2019-01-17 18:49:08   |   139 dəfə oxunub

"Arzularımdan biri də Nəsiminin qəbrinin Azərbaycana gətirilməsidir" - Deputat



"Orta məktəb illərindən görkəmli şair, mütəfəkkir İmadəddin Nəsiminin şeirlərini həvəslə dinləyirdik. Onun haqqında film çəkilməsi bizi çox sevindirirdi”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, Nəsiminin yaradıcılığı və haqqında çəkilən bədii film onun gənclik idealına çevrilib: 

"Sonrakı illərdə xüsusi olaraq Hələb şəhərinə getdim və Nəsiminin məzarını ziyarət etdim. Çoxları bilmir, mən orada Nəsiminin saxlandığı qalaya, salındığı zindana girdim. Nəsiminin saxlandığı zindanın divarlarının eni 4 metr idi. Onun divara zəncirləndiyi yerə də baxdım. Həmçinin, meydanda edam edildiyi yeri gördüm. Şairin məzarının üstü örtülü idi. Məzarın arxasında "Seyid üş-şüara” adlanan kiçik qəbirstanlıq var idi. Oradakı məzarların baş daşları əmmamə formasında idi. Təsəvvür edin, Nəsiminin məzarı başında özümü saxlaya bilmədim, kövrəldim və dedim ki: "Yiyəsiz Nəsimi, sən qəribçilikdə tək qalmısan. 

Vətən sənə hayan olmur”. Gördüm, dar küçədə yerləşən evlərin pəncərələrindən ərəblər mənə baxır. Yəqin onlar hiss etdilər ki, mən Nəsiminin həmyerlisiyəm, ona görə belə ürək yanğısı ilə onun məzarı başında danışıram. İnanın, ən böyük arzularımdan biri Nəsiminin qəbrinin Azərbaycana gətirilməsidir. Allah xatirinə, bunu təklif kimi demirəm, indi hamı üstümə düşəcək. 

Təəssüflər olsun ki, hər sözümü kontekstdən çıxarıb ajiotaj yaradırlar. Sadəcə arzumu dilə gətirirəm. Necə ki, parlamentin iclaslarında Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı qurucuların məzarların ölkəmizə gətirilməsini arzu edirdik, eləcə də Təbrizdə əbədi uyuyan Xaqaninin, Beyləqaninin, Fələki Şirvaninin və başqalarının da məzarını Azərbaycanda görmək istəyirik. Onların məzarı torpağımız daha da müqəddəsləşdirərdi”.

T.Kərimli vurğulayıb ki, 50 il bundan qabaq dünyada YUNESKO səviyyəsində "Nəsimi İli” elan olundu və bu məqam xalqımızın başını uca etdi:

 "Nəsimi Cordano Burunodan yüksək olan bir mütəfəkkirdir. 600 il əvvəl ana dilimizdə şeirlər yazaraq dilimizin hakim olduğunu sübut etdi. Bu torpaqlarda türklərin məskunlaşdığını və öz dillərində yazıb-yaratdıqlarını ortaya qoydu. Hamı da onu sevdi. Nəsimi hər tərəfdə bizim "vizit kartımız” oldu”. Ona görə də 2019-cu ilin "Nəsimi İli” elan olunmasına görə cənab Prezidentə xüsusi təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda "Nəsimi İli” elan olunub.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-18