2019-01-18 18:17:19   |   130 dəfə oxunub

Bu il övladlığa götürmə prosesi elektronlaşdırılacaq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, bunu nazir Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

S.Babayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək, "Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək” deyə bildirib.

Nazir diqqətə çatdırıb ki, iclasda Prezident İlham Əliyev tərəfindən ƏƏSMN üzrə müəyyən olunan bütün vəzifələrin yüksək səviyyədə icrası təmin ediləcək. Prezidentin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox - 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçımızın mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.

S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq 5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev özünüməşğulluq proqramının geniş vüsət aldığını qeyd edərək "Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var” deyə vurğulayıb. Cari ildə özünüməşğulluğa cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradan ailələrin sayı daha da çoxalacaq. Proqramın icra mexanizminin təkmilləşdirilməsi, sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların bu proqramda iştirak səviyyəsinin artırılması diqqətdə saxlanacaq.

Ötən il əmək müqavilələrinin sayının 91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə - pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf odur ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət sistemləri fəaliyyət göstərsin.

Nazir vurğulayıb ki, ƏƏSMN üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin – dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsini nəzərdə tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və "DOST” mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk "DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək.

S.Babayev həmçinin Prezident İlham Əliyevin 5 sentyabr tarixli Fərmanı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdıran "e-sosial” internet portalının, "Məşğulluq” altsisteminin yaradıldığını deyib. O bildirib ki, Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemi özündə konkret xidmət istiqamətləri üzrə 18 alt sistemi əhatə edir ki, bu da həmin sistemin geniş funksionallığını göstərir.

S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov hesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmalarının 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artımın qeydə alındığı və bu istiqamət üzrə proqnozun icrasının 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşəyönümü məsləhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğu, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənildiyi qeyd edilib. Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsinin, Əmək Məcəlləsinə dəyişikilklər layihəsinin hazırlandığı, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlandığı qeyd olunub.

Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.

Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və "DOST” mərkəzlərinin yaradılması, "İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə fəxri adlar və medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.




SON XƏBƏRLƏR

2019-02-18