2019-01-17 20:07:34   |   181 dəfə oxunub

"Avropa Parlamenti lobbi dairələri və ermənipərəst qüvvələrin təsiri altındadır"



"Təəssüflər olsun ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycanla bağlı ənənəvi qərəzli mövqeyinə yenidən qayıtdı".

Bunu "Sherg.az"a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə”yə münasibət bildirərkən deyib.

Baş yazarın sözlərinə görə, ölkəmizdəki və beynəlxalq miqyasdakı bəzi dairələr son dövrlər gənc bir məhbusun ətrafında hay-küy salaraq Azərbaycanda guya insan haqlarının pozulması ilə bağlı ajiotaj yaratmağa cəhd göstərirlər:

"Amma bir sıra arqumentlər- Mehman Hüseynovun özünün həbsxanadan yazdığı müraciət, valideynlərinin onunla görüşməsi, avropalı diplomatların Mehmana baş çəkməsi, bizim hüquq müdafiəçilərmizin onunla görüşməsi kimi faktlar ortaya qoydu ki, bu gəncin aclıq aksiyası keçirməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil və şişirdilmiş məsələdir. Təəssüflər olsun ki, AP-da bu oyunlara uydu. Görünür, həqiqətən də Azərbaycanın çox əhəmiyyətli mərhələdə olduğu bir vaxtda bu təşkilatın işinə təsir göstərən, müəyyən lobbi dairələri və ermənipərəst qüvvələr bu dəfə də AP-a məlum qətnamənin qəbul edilməsinə dair sifariş verib".

A.Quliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan çox əlverişli vəziyyət gəlib və bütün dünya dövlətləri, eyni zamanda həlledici güc mərkəzləri Azərbaycanın tərəfindədirlər:

"Ermənistana təzyiq göstərmək mərhələsi artıq başlayıb. Belə bir şəraitdə Avropa Parlamentinin Mehmanın işi ilə bağlı dövriyyəyə girməsi və Azərbaycana qarşı belə bir qətnamə qəbul etməsi beyəlxalq miqyasda Azərbaycanın xeyrinə yaranmış əlverişli şəraiti məhv etmək məqsədi güdür. Diqqəti daha çox Azərbaycana yönəltməklə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair əldə etdiyi üstün mövqeyi neytrallaşdırmaq istəyirlər. Bu da bir daha o qənaətə gəlməyə əsas verir ki, AP həqiqətən də müəyyən siyasi dairələrin və ermənipərəst lobbinin təsiri altındadır. Mehmanla bağlı sənədin qəbul olunmasına yalnız bu konteksdən yanaşmaq lazımdır. Əks halda sual yaranır ki, əgər M.Hüseynovla bağlı həbsxanada hər hansı bir narahatlıq yoxdursa, onun barəsində deyilənlər faktlarla təkzib olundusa, M.Hüseyovun ailəsinin təqib olunmaması sübut olundusa, ittihamlar təsdiqini tapmadısa, AP niyə bu qətnaməni qəbul etdi ? Çünki bu addımın arxasındakı niyyət Azərbaycan dövlətini hədəfə çevirməkdi. Amma sonda bu qərəzin də əsl mahiyyəti üzə çıxacaq və AP pis vəziyyətdə qalacaq".

Ayyət Əhməd









SON XƏBƏRLƏR

2019-04-21