2019-01-17 17:00:13   |   166 dəfə oxunub

Rəsmi Tiflis Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir: "Gürcüstan Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlıdır"

Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın həyata keçirdiyi qlobal iqtisadi layihələr, ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionda iqtisadi və sosial rifahın, təhlükəsizlik və qarşılıqlı səmərəli əməkdaşlıq mühitinin yaranması və inkişafına mühüm təsir göstərir. Xüsusən də Azərbaycanla Gürcüstan arasında qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri mövcuddur və ölkələr arasındakı əlaqələr əsl regional əməkdaşlıq nümunəsidir. ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətləri mütəmadi surətdə yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq əlaqələri qurmuş, həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilib.

Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə mühüm məsələlərdə bir-birinin mövqeyini dəstəkləyir. Gürcüstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyini hər zaman dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın əsas problemi olan separatizmi pisləyir, bu ölkənin ərazi bütövlüyünün pozulmasını qeyri-qanuni və bəşəri prinsiplərə zidd hesab edir. Eyni zamanda, müasir dövrün reallıqları ölkələrimiz arasında müxtəlif sahələr üzrə daha möhkəm əməkdaşlığın qurulmasını və inkişaf etdirilməsini zəruri edir.

Azərbaycan-Gürcüstan münasibətlərinin hər zaman stabil olduğunu vurğulayan politoloq Qabil Hüseynli bu münasibətlərin formalaşmasında ölkə başçısı İlham Əliyevin böyük rolu və danılmaz xidmətləri olduğunu deyib. İkili münasibətlərin normal şəkildə davam etməsinin daha çox Gürcüstana lazım olduğunu vurğulayan politoloq Azərbaycanın Gürcüstan üçün önəmli bir dövlət olduğunu deyib: 

"Gürcüstanın ən çətin vaxtlarında Azərbaycan hökuməti onun yanında olub, bir çox problemlərinin həll edilməsində bilavasitə iştirak edib. Saakaşvili dəfələrlə deyib ki, Azərbaycan olmasaydı Gürcüstan dövlətçiliyi süquta uğrayardı. Burada heç bir şişirtmə yoxdur. Ruslar Abxaziya və Cənubi Osetiyanı işğal edib az qala Tbilisiyə doğru addımladığı zaman qazsız, işıqsız qalan Gürcüstanın bütün təminatını Azərbaycan öz üzərinə götürdü. Bundan əlavə digər sahələrdəki çatışmazlıqlarla bağlı humanitar yardımlar göndərdi”.
Azərbaycanın Gürcüstanı bütün beynəlxalq layihələrə qoşduğunu qeyd edən politoloq deyib ki, bu da onun büdcə gəlirlərinin xeyli hissəsini tamamlayır. Tranzit neft və qaz daşımaları, dəmiryol daşımalarını da hesabladıqda bu, Gürcüstan xəzinəsinə təxminən 42 faizədək gəlir gətirir. Belə olan halda çətin ki, Gürcüstan Azərbaycanla strateji əlaqələrini pisləşdirməyə doğru getsin, əksinə çalışacaq bu münasibətlər daha yaxşı və səmimi olsun: "Azərbaycanın təşəbbüskarı olduğu və maliyyələşdirdiyi beynəlxalq layihələrin hamısında Gürcüstan iştirak edir. Bakı- Tbilisi- Qars dəmiryolu layihəsini isə xüsusi qeyd etmək istəyirəm. Bu layihə Gürcüstanın qərbə açılan pəncərəsidir. Eyni zamanda da Gürcüstan Azərbaycan üçün vacib ölkə və əsas tranzit dəhlizidir. Məhz bu əməkdaşlıq və dostluq münasibətləri fonunda hər iki dövlət bir- birinin ərazi bütövlüyünü tanıyır və bir- birinə dəstək verir. Lakin bütün bunlara rəğmən bölgədə separatçılıq fəaliyyəti ilə məşğul olan Ermənistana münasibətdə Gürcüstanın mövqeyinin bir o qədər də prinsipal olmadığını düşünürəm. Saakaşvili dövrü ilə müqayisədə indiki rəhbərliyin prinsipiallığı aşağı düşüb. Xüsusən də Ermənistanın blokadası məsələsində Gürcüstan Azərbaycanla həmrəylik nümayiş etdirmir”.

Şəymən




SON XƏBƏRLƏR

2019-02-18