2019-01-19 11:51:43   |   791 dəfə oxunub

20 Yanvar hadisələri böyük tədqiqat materialıdır

Vaqif Abışov: "Azadlıq, istiqlal mübarizəsinə, xalqın birliyinə dil uzadanlar sadəcə, insanlıqdan uzaqdırlar"

"Necə ki, 1918-ci ilin mart soyqırımları ilə bağlı tarixi həqiqətlər üzə çıxır, eləcə də 20 Yanvar hadisələri illər keçdikcə daha da aydınlaşacaq, tarixi faktlar üzə çıxacaq"




Xalqımızın şanlı salnaməsi – 20 Yanvarın 29-cu ildönümü qeyd edilir.

Təəssüf ki, Azərbaycanın dövlətçilik və müstəqillik tarixinə şəhidlərimizin qanı ilə yazılmış bu şərəf səhifəsini «qaralamağa» çalışanlar bəzən boy göstərməyə çalışır. Belələrinə xalqın özü 20 Yanvar günü şəhidlərin ruhunu ehtişamla anmaqla layiqli cavabı verir. 20 Yanvar hadisələri həm də tarixçilərin tədqiqat mövzusu olmalıdır və yəqin ki, hələ uzun illər bu tarixlə bağlı araşdırmalar davam edəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov 20 yanvarla bağlı fikirlərini «Şərq»lə bölüşdü:

- Zərdüşt Əlizadə kimi adamlar həmişə olub. Düşünürəm ki, damarında azərbaycanlı qanı axan bir insan heç vaxt Azərbaycan xalqını aşağılayacaq bir fikir işlətməz. Ancaq nə edəsən ki, belə adamlar da tapılır və xalqımızın istiqlal mübarizəsinə, azadlıq, müstəqillik ideyalarına qara yaxmağa çalışırlar. 20 Yanvar gecəsi küçəyə çıxanlar nəyəsə etiraz olaraq çıxmışdılar. İstisna etmirəm, bəlkə kimsə aparılan mücadilənin böyüklüyünü, ülviliyini olduğu kimi dərk edə bilmirdi. Amma ən azından bu insanlar küçələrə axışanlara dəstək olmaq üçün, xalqla birlikdə, birgə olduqlarını sübut etmək üçün küçəyə çıxmışdılar. Bu hiss insanın içindən gəlməlidir. Ölkənin taleyi həll olunan bir vaxtda evdə oturmayıb, xalqla həmrəylik nümayiş etdirmək əsl qəhrəmanlıqdır və Azərbaycan xalqı da 20 yanvar gecəsi bunu sübut etdi. 20 Yanvardakı azadlıq, istiqlal mübarizəsinə, xalqın birliyinə dil uzadanlarsa, sadəcə, insanlıqdan uzaqdırlar. Mən təəccüblənmirəm. Zərdüşt Əlizadə kimiləri «ənənəvi» amplualarındadır.

- Vaqif müəllim, 20 Yanvara sizin yanaşmanız necədir?

- 20 Yanvar hadisəsi nəhəng bir imperiyanın – sovetlər birliyinin çöküşündən yarandı. Bilirik ki, müstəqillik ideyaları 1985-ci ildən pərvazlanmağa başlamışdı. O zaman Mixail Qorbaçovun ortaya atdığı «yenidənqurma» prosesi Sovet İttifaqının bir çox respublikalarında milli dirçəliş ideyalarının yayılması ilə müşayiət olundu.

