2019-02-09 19:57:48   |   349 dəfə oxunub

Nüşabə Ələsgərli Afətin cavabını verdi

"Sən pul qazanmaq üçün Nəsiminin qəzəlini ucuzlaşdıra bilməzsən"




"Mərasimdən çıxanda Manaf Ağayev şahiddi, gəldi yaxınlaşdı ki, Nüşabə xanım, siz Allah, üzr istəyirəm, bəs bayaq istəmədən səsimin tonunu qaldırdım. Sizi çox istəyirəm, üzr istəyirəm. Yəni bu insan kamera qarşısında oynamağı yaxşı bacarır"



Sənət aləmində qalmaqalların, söz-söhbətlərin tez-tez şahidi oluruq. Bəzən bunu piar məqsədilə etməyə çalışanlar da olur, gündəmə gəlmək üçün bu yoldan istifadə edənləri də görmüşük. Şou-biznesin növbəti qalmaqalı Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Afət Fərmanqızı arasında baş verib. Tədbirlərin birində müğənnilər arasında dava düşüb.
Qalmaqala səbəb Fərmanqızının son günlər Nəsiminin "Sığmazam" qəzəlinə yazdırdığı "Pəncü şeş" mahnısı olub.

Nüşabə Ələsgərli ifaçının oxuduğu mahnıya irad bildirib. Müğənni qəzəlin bu cür təqdim edilməsini düzgün saymadığını söyləyib. O, Afətə məsləhət verərək, düzgün yolda olmadığını və mahnısında sözləri dəyişməsini deyib.

Onun tənqidinə əsəbiləşən Afət sərt cavab verib və Nüşabəni onun paxıllığını çəkməkdə günahlandırıb: "Niyə dəyişim? Siz kimsiz ki, mənə bunu deyirsiz? Balamın canına and olsun, hamı paxıllıqdan edir. Xalqın adından danışmayın. Gündə instaqramıma 2 min "follow" gəlir. Xalq budur. Girib araşdırsınlar, bir dənə saxta izləyicim varsa, sənətdən gedim. Nüşabə xanımı da vurub keçmişəm".
Aparıcı İlahə Nizamiqızı araya girərək, Afəti sakitləşdirməyə çalışsa da, ifaçı Ələsgərli ilə mübahisədən əl çəkməyib. O, heç bir sənət adamının tənqidinə əhəmiyyət vermədiyini söyləyib: "Siz də qara geyinməyin, qırmızı geyinin. Mənim xoşuma gəlmir. Sizin sözünüz, "yeməyi sağla yox, sol əllə ye" sözünə bənzəyir. Bilirdim ki, tənqidləri yazdıran sənət dostlarımdır. İndi şahidi oldum. Məni Elnarə Abdullayeva dəstəkləyəndən sonra, heç kimin fikri önəmli deyil. Gedin işinizlə məşğul olun".

Nəzərə alsaq ki, Afət Fərmanqızı kimi müğənnilər zaman-zaman tanınmış müğənnilərlə qalmaqallara daha çox maraqlı olurlar, bu, ilk deyil. Yəni bəzən sənət aləmində sözünü deməyi bacarmayan, «aralıqda» qalan bir çox toy müğənniləri bu yoldan istifadə etməklə həm mətbuatın diqqətini özlərinə çəkirlər, həm də gündəm yaratmaqla «məndə varam» deməyə çalışırlar. Bir vaxtlar özünü Xalq artisti Nazpəri Dostəliyevaya bənzətməyə çalışan Afət bir müddət bununla maqazin səhifələrinin, verilişlərin dilinə düşdü. İllər sonra yenidən gündəm yaratmaq həvəsinə düşən müğənni bu dəfə də Əməkdar artistlə qalmaqal etdi.

Yeri gəlmişkən, Afət Fərmanqızı Şərqin dahi şairi Nəsiminin qəzəlini bu tərzdə ifa etməklə ictimai qınağa tuş gəlib. Bu da əsassız deyil. Çünki Nəsiminin qəzəlini belə ucuz şəkildə təqdim etmək nə sənətə, nə sənətçiyə yaraşmaz. Afət bu ifası ilə gündəmdə qala bilər, hətta bu mahnı ilə toylarının sayını çoxalda, qonorarını qaldıra bilər. Ancaq sənətkar olaraq ucalmaq üçün isə sənətin böyük olması vacibdi.

