2019-02-09 14:35:41   |   210 dəfə oxunub

Vasitəçilər bu oyunlara "dur" deməlidirlər

Qarabağda "futbol yarışı" keçirmək beynəlxalq sənədlərə hörmətsizlikdir

"Ermənilərin “yarış” təşkil etməsi münaqişənin dinc yolla nizamlanmasına, danışıqlar prosesinə problem yaradır: “Separatçılığı dəstəkləmək və ya onun əl-qol açmasına yardım etmək heç bir beynəlxalq prinsipə uyğ




Məlumata görə, bu ilin iyun ayında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində separatçıların futbol yarışı keçiriləcək. Tanınmayanların Müstəqil Futbol Assosiasiyası Konfederasiyası 2013-cü ildə təşkil olunub. Onun mənzil-qərargahı İsveçdə yerləşir. Bu qurum Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası və Avropa Futbol Federasiyaları Assosiasiyası tərəfindən rəsmi olaraq tanınmır. Siyasiləşən yarışmada 12 komanda - Azərbaycanın "Dağlıq Qarabağ”, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, İtaliyanın Sardiniya, Padaniya, Türkiyənin Van bölgəsindəki "Qərbi Ermənistan”, Rumıniyanın Sekey diyarı, Finlandiyanın Laplandiya, Fransanın Nitsa, Albaniyanın Çameriya bölgələrindəki separatçıların komandaları iştirak edəcəklər.

Dağlıq Qarabağ bölgəsində keçiriləcək təxribatçı yarışla bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, vasitəçilərin sayəsində işğal altında olan Azərbaycan torpaqlarında separatçı cinayətkar rejim "çiçəklənir”, hətta müxtəlif tədbirlər belə keçirməyə çalışır: 

"Əslində, dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüquqa və Helsinki aktına əsasən sərhədlər toxunulmazdır. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə imzalayıb. Deməli, ərazi bütövlüyünün pozulması, yaxud bu istiqamətdə istənilən cəhd separatçılığın dəstəklənməsidir. Hər halda dünyada belə tədbirlər özbaşına keçirilmir. Bu yarışla siyasi təzyiqlər edilir. Qəbul edilən beynəlxalq sənədlərə hörmətsizlik göstərilir. 

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. "Yarışın” keçirilməsinə himayədarlıq edənlər separatçılığı da dəstəkləyiblər. Bu "komandalar”ı hansı dövlət maliyyələşdirir? "İştirakçılar”ın siyahısına baxsaq, bunu aydın görmək olar. Abxaziya, Cənubi Osetiya, Luqansk, Donetsk və Dağlıq Qarabağdakı separatçıları daha çox müdafiə edən dövlətlərin bu ideyanın reallaşmasını dəstəklədikləri istisna olunmur.

Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən dövlətlər, xüsusilə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ABŞ, Fransa və Rusiya hələlik məsələyə münasibət bildirməyib. Beynəlxalq ictimaiyyət çox yaxşı bilir ki, Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindəki münaqişələrin həllinin açarı Rusiyanın əlindədir. Onda belə qənaətə gəlmək olar ki, bu "yarış”ın Xankəndində keçiriləcəyindən Rusiya xəbərsiz deyil. 

Görünür, Fransanın Nitsa qraflığının "komandası”nın "yarışmada” iştirakı rəsmi Parisi narahat etmir. Bu qraflıq XIX əsrin sonlarında Fransaya birləşdirilib. Nitsanın bir milyondan çox sakini var. Düzdür, İtaliyanın bir hissəsi olsa da, Fransanın bu ərazisində silahlı münaqişə yoxdur və atəşkəs elan edilməyib. Xatırladaq ki, Fransanın Korsika əyaləti də müstəqil olmaq istəyir. Korsikalılar bu istiqamətdə mübarizələrini davam etdirirlər. Təəssüf ki, Fransa separatçılıq meyli ilə üzləşən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Xankəndində keçirilməsi nəzərdə tutulan "tədbir”lə bağlı münasibət bildirməyib. Ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçi rolunda olduğundan bu barədə mövqeyini ortaya qoyması vacibdir. Çünki münaqişənin həllində vasitəçi kimi ona hər iki tərəf etibar etməlidir. Ancaq Fransa belə mövqe sərgiləməklə vasitəçi olaraq nüfuzunu itirir”.

Analitikə görə, ermənilərin "yarış” təşkil etməsi münaqişənin dinc yolla nizamlanmasına, danışıqlar prosesinə problem yaradır: 

"Separatçılığı dəstəkləmək və ya onun əl-qol açmasına yardım etmək heç bir beynəlxalq prinsipə uyğun gəlmir. Bu "yarışma”nı Xocalı soyqırımı törədilən Azərbaycan bölgəsində keçirmək istəyirlər. Həmin soyqırımı isə Rusiyanın 366-cı motoatıcı alayının hərtərəfli yardımı ilə ermənilər törədiblər. Belə çıxır ki, yarışın keçirilməsinə dəstək verən dövlətlər, onu maliyyələşdirənlər Xocalı soyqırımının törədilməsinin məsuliyyətini ermənilərlə birlikdə bölüşürlər. 

Beynəlxalq vasitəçilər Azərbaycana torpaqlarını hərb yolu ilə işğaldan azad edib ərazi bütövlüyünü bərpa etməyə imkan vermir, münaqişənin dinc yolla həll olunmasının vacibliyini vurğulayırlar. Elə həmin vasitəçilər indiyədək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini bildirməyiblər. Vasitəçilər bu yolla Dağlıq Qarabağdakı erməni separatçı-cinayətkar qrupun Azərbaycanın ərazi bütövlüyünü pozmasına imkan və şərait yaradırlar. 

Odur ki, Xankəndində keçiriləcəyi nəzərdə tutulan "futbol qarşılaşması” daha çox ATƏT-in Minsk Qrupu həmsədrlərinin 25 illik oyunbazlıqlarının nəticəsi, törəməsidir. Bu, Helsinki aktına qarşı çıxmaq, separatçılığı maliyyələşdirmək, onu dəstəkləyib havadarlıq etmək, başını sığallamaqdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-26