Pribaltika, Qazaxıstan, Gürcüstan hadisələri sovet imperiyasının artıq çürüdüyünü göstərirdi. Bir çox respublikalarda başa düşürdülər ki, SSRİ adlı gəmi batmaq üzrədir və heç kim də batmaq istəmirdi.
Azərbaycan da istisna olmadı. Çünki bizdə onsuz da həmişə müstəqillik, istiqlal istəyi vardı. 70 illik sovet işğalı bizə Xalq Cümhuriyyətini unutdura bilməmişdi. 1988-ci il hadisələri isə alışmaqda olan tonqalı sanki alovlandırdı. Ermənilər artıq torpaq iddialarına başlamışdı, soydaşlarımız dədə-baba torpaqlarından qovulmuşdu. Qaçqınların yalnız bir hissəsi o zaman Dağlıq Qarabağa yerləşdirildi. Məlumdur ki, bu da səhv bir siyasət kimi sonradan acı nəticələrini göstərdi. Lakin hələ o zaman ermənilər Ermənistan qaçqınlarının Qarabağa yerləşdirilməsindən hədsiz narahat idilər. Xankəndindəki mitinqlər də məlum faktlardır. Mərkəzi hökumət – Moskva isə Qorbaçovun timsalında erməniləri müdafiə edirdi. Bu məsələdə xalqdan uzaq düşmüş Azərbaycan hökumətindən də öz maraqları üçün istifadə edirdilər. Siyasi rəhbərlikdən ölkənin, xalqın xeyrinə bir reaksiya olmayınca, xalq özü meydanlara çıxdı. Məlum Meydan hərəkatını xatırlayaq. Təkcə Bakıda deyil, bölgələrdə də etiraz mitinqləri keçirilirdi. Etirazlar müxtəlif formalarda özünü göstərirdi. Bəzi yerlərdə sərhəd dirəkləri söküldü, bəzi yerlərdə idarəçilik ələ keçirildi. Yəni kimin nəyə gücün çatırdısa, kim necə bacarırdısa, mərkəzi hökumətə etirazını bildirirdi. Azərbaycan xalqı faktiki rəhbərsiz, başçısız idi və bu da Mərkəzi hökumətin xalqa divan tutması ilə nəticələndi. Mən 20 Yanvarı xalqın kütləvi oyanış, dirçəliş tarixi, istiqlal yolunda atılan əvəzsiz bir addım hesab edirəm. 20 Yanvar şəhidləri, istiqlal yolumuzun qurbanlarıdır.

- Vaqif müəllim, bəzən 20 Yanvar şəhidləri haqqında azadlığa aparan yolun ilk qurbanalrı ifadələri işlədilir. Amma biz bundan əvvəl ilk qurbanlarımızı səhv etmirəmsə, Əsgəranda vermişdik; Əli ilə Bəxtiyarı…

- Tamamilə doğrudur. Mən də «ilk qurbanlar» kəlməsini ona görə işlətmirəm, çünki 20 yanvaradək artıq biz Qarabağda şəhid vermişdik. O günlərdə mən Qarabağa səfər etmişdim. 1988-ci ilin 26 noyabrında Şuşaya ərzaq aparan karvanda idim. O zaman Şuşa artıq təcrid olunmuş vəziyyətdə idi. Və təsəvvür edin ki, biz Şuşaya ərzaq yardımı aparırıq, mənim rəhbərliyim altında, rus əsgərləri bizi saxlayır, soruşurlar, kimsiniz, hara gedirsiniz. Yəni artıq sərbəst hərəkət imkanlarımız məhdudlaşdırılırdı. Biz də cavab verirdik ki, öz torpağımızdı, hara istəyirik gedə bilərik. Amma idarəetmə onların əlində olduğundan mane olmağa çalışırdılar. Həmin gün məni həbs etdilər və Xankəndinə apardılar, orada sorğu-sual etdilər. Bunlar hamısı Azərbaycana qarşı təxribatlar idi.

- Niyə məhz siz rəhbərlik edirdiniz maşın karvanına?

