2019-02-12 11:27:15   |   83 dəfə oxunub

Türkiyənin qərarı bəyənildi

Bizdə də Həcc ziyarətinə bələdçilik edən şəxslərə siqaret qadağası qoyulsun

Hacı Atif İsmayılov: "Həcc missiyasında vəzifə alan şəxslər hərəkətlərinə xüsusilə diqqət etməli, ətrafdakılara nümunə olmalıdırlar"



Fazil Mustafa: "Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda zorluq çəkirəm"


Türkiyə Dəyanət İşləri Başqanı Əli Ərbaş Həcc ziyarətinə göndəriləcək əməkdaşlar arasında ilk növbədə siqaret çəkməyənlərə üstünlük veriləcəyini rəsmi məktubla təsdiqləyib. Həcc ziyarətinə hazırlıq prosesi çərçivəsində aidiyyətli qurumlara göndərilən rəsmi açıqlamada dəyanət işləri başqanı bildirib ki, Həcc missiyasında yer alacaq əməkdaşlar seçilərkən siqaret çəkməyənlərə üstünlük verilsin. Ə.Ərbaş bunun, hacı namizədlərinin tələbi olduğunu da bildirib. Yazılı müraciətdə qeyd olunur ki, hacılar onlara rəhbərlik edən əməkdaşların Həcc əməlləri zamanı, yaxud oteldə, açıq ərazilərdə siqaret çəkmələrindən narahat olduqlarını dəfələrlə bildiriblər. Bunu nəzərə alaraq Dəyanət İşləri Başqanlığı builki Həcc ziyarəti zamanı əməkdaşlarının seçimində siqaret çəkməyənlərə üstünlük verəcək. 

İlk olaraq məhz belə şəxslər işə cəlb ediləcək. Dəyanət İşləri Başqanlığı müqəddəs torpaqlarda, mübarək və vacib əməllər yerinə yetirilərkən hacıların rahatlığının təminatını əsas vəzifə hesab edir. Həmçinin, siqaretin müqəddəs məkanlara yaraşmadığını, Həcc ziyarətinin daşıdığı mənəvi ucalıqla bir araya sığmadığını da xatırladır.

Azərbaycanda Həcc missiyasına rəhbərlik edən Qafqaz Müsəlmanları İdarəsinin siqaret məsələsində hansı mövqeyi tutacağı hələ ki, bəlli deyil. Amma rəylər artıq mövcuddur. Bəzi din xadimləri həqiqətən də Həcc ziyarəti müddətində siqaret çəkilməsinin müqəddəs vəzifə və əməllərlə bir araya sığmadığı qənaətindədir. Bizimkilər də belə hesab edir ki, insan müqəddəs yola qədəm qoymağı qərara alıbsa, mənfi, neqativ vərdişlərdən imtina etməlidir. Xüsusən də, başqalarının önünə düşüb vacib əməlləri yerinə yetirməkdə insanlara yardımçı olmağı üzərinə vəzifə olaraq almış adamlar. Yəni gərək özün ilk növbədə nümunə olasan.

İlahiyyatçı Hacı Atif İsmayılov «Şərq»ə açıqlamasında Türkiyə Dəyanət İşləri Başqanlığının qərarını müsbət addım adlandırdı:

- Müqəddəs yerlərin ehtiramı hər zaman qorunmalıdır. İstər məscid olsun, istərsə də dini ayinlərin icra olunduğu ərazilər, əlbəttə, belə yerlərdə etik normalara mütləq riayət edilməli və o yerlərin müqəddəsliyinə xələl gətirəcək hərəkətlərdən çəkinilməlidir. Siqaret çəkilməsi ümumiyyətlə, ictimai yerlərdə bəyənilməyən əməldir. Bir halda ki, söhbət müqəddəs məkanlardan – Kəbə evindən, Peyğəmbər (s.ə.s) məscidindən gedir, etik normalar daha artıq gözlənilməlidir. Biz də Həcc missiyası zamanı qoyulan bu kimi şərtləri müsbət qiymətləndiririk. Həcc missiyasında vəzifə alan şəxslər hərəkətlərinə xüsusilə diqqət etməli, ətrafdakılara nümunə olmalıdırlar. Ümumiyyətlə, Həcc ziyarətinə gedən, bu yola qədəm qoyan hər bir şəxs getdiyi məkanın, üzərinə götürdüyü vəzifənin aliliyini, müqəddəsliyini dərk etməlidir. Hərəkətləri də bunu təsdiqləməlidir.

Millət vəkili Fazil Mustafa da Türkiyə Dəyanət İşləri Başqanlığının atdığı addımı tərbiyəvi hesab edir:

 «Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni Həcc ziyarətinə siqaret çəkən din adamlarının aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Xərçəng hüceyrələri ilə bağlı apardığı araşdırmalara görə, Nobel mükafatı almış Əziz Sancardan soruşurlar ki, bu qədər tədqiqat aparmısınız, xərçəngdən qorunmanın birinci şərti nədir? Qısa, lakonik cavab verir: siqaretə yaxın durmayın. İndi bilirəm ki, insanlardan bəzisi deyəcək ki, filankəs siqaret çəkmirdi, ancaq bu problemlə üzləşdi. Əlbəttə, bu da bir gerçək haldır, lakin xərçəngə insanı ən çox yaxınlaşdıran şeyin siqaret olduğunu alimlər müəyyənləşdiriblər. 

Bir şeyi də qeyd edim ki, dünyada ən məzmunsuz siqareti bəlkə də Türkiyədə, xüsusilə də qadınlar çəkirlər. Türkiyə cəmiyyətində ən zəhləm gedən şey gənc qızların kütləvi şəkildə siqaret çəkməsidir. Universitetin qarşısında onlarla qızın siqareti məhz moda olaraq istifadə etdiyini sezirsən. Sabah ana olacaq bu insanların valideynləri necə olur ki, bu cür davranışların qarşısını almağa səy göstərmirlər? Azərbaycanda heç olmazsa, bu cür toplum içində qızlar açıq formada siqaret çəkməyə risk etmirlər. Siqaret çəkən dindarları isə ümumiyyətlə, anlamaqda zorluq çəkirəm.

 İmandan danışa-danışa, bir növ uyuşdurucu sayılan siqaretə baş vurmaq imanın zəifliyinin, fikrimcə, birinci şərtidir. Türkiyə Dəyanət Vaqfı Başqanının son addımını, yəni siqaret çəkən din adamlarının Həcc ziyarətinə aparılmayacağını bəyan etməsini də təqdirlə qarşılayıram. Bu, tərbiyəvi məqsədlə atılan bir addımdır».

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-02-17