2019-02-11 17:09:24   |   161 dəfə oxunub

"Azərbaycanın inkişafı “Freedom house” rəhbərliyinin “yuxusuna haram qatır” - AKTUAL



"Freedom House” formal baxımdan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Soyuq müharibə”nin tör-töküntüsüdür”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

Deputat bildirib ki, 1941-ci ildə yaradılan və mənzil qərargahı Vaşinqtonda olan bu təşkilatın missiyası dünya ölkələrində vətəndaşların siyasi və mülki hüquqlarının vəziyyəti ilə bağlı monitorinq aparmaq və onun nəticələri ilə bağlı müvafiq hesabatlar dərc etməkdir: "Göründüyü kimi, ilk baxımdan diqqətəlayiq və vacib missiyadır. Fəqət, "şeytan detallarda yerləşir”.

Reallıqda bu qurum "pulunu verib mahnını sifariş edən”in əlində siyasi təzyiq alətindən savayı bir şey deyil. Bir az da mətləbə varsaq, görərik ki, özünü "Azadlıq evi” kimi təqdim edən bu üzdəniraq qurumda azadlıqdan əsər-əlamət yox imiş. Heç ola da bilməzdi. Bir təşkilatın ki, təxminən 30 milyon dollara bərabər büdcəsinin təqribən 25 milyon dolları ABŞ hökumətinin ayırdığı qrantlar hesabına formalaşırsa, axı o necə qeyri-hökumət təşkilatı statusunu daşıya bilər? 

Bu, mümkünsüzdür. Deməli, belə qurumun siyasi sifarişlər əsasında işləyəcəyi təkcə onun rəhbərliyi üçün bəlli həqiqət deyil. Bu həqiqəti artıq dünya ictimaiyyəti də dərk etməkdədir. Eyni zamanda orta statistik dünya vətəndaşı onun da fərqindədir ki, ölkəsində demokratiyanın vəziyyəti ilə bağlı məhz "öz arşınları” ilə ölçü götürürlər. 

Metodologiyasını da məhz özləri icad ediblər. Başqasını əsla yaxın qoymazlar. Necə deyərlər, sifariş verən də bəlli, pulu alan da məlum. Sifariş isə düz 47 il əvvəl verilib.1972-ci ildə. Müəllifi də Vaşinqton Universitetinin müəllimi olmuş Raymond Qasterdir. Bu metadologiyanın yaranma tarixi "soyuq müharibə”nin tüğyan etdiyi dövrə təsadüf edir. Həmin metodologiyaya görə, dünya ölkələrində vətəndaşların siyası və mülki hüquqlarının vəziyyəti 3 yarlıq üzrə müəyyən edilirdi: "azad olkə”, "qismən azad ölkə” və " qeyri-azad ölkə”. 

Əslində isə sifariş Vaşinqtondan gəldiyindən Sovet İttifaqı başda olmaqla sosialist ölkələrində demokratiyanın boğulduğu, heç bir insan hüquqlarının olmadığı fonunu yaradıb, ABŞ-ın liderliyi ilə Qərb dünyasının "demokratiya aguşu”nda uyuduğunu beynəlxalq ictimai fikrə sırımaq idi. Başqa sözlə, birincilər "qeyri-azad” ölkə, ikincilər isə onun tam əksi. Bununla da "soyuq müharibə” dövrünün postulatlarına adekvat olaraq sifarişçinin (ABŞ) qarşı tərəf (Sovet İttifaqı) üzərində ideoloji və strateji üstünlüyünə nail olmaq əsas hədəf idi. Son hədəfi isə ideoloji düşməni məhv etmək ideyası üzərində qurulmuşdu. Bu məqsəd üçün sifarişçi "Freedom house” təşklatını "demokratiya silahı” ilə silahlandırmışdı”.

Millət vəkili bildirib ki, artıq dünya dəyişib, daha ikiqütüblü dünya qarşıdurması yoxdur:

"Təkqütüblü dünya reallığı da böyük sual altındadır. Çoxqütüblü dünyanın formalaşması prosesi dönməz xarakter almaqdadır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Qeyri-dayanıqlı qlobal proseslər şəraitində ikiqütblükdın sonrakı dünya” adlı fundamental tədqiqat əsərində qeyd etdiyi kimi, "ABŞ və müttəfiqləri təkqütüblü dünyanın saxlanmasında israrlıdırlarsa, dövlətlərin mütləq əksəriyyəti çoxqütüblü dünya lehinədirlər”. Bir sözlə, "soyuq müharibə” tarixin arxivində olsa da, onu qalığı olan "Freedom house” və onun "boyat metodologiyası” hələ də siyasi sifarişləri yerinə yetirmək mərəzindən qurtula bilməyibdir. Sahibləri onu yeni rellığa adaptasiya etdirmək üçün vəsaitlərini əsirgəmirlər. Yeni şəraitdə hədəfdə yeni hədəflərdir. İlk növbədə müstəqil və milli maraqlara söykənən siyasət aparan suveren dövlətlər. O dövlətlər ki, hər hansı beynəlxalq siyasi dairələrin, beynəlxalq təşkilatların və böyük dövlətlərin diqtəsi altında deyil, məhz xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət aparır və heç bir beynəlxalq avantüraya qoşulmur. O dövlətlər ki, ərazisində sabitlik və təhlükəsizlik mühiti hökm sürür. 

