüksək çinli rəsmisinin Bakı səfərində "İran Qarabağı Azərbaycan ərazisi sayır, İran münaqişənin tezliklə həllində maraqlıdır” bəyanatı da bunun göstəricisidir. Təbii ki bütün bunlar Azərbaycan Prezidentinin mehriban qonşuluq siyasəti yürütməsinin, balanslı xarici siyasətinin nəticəsidir”.

Anar





SON XƏBƏRLƏR

2019-04-21