2019-02-13 12:43:53   |   345 dəfə oxunub

"Cabbar, Xan əminin dövründə də belə oxuyanlar olub"

Vasif Məhərrəmli: "Ancaq tarixdə qalan Cabbar kimi, Xan əmi kimi sənətkarlar olub"

"15 il əvvəl «Bakılı qız» ifa etmişəm. Bu gün də aktuallığını qoruyub saxlayıb. 6 il əvvəl "Ata" mahnısı ifa etmişəm. Bütün toylarımızda gəlin qızlarımız, qonaqlar ataları ilə bu mahnını oynayıb, bu mahnın


Bəzi müğənnilər var ki, onlar səs tembirləri, ifa tərzləri ilə digərlərindən dərhal fərqlənirlər, seçilə bilirlər. Müxtəlif ifaların arasında o səsi seçmək mümkün olur. «Şərq»in budəfəki qonağı da səsinin rəngi ilə seçilən sənətkardı. Əməkdar artist Vasif Məhərrəmli bizimlə söhbətində musiqi aləmində baş verənlərdən danışdı. «At oynadıram» deyənlərə əməkdar artistin kəskin ismarıcları oldu.

- Azərbaycan səhnəsində nə baş verir. Niyə son dönəmlər səhnəmiz, musiqimiz bu qədər bayağı olub. Təsadüfi müğənnilər at oynadırlar. Sənətçiləri bu, narahat etməyə bilməz...

- Peşəkar musiqi ilə məşğul olanları səhnəmizin bugünkü durumu narahat etmir. Çünki hər zamanın bayağı musiqiləri, musiqiçiləri olub. Qaldı belələrinin at oynatmasına, onlar sənətkarlar olan yerdə at oynada bilməzlər. Onlar ancaq it oynada bilərlər. İtlər də onları oynadır. Belə bayağılar bütün zamanlarda mövcud olub. Cabbar əminin dövründə də belələri oxuyub, Xan əminin dövründə də. Ancaq tarixdə qalan Cabbar kimi, Xan əmi kimi sənətkarlar olub. Ona görə də təsadüflərin it oynatması məni narahat etmir. Çünki onlar dəyərli sənətkarların kölgəsində qalır. Mən futbolu sevən insanam. Futbol aləmində də Pele, Maradonna kimi futbolçular olub. Bu gün məhşur futbolçu Kissen dövrün nəbzini tutub. Eləcə də brendləşmiş Messi, Ronaldo var. 

Yəni bir var öz sahəndə brendsən, tarixdə adın qala, bir də var gəlib gedəsən. Mən demirəm mən brend olaraq əfsanə olacam. Amma mən əminəm ki, tarixdə mənim ifalarım qalacaq. Bəzi insanlar var ki, az qala profillərini, adlarını dəyişib musiqili meyxanalar oxumağa çalışırlar. Mən mövsümi mahnılara müraciət etməmişəm. Heç vaxt da o bayağılığın arxasınca qaçmaram. Bir az böyük səslənə bilər. Amma mənim özümün kontingentim var, müştərim var. Mənim öz bazarım var, özümə aid qazancım var. Heç kimin qazancında da gözüm yoxdu. Özlərini trend hesab edən o bayağı oxuyanların da ifası, varlığı qətiyyən məni narahat etmir.

- Repertuarına diqqət yetirsələr, öz tərzin var, dəyişmirsən tərzini.

- Hər bir ifaçının öz tərzi olmalıdır. Mənim musiqi zövqüm dəyişməyəcək. Mən bəstəkar musiqisi də ifa edirəm, klassik bəstələrə də üz tuturam. Yəni bu tərzi dəyişmək niyyətim də yoxdu. 15 il əvvəl «Bakılı qız» ifa etmişəm. Bu gün də aktuallığını qoruyub saxlayıb. 6 il əvvəl "Ata" mahnısı ifa etmişəm. Bütün toylarımızda gəlin qızlarımız, qonaqlar ataları ilə bu mahnını oynayıb, bu mahnını xahiş edirlər. Bu mahnı gəlin qızların atalarına həsr etdikləri himn kimi qəbul edilir. Bundan böyük uğur olarmı? Zamanında «Sənsizlik» mahnısını oxudum, bu gün də tələbat var. Yəni özümü xoşbəxt müğənni hesab edirəm ki, ifa etdiyim mahnılar yaddaşlarda qala bilib. Ən populyar müğənnilər var ki, oxuduqları iki aydan sonra unudulur. Yəni musiqinin səviyyəsi, keyfiyyəti olmalıdır. Mahnının mətninin məna yükü olmalıdır. 

Demək istədiyim odur ki, Azərbaycan səhnəsi bu gün inkişaf dövrünü yaşayır. Üzeyir bəy Hacıbəyli elə böyük, elə güclü bir musiqi məktəbinin təməlini qoyub ki, bu təməli dağıtmaq, onu zədələmək mümkün deyil. Bəli, bəzi marağında olan insanlar, dövlətlər var ki, Azərbaycan səhnəsini, musiqisini iflic etməyə çalışırlar. Ancaq onların buna gücü yetməz. Çünki bizim musiqi bünövrəmiz möhkəmdir. Bizim musiqilər muğam üstündə köklənib. Onların Azərbaycan musiqi ənənələrini dağıtmağa gücləri çatmaz. Mən buna əminəm. Bir də insanlar keyfiyyətli musiqini hər zaman sevərək dinləyirlər.

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26