O dövlətlər ki, xalq ilə hakimiyyəti arasında vəhdət var. Azərbaycan məhz belə dövlət olduğundan "Freedom house” kimi fəaliyyətində qərəz, yalan, iftira və ləkələmək kimi vasitələri işlək vəziyyətə gətirmiş və sahibin əlində siyasi təhdid alətinə çevrilmiş bir üzdəniraq qurumun hədəfindədir. Bu qüvvələr heç cür həzm edə bilmirlər ki, nədən böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan bu qədər sürətlə inkişaf etsin? Nədən Azərbaycan xalqı birmənalı şəkildə öz prezidentinin arxasında dayansın və onun bütün təşəbbüslərini müdafiə etsin? Nəyə görə Azərbaycan dövlətinin rəhbəri müstəqil və xalqın siyasi iradəsinə əsaslanan siyasət yeritsin? Bu suallar antiazərbaycan qüvvələrin, o cümlədən "Freedom house” rəhbərliyinin "yuxusuna haram qatır.” 

Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 11 yanvar tarixində Nazirlər Kabinetində 2018-ci ilin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda səsləndirdiyi fikirlərdən olduqca narahat olurlar: 

"Bildiyiniz kimi, keçən il dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə çox xoşagəlməz proseslər gedirdi, yeni risklər, yeni təhdidlər yaranır. Əvvəlki illərdə başlanmış münaqişələr, qanlı toqquşmalar davam edir, bir çox yerlərdə sabitlik pozulur, kütləvi etiraz aksiyaları geniş vüsət alır. Bu mənfi mənzərə fonunda Azərbaycanın uğurları özünü daha da qabarıq şəkildə büruzə verir. Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil yolu ilə, inkişaf yolu ilə uğurla gedir və gedəcək.”

Bu gerçəklikdən permanent təşviş keçirən "Freedom house” ənənəvi davranışına sadiq qalaraq "Dünyada azadlıq-2019” adlı hesabatında bir dirijor çubuğunun işarəsi ilə Azərbaycan üçün 11 bal müəyyən edir və yuxarıda qeyd etdiyimiz arşını ilə ölçərək "qeyri-azad” ölkə siyahısına salır. Müqayisə üçün işğalçı və bir milyondan çox soydaşımızın bütün hüquqlarını total şəkildə pozan Ermənistan 51 bala layiq görülərək "qismən azad " ölkə kimi qiymətləndirilir. Bu hesabatı hazırlayan "Azadlıq evi”nin "azad ekspertlər”i "Dünyada azadlıq-2009” hesabatında da Ermənistanda siyasi zorakılığın və vətəndaş hüquqsuzluğunun apogeyi sayılan 2008-ci ilin 1 mart gülləbaranına göz yummuş, həmin ildə də bu despotik və orta əsr təfəıkkürü ilə idarə olunan dövləti "qismən azad” ölkə statusuna yüksəltmişdi. Eyni yanaşma Azərbaycan xalqına və bütövlükdə bəşəriyyətə qarşı "Xocalı soyqırımı”nın əsas təşkilatçısı olan hərbi canı Serj Sarksyanın 10 il ərzində idarə etdiyi cinayətkar rejimə münasibətdə də istisna təşkil etməmişdir. Məhz bu rejimdən ən çox ziyan çəkənin, adi elementar hüquqları hər an pozulanın da məhz elə erməni xalqı olduğu həqiqətəti "Freedom hause”nin "iti gözü”ndən müəmmalı şəkildə yayınmışdır. Əslində burada müəmmalı bir şey də yoxdur. Sadəcə, dünyamızın nizamı pozulub. Prezidentin ictimai-siyasi məsələlər üzrə koməkçisi-şöbə müdiri, professor Əli Həsənovun təbiricə desək, "dünyada güc ilə hüquq arasında balans pozulub. Dünyada baş verən bütün ədalətsizliklərin kökündə dayaanan əsas amil odur ki, bu balans gücün xeyrinə pozulub”. 

Elə bu səbəbdən də "ikili standartlar” dünya siyasətinə həyasızcasına pərçim edilməkdədir. Dünyada bu ədalətsizliyi formalaşdıran beynəlxalq siyasi dairələrə qarşı Azərbaycan Prezidenti cənab İlham Əliyev hər zaman öz haqq səsini ucaldır. Dövlətimizin başçısının sözləridir:”Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldırıq. 

Ədalət və qanunun aliliyini təbliğ edirik və müdafiə edirik”. Bax dünyada haqqın, ədalətin,qanunun müdafiəsi ilə baglı prinsipial və qətiyyətli mövqe ortaya qoyduğuna və bu istiqamətdə əməli addımlar atdığına görə ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və onun ugurla idarə etdiyi Azərbaycan dövləti beynəlxalq islamofob və ksenoofob qüvvələrin hədəfindədir . Həmin qüvvələrin "demokratiya sapandı” isə "soyuq müharibə”nin tör-töküntüsü olan "Freedom house”dir. Qoy bu antiazərbaycan qüvvələr bir həqiqəti birdəfəlik "qulaqlarında sırğa” edib saxlasınlar. Onların Azərbaycanı Suriyaya, Bakını Dəməşqə çevirmək niyyətləri ürəklərində qalacaqdır. Xalqın gözü tərəzidir. Xalqımız çox gözəl bilir ki, bu bədxah, xəbis qüvvələrin əsl niyyətləri nədən ibarətdir. Müdük xalqımız elə bu məntiqdən çixiş edərək öz rəhbəri-cənab İlham Əliyev ətrafında daha sıx birləşərək həmin beynəlxalq və daxili qaraguruhçu qruplara bir səslə xəbərdarlıq edir: "Çəkin çirkli əllərinizi Azərbaycandan”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-21