2019-02-11 15:04:33   |   292 dəfə oxunub

"Bu inqilabi addımdır" - Prezidentin minimum aylıq əməkhaqqını artırması təqdir edilir

Fikrət Yusifov: "Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir"

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Prezidentin sərəncamını müsbət dəyərləndirən ekspertlər tərəfindən minimum əməkhaqqının 38,5 faiz artırılması ən yüksək artım kimi xarakterizə olunur.

Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərararlar qəbul edildiyini vurğulayan "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor Fikrət Yusifov bu ilin də istisna olmadığını deib. 

Professorun Sherg.az-a açıqlamasına görə, cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib: 

"Fevral ayının 8-də Prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atıb. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir. Bu addım ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərib. Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. O bu addımları dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azlmalara səbəb olduğu 2016-cı il başa çatan kimi - yəni 2017-ci ilin yanvar ayında da belə atıb. Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8% azalmasına baxmayaraq Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə yox demədi. Əgər o həmən dönəmdə buna yox desəydi, heç şübhəsiz reallığı dərk etməyi bacaran hər bir azərbaycan vətəndaşı Prezidentin bu addımını başa düşərdi. Ancaq o belə etmədi. İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq bu vəziyyətlərdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı. 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də cənab İlham Əliyev bu ilki əmək haqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi”.

F. Yusifov deyib ki, minimal əmək haqının birdən-birə 38,5% - yəni 50 manat artımına getmək bu məsələdə Prezident qətiyyətinin ifadəsi, onun əhalinin aztəminatlı təbəqəsinə münasibəti və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir: 

"Son fərmanla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaq. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım baş verəcək. Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək”.

Onun sözlərinə görə, minimum əmək haqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə onda çalışan işçilərə bundan az əmək haqqı verə bilməz: 

"Əmək qanunvericiliyinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır”.

Minimum əmək haqqının artırılması ilə ölkədə infilyasiyanın da artacağına dair səslənən fikirlərə gəldikdə isə professor bu deyilənlərin heç bir əsası olmadığını qeyd edib: 

"Hökumət bu artımları da minimum əmək haqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb. Beynəlxalq təşkilatların da Azərbaycanda infilyasiya barəsindəki proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür”.

Şəymən




SON XƏBƏRLƏR

2019-04-26