2019-02-09 14:39:10   |   595 dəfə oxunub

Vüsal Hüseynovun canlı yayımını hamı bəyəndi

Sahib Məmmədov: "Ölkənin giriş qapısı hesab olunan bu sahənin ona həvalə olunması təsadüfi deyil: “Onun bu xidməti şəffaflığa olan inamı da artırır"

Osman Gündüz: "Təxminən 21 mindən çox insan canlı yayımı izləyib, 1100-dən çox bəyənmə olub, 285 nəfər onu paylaşıb, 500-dən çox şərh yazılıb"



Azər Allahverənov: "Mən də bu fürsətdən istifadə etdim və sualıma cavab aldım"

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk sosial şəbəkəsində sualları canlı yayımda cavablayıb. DMX rəisi təxminən bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib. Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V.Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir.

Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub. DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib: "Bildiyiniz kimi, hər ayın sonunda vətəndaşları qəbul edirik. Ancaq bu qəbulların gedişində vətəndaşlar çoxu özəl suallarla müraciət edirlər. Belə bir onlayn yayım vasitəsilə biz ölkə vətəndaşlarının əksəriyyətini maraqlandıran sualları dinləmək və cavablandırmaq istəyirik”.

Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında dəfələrlə yüksək vəzifəli məmurları ölkə vətəndaşlarının problemlərini daha diqqət və məsuliyyətlə həll etməyə, ictimaiyyəti isə dövlət qurumlarına vətəndaş nəzarətini gücləndirməyə çağırıb.

V.Hüseynovun bu addımı ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Sosial şəbəkə üzərindən ona ünvanlanan suallara, iradlara anında cavab verməsi sədrə xüsusi münasibət formalaşdırıb. Həmçinin də onun rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərməsinə inam yaradıb.

Hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun "Şərq”ə açıqlamasına görə, Dövlət Miqrasiya Xidmətinin rəisinin ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbilərlə müxtəlif ünsiyyət vasitələri var: "Onun bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırmasını effektiv bir addım hesab edirəm. Mən də sual verib, cavab aldım. Vüsal Hüseynov özü aktiv sosial şəbəkə istifadəçisidir. O həm şəxsi inboksuna yazılan sualları, həm də səhifəsinə yazılan sualları imkan daxilində cavablandırır. DMX-nin səhifəsinə yazılan suallar da avtomatik rejimdə cavablandırılır”.

Liqa sədrinin sözlərinə görə, DMX rəisi sosial şəbəkənin imkanlarından istifadə etməklə vətəndaşların bir sıra problemlərini həll edir. Əslində onun canlı yayıma qoşulması vətəndaşlarla qəbul keçirtməsi anlamına gəlir:

"Bu formatlı ünsiyyət davam etsə, DMX sədrinin qəbuluna gələn vətəndaşların sayı azalacaq. İnsanlar əlavə vaxt və enerji itirmədən maraqlandıqları suallara sosial şəbəkə vasitəsilə cavab alacaqlar. Elə adam var ki, rayonda yaşayır və qəbula yazılmaq, düşmək üçün günlərlə vaxt itirir. Bu format isə ona evində oturduğu yerdə Vüsal Hüseynovla öz dərdini izah etmək imkanı yaradır”.

V.Hüseynovun yeni təfəkkür daşıyıcısı olduğunu vurğulayan S.Məmmədovun fikrincə, ölkənin giriş qapısı hesab olunan bu sahənin ona həvalə olunması təsadüfi deyil: "Onun bu xidməti şəffaflığa olan inamı da artırır. Vətəndaşlarla birbaşa ünsiyyətdə olduğu üçün insanlar öz problemlərini izah edə bilirlər. Bəzən məmurlar qurum rəhbərinə nələrisə düzgün çatdırmaya da bilir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də V.Hüseynovun bu addımını təqdirəlayiq hal kimi dəyərləndirib: "Dövlət Miqarsiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbukda canlı yayım təşkil edib. Bir xeyli sualları cavablandırıb. Təxminən 21 mindən çox insan canlı yayımı izləyib, 1100-dən çox bəyənmə olub, 285 nəfər onu paylaşıb, 500-dən çox şərh yazılıb. Qabaqcadan verilən suallar da cavablandırılıb. Verdiyi cavablardan və açıqlamalarından da yalnız sual verənlər yox, minlərlə digər vətəndaşlar da faydalanıb”.

Xidmət rəisinin ona ünvanlanan sualları feysbuk sosial şəbəkəsində canlı yayımda cavablamasını nazirlərin və digər mərkəzi icra orqanları rəhbərlərinin regionlarda vətəndaşlarla keçirdiyi görüşlərlə müqayisə edən O.Gündüz deyib ki, sözügedən görüşlərdə əsasən qabaqcadan bəlli "şikayətçilər” müəyyən olunur: 

"Nazirliyin əməkdaşları, TV-lər və media regiona ezam olunur. Rayonların icra hakimiyyətləri, həmin qurumların regiondakı qurumlarının bütün resursları səfərbər olunur. Naziri qarşılamaq və yola salmaq üçün hazırlıqlar görülür. Xeyli vəzifəli şəxsin, idarə müəssisə əməkdaşlarının və adi vətəndaşların da vaxtı və resursları sərf olunur. Nəticədə, 5-10 nəfər qabaqcadan hazırlanan "şikayətçilərin” şikayətləri dinlənilir və müvafiq tapşırıqlar verilir. Bu iki görüş formatını müqayisə etdikdə, belə qənaətə gəlmək olar ki, dəfələrlə qeyd etdiyimiz kimi, 2-ci format özünü doğrultmur. Resurslar mənasız yerə xərclənir. Oflayn görüşlərdən, hətta deyərdim ki, regionlar xeyli ziyan çəkir. 

Rəhbər şəxslərin və onların tabeliyində olanların da zamanı əhəmiyyətsiz yerə xərclənir. Səmərəlilik və faydalılıq isə olduqca azdır. Odur ki, hazırda "optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə vəsaitlərinə qənaət” məqsədilə aparılan islahatlar çərçivəsində vətəndaşlarla görüşün daha effektiv və çevik mexanizmlərinin yaradılmasına, sosial media üzərindən olan görüşlərə üstünlük verilməsi də faydalı olardı. Bununla bağlı hökumət tərəfindən müvafiq qərar verilməsi, qabaqcadan rəhbər şəxslərin məcburi onlayn görüş qrafiklərinin müəyyən edilməsi də vacibdir”.

"Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov isə özünün feysbuk hesabında belə yazıb: 

"DMX yanında İctimai Şuranın sədri kimi, mən də bu fürsətdən istifadə etdim və son zamanlar bizim Şuraya daxil olan suallar arasında ikinci vətəndaşlığın əldə olunmasından sonra Azərbaycan Respublikasının aidiyyəti strukturlarının məlumatlandırmamaq və bundan irəli gələn məsuliyyətlə bağlı sual verdim. 

DMX rəisi özünün kompetensiyası daxilində mənim də sualımı cavablandırıb. Sualıma müfəssəl cavab və gələcəkdə bu mövzu ətrafından işçi qaydada müzakirələrin aparılacağına zəmanət verdiyi üçün Vüsal müəllimə dərin təşəkkürümü bildirirəm! Bu kimi nümunəvi fəaliyyətlərdə şəxsən cənab Rəisə və onun timsalında Dövlət Miqrasiya Xidmətinə yeni-yeni uğurlar arzulayıram!”.

Şəymən





SON XƏBƏRLƏR

2019-02-17