2019-02-12 11:39:43   |   89 dəfə oxunub

Alıcı yox, keyfiyyət qıtlığı var

Elektrik malları satılır, lakin şikayətlər çoxdur

Şəbəkələr faizsiz kredit adı altında vətəndaşları soyur, malları ikiqat baha qiymətə satırlar. Üstəlik də vətəndaş aldığı malı dəyişmək istəyəndə ona bürokratik əngəl yaradırlar



Gürcüstandakı texnika satışı ilə məşğul olan mağazalarda alıcı qıtlığı yaranıb. Əvvəllər əhali məişət texnikasını nağd və ya kredit yolu ilə alırdılarsa, indi nəinki nağd, hətta kreditlə mal alanlar da demək olar ki, yox səviyyəsindədir.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, buna Gürcüstandakı bankların vətəndaşlara güzəştli kreditlər verməməsi səbəb olub. Hökumət və Milli Bankın bank sistemindəki tənzimləmə əməliyyatlarına başlaması nəticəsində banklar yanvarın 1-dən etibarən vətəndaşlara güzəştli kreditlərin verilməsini məhdudlaşdırıb. Məlumata görə, regionlarda bank kreditləri hesabına texnika alıcılarının sayı 100 faiz azalıb.

Bank sistemindəki tənzimləmələrdən sonra bəzi texnika mağazaları müflisləşmə barədə məhkəməyə müraciət edib. İlk olaraq məhkəməyə Gürcüstan bazarında birincilər sırasında olan "Techno Boom” mağazalar şəbəkəsinin müraciəti daxil olub.

Ekspertlərin fikrincə, bank sistemində aparılan tənzimləmələr bazarlarda ciddi problemlər yaradacaq. Mağazaların ardınca digər biznes strukturları da zəifləməyə başlayacaq. Hökumət həmin mağazalara daxili kreditləşmə hesabına satışı artırmağı məsləhət görür.

Elektrik məişət texnikasına tələbatla bağlı ölkədəki durumu dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda məişət texnikası mağazalarında alıcı qıtlığı olmadığını, əksinə, mağazalarda satılan malların keyfiyyəti ilə bağlı çox ciddi problemlər yaşandığını deyib. 

Onun sözlərinə görə, vətəndaşlar dükan və banklarda kredit götürdükləri zaman qarşılaşdıqları reklamla gerçəklik arasındakı uyğunsuzluqdan və kredit faizlərindən şikayət edirlər: "Bir neçə elektronika mağazasının əhalini aldatması barədə dəfələrlə İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişəm. 

Xüsusən də "Kontakt Home”, "Baku elektroniks” və "Optimal” satış mərkəzləri ilə bağlı Birliyə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Sözügedən şəbəkələr faizsiz kredit adı altında vətəndaşları soyur, malları ikiqat baha qiymətə satırlar. Üstəlik də vətəndaş aldığı malı dəyişmək istəyəndə ona bürokratik əngəl yaradırlar. Təsəvvür edin, 2 saat əvvəl alınan telefonun arxasını satıcılar özləri zədələyir və dəyişməkdən imtina edir. "İstehlakçıların hüquqları haqqında" Qanuna görə, bir sıra malları çıxmaq şərti ilə bütün mallar və xidmətlər geri qaytarıla biləndir. Lakin ayrı-ayrı şirkətlər bu məsələdə xüsusi mövqe göstərir və istehlakçılara şər atırlar, guya, yerə salıb sındırıb deyə dəyişmək istəyir”.

E.Hüseynovun sözlərinə görə, texnika satışı ilə məşğul olan mağazalardakı ən böyük problemlərdən biri də istehlakçılara qarşı hörmətsizlikdir. Bu şəbəkələrin heç birində istehlakçı ilə görüş deyilən bir anlayış yoxdur: 

"Bir çox biznes qurumu ilə şikayətlə bağlı əlaqə yaratmaq istəyəndə söndürürlər, istehlakçı ilə əlaqəyə girmirlər, amma mal satmaq deyəndə üstünə yeriyirlər. 

"Kontakt Home” ticarət şəbəkəsinin qaynar telefon xətləri var, lakin bir şikayətlə bağlı Birlik olaraq bir hüquqşünas və ya məsul şəxslə əlaqə yarada bilməmişik, mümkün deyil. Onlar üçün müştəri məmnuniyyəti pulu alana qədərdir”.

AİB sədrinin sözlərinə görə, bu mağazalarda yararlıq müddəti keçmiş, istifadə olunmuş malların, kreditdə olan telefonun yeni adı ilə satılması ilə bağlı şikayətlər yağış kimi yağır. Aidiyyəti qurumlar isə heç bir qabaqlayıcı tədbir görmür.

"Faizsiz kredit” fırıldağına toxunan E.Hüseynov 2 il bundan əvvəl ukraynalı mütəxəssislə apardığı tədqiqatı xatırladıb: "20 səhifəlik bir material hazırladıq.

 Məlum oldu ki, tək şəxsiyyət vəsiqəsi ilə kreditə mal satmaq həm məhsulların şişirdilmiş qiymətə satılmasına gətirib çıxarır, həm də ölkədə problemli kreditlərin miqdarını artırır. İstehlakçı həmin reklamlara aldanaraq yüksək faizli krediti üzərinə götürür. Sonda istehlakçı həmin krediti geri qaytara bilmir deyə bankdan kredit götürüb mağazanın borcunu ödəyir. Nəticədə problemli kreditlərin həcmi artır”.
Şəymən





SON XƏBƏRLƏR

2019-02-17