- O vaxt mən Lənkaranda yaşayırdım. Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) tarix fakültəsini bitirmişidm və təyinatla Lənkərana göndərilmişdim. Lənkəranda güclü xalq hərəkatı vardı. Qarabağa Yardım Komitəsi yaradılmışdı, Təşkilat Komitəsində mən də vardım. Hər cür maneələrə baxmayaraq yardımlarımızı yerinə çatdırmağa müvəffəq olurduq. Şuşaya aparılan ərzaq da maşın karvanının saxlanılmasına baxmayaraq əhaliyə çatdırılmışdı. O zaman bizə Ağdam milisi mühafizə də ayırmışdı. Onların köməyi ilə ərzağı Şuşaya çatdırmışdıq. Lənkəranda 1990-cı il yanvarın 10-da sovet hökumətinin qanunları artıq işləmirdi. Bu xəbər bütün SSRİ-yə yayılmışdı, Mərkəzi Komitədən nümayəndələr gəlirdi, «Komsomolskaya Pravda»nın müxbiri də Lənkərana gəlmişdi. Biz isə onlara başa salmağa çalışırdıq ki, ədalətsiz qərarlara etiraz edirik. Mərkəzi Komitənin ermənipərəst mövqeyinə qarşıyıq. Yanvarın 19-u günorta Azərbaycan Astarası ilə İran Astarası arasındakı sərhəd məftilləri söküldü. Nə qədər Vətən həsrətlisi Güney Azərbaycan torpaqlarına ayaq basdı. Heç yadımdan çıxmır, o taya keçənlər əyilib torpaq götürürdü, hətta torpaq udanlar da vardı. Demə, bunlar hamısı camaatın başını qatmaq üçünmüş. Müəyyən dərəcədə fürsət veriblərmiş əhaliyə. Yanvarın 20-si gecə isə xalqımıza divan tutuldu. Məlumdur ki, 20 yanvar gecəsi televiziyanın əsas enerji bloku partladılmışdı və Azərbaycan informasiya blokadasında idi. Amma biz Lənkəranda rabitədə olan «Araz» radiosunun efiri vasitəsilə 4 dildə bəyanat oxuduq. Lənkərandakı rus ailələri müdafiə olunurdu, təxribatların qarşısı alınırdı. Sonra Mərkəzi Komitə Lənkərana da silahlı hücum etdi. Sovet qoşunu yanvarın 25-dən 26-na keçən gecə Lənkərana daxil oldu, fəallar əhaliyə xətər toxunmasın deyə meşəyə çəkilmişdilər. Sovet əsgərləri meşəni atəşə tutdu, 6 nəfər öldürüldü, 63 nəfər həbs edildi. Sonra öyrənmişdik ki, həbs edilənlərdən bir neçə nəfəri müəmmalı şəkildə Ulyanovska aparılıbmış. Bunları danışmaqda məqsədim budur ki, Azərbaycan xalqının istiqlal mübarizəsi təkcə Meydan Hərəkatı və ya paytaxtdakı 20 Yanvarla məhdudlaşmır. Bölgələrimizdə çox qızğın azadlıq mücadiləsi aparılıb. Şəhidlərimiz olub.

- Necə bilirsiniz, 20 Yanvarla bağlı tarixi araşdırmalar davam etməlidirmi?

- Əlbəttə. 20 Yanvar hadisələri böyük tədqiqat materialıdır. Düzdür, 1994-cü il 29 martda Azərbaycan hökuməti 20 Yanvara siyasi qiymət verib. Lakin hesab edirəm ki, bu şərəfli tarixlə bağlı hələ uzun illər ciddi tarixi araşdırmalar, tədqiqatlar aparılmalıdır. Necə ki, 1918-ci ilin mart soyqırımları ilə bağlı tarixi həqiqətlər üzə çıxır, eləcə də 20 Yanvar hadisələri illər keçdikcə daha da aydınlaşacaq, tarixi faktlar üzə çıxacaq. Mən həmin dövrün hadisələri ilə bağlı «Elin səsi» qəzetində materiallar çap etdirmişəm. Ancaq bunlar bir qismidir. Sənədlər, tədqiq olunası materiallar hələ çoxdur.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2019-04-26