Məsələ ilə bağlı Əməkdar artist Nüşabə Ələsgərli ilə əlaqə yaratdıq. «Şərq»ə açıqlama verən Nüşabə Ələsgərli «Əslində baş verənlər göz önündədir. Deyir ki, mənə sənətçilər paxıllıq edir. Mən sual verirəm, onun niyə paxıllığını çəkməliyik? Niyə? Nəyinin paxıllığını çəkməliyik? Sənətimi mənim sənətimdən böyükdü, təcrübəsi, savadı, statusu böyükdümü? Bir gün əvvəl efirdə ağladı ki, oğluma mənimlə bağlı iradlar bildirirlər. 

Mən də Nazənin xanımdan onun nömrəsini alıb, telefon açdım. Pis olmuşdum, təsirlənmişdim ki, qadındı, anadı. Yığıb sakitləşdirməyə çalışdım. Bir də məsləhət, tövsiyə etdim ki, Nəsimi Şərqin böyük şairidir. O cür şairin qəzəlini bu şəkildə ifa etmək doğru deyil. Tövsiyəm olar ki, mahnının sözlərini dəyiş. Musiqi əladır. Hind musiqisi hər zaman fərqli olub. Amma bu musiqiyə Nəsiminin belə fəlsəfi qəzəlini yaraşdırmaq olmaz. Bu qəzəlin sözləri çox fəlsəfi, ilahi məna daşıyır. Bəli, vaxtilə Zeynəb xanım Xanlarova da Nəsiminin qəzəlini oxuyub. Amma sevgiyə aid qəzəl olub. Bunu müqayisə edə bilməzsən. Mən yenə deyirəm, Afət, töfsiyə edirəm ki, sözləri dəyişdir. Dedi tövsiyə nədi, əmr edin. Amma onu da bildirdi ki, bu mahnının sözlərini isə dəyişmərəm. Atam Fərman da gəlsə, mən bu sözü dəyişmərəm. Bu mahnı mənə çoxlu pul gətirir. Sözüm yox. Ertəsi gün açılışda iştirak edirdik. Gəlib çatdım. Yenicə oturmuşduq ki, soruşdu ay Nüşabə xanım, burda nə var ki, belə irad bildirirlər. Dedim soruşursan deyirəm, Nəsiminin qəzəlində deyilir ki, biz hamımız Allahdan yaranmışıq, Allaha qayıdarıq. Bizim ruhumuz Allaha məxsusdu. Cismimiz torpağa gedir, ruhumuz Allaha məxsusdu. Dərin, fəlsəfi bir məna yükü daşıyan qəzəldi, bunu oynaq, bu tərz ritmdə mahnıda istifadə etmək doğru deyil. Bir anda Afət gördü ki, kameralar onu çəkir, səsini qaldırdı. Afət bildirdi ki, mən ruha filan inanmıram, molla da deyiləm. Dedim özün bilərsən. Kameranı görən kimi qız 180 dərəcə dəyişdi. Başladı kameraya oynamağa. Siz kimsiz ki, mənə irad bildirirsiz. İnanın, məəttəl qaldım. Axşam dedikləri nə idi, indi dediyi nə oldu. Mən də dedim istəyirsən dombalaq aş. Sən soruşdun, mən də fikrimi bildirdim. Soruşmasan nəyimə lazım idi, bir də cavab verib. Yəni bu qədər? Bilmirəm o, paxıllıq deyəndə kimi nəzərdə tutur? Mənim ona paxıllıq etməyim üçün bir səbəb desin. Mənim onun kimi 20 profilim yoxdu. Afət mənim yadıma düşmür ki, ona koment yazım. Bir də bir məqamı deyim, istəsəniz soruşun. Mərasimdən çıxanda Manaf Ağayev şahiddi, gəldi yaxınlaşdı ki, Nüşabə xanım, siz Allah, üzr istəyirəm, bəs bayaq istəmədən səsimin tonunu qaldırdım. Sizi çox istəyirəm, üzr istəyirəm. Yəni bu insan kamera qarşısında oynamağı yaxşı bacarır. Kamera olmayanda gəlib üzr istəməyin nədi, dediklərin nədi. Sonra yenə axşam baxıram ki, instaqram səhifəsində paylaşım edir ki, Maykl Cekson belə getdi, nə bilim Amerika belə gəldi. Mən Maykl Ceksonun repertuarına müraciət etmişəm. Bəli, bu normaldı. Nəsiminin sözlərini Ceksonun musiqisinə mənasız şəkildə calaq etməmişəm. Bu insan hələ də dərk etmir ki, Nəsimi kimi böyük bir şairin fəlsəfi qəzəlini belə oynaq musiqiyə yaraşdırmaq olmaz. Sən pul qazanmaq üçün qəzəli bu qədər ucuzlaşdıra bilməzsən. Buna nə sənin, nə də kimsənin mənəvi haqqı var».

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-02-17