2019-02-15 19:54:16   |   180 dəfə oxunub

" “Quran”a ensklopediya gözü ilə baxmamalıyıq" - Fəlsəfə doktoru



"Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. "Quran” hidayət və insanın islahı kitabıdır”.

Bunu "Sherg.az”a açıqlamasında açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib. 

"Quran” və çağdaş dövrün nailiyyətləri barədə danışan ekspert bildirib ki, biz "Quran”ı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq: "Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. "Quran” bu sayılanların hamısına malikdir.

 "Quran” bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə edib, dünya sirlərinin bir neçəsini açıqlayıb, dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarıb. "Quran”ın bu cür elmi kəşflərinə malik olan ayələrini "Quranın elmi möcüzələri” adlandırırıq. İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq”.

"Quran” və cazibə qanunu..

İlahıyyatçı diqqətə çatdırıb ki, Nyutondan öncə heç kim cazibə qanununu kamil surətdə kəşf etməyib: "Bildiyiniz kimi, Nyuton alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: "alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü”? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edir və belə nəticəyə gəlir: "İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir”. Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi”.

Nə üçün planetlər öz oxları ətrafında günəşin başına dolanırlar və nə üçün bir-biri ilə toqquşmurlar?

R.Məmmədovun sözlərinə görə, Nyuton kəşf edib ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. "Quran” bu hadisəni Nyutondan min ildən əvvəl söyləyib. "Rəd” surəsinin 2-ci ayəsində açıqlanır ki, "Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər dolanan Günəşi və Ayı tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. Bu ayə barədə İmam Rzadan söylənilən hədisdə oxuyuruq: "İmam üzünü rəvayət söyləyənə tutub xitab etdi: "Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir?”. Rəvayət söyləyən cavab verdi: "Bəli, deyir”. İmam buyurdu: "Deməli sütunlar var, lakin siz onları görmürsünüz”.

Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün "gözə görünməz sütun” sözündən daha yaxşı nə ifadə var? Həzrət Əlidən söylənilən hədisdə oxuyuruq: "Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə nurdan olan bir sütunla birləşib”. Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyil”.

Yerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi..

Fəlsəfə doktoru vurğulayıb ki, yerin öz oxu ətrafında fırlanmasını dünyada ilk dəfə təxminən 4 əsr bundan qabaq yaşamış italyan alimi Qalileo Qaliley kəşf edib. Ondan qabaq isə bütün alimlər Ptolemey sisteminə, yəni, yerin bütün dünyanın mərkəzi olması və digər planetlərin onun ətrafına fırlanması nəzəriyyəsinə inanırdılar: "Xatırladaq ki, Qaliley bu nəzəriyyəni irəli sürdüyünə görə din xadimləri tərəfindən kafir adlandırıldı və ölüm cəzasına məhkum olundu. Lakin sonradan tövbə edib heliosentirik sistemdən (Kopernik sistemi) formal narazılıq etməklə canını qurtardı. Sonralar alimlər onun nəzəriyyəsini qəbul edib ortaya çıxardılar. Kopernik sisteminin Ptolemey sisteminə qalib gəlməsində Qalileyin elmi yaradıcılığının böyük rolu oldu. İndi bu nəzəriyyə artıq hamının qəbul etdiyi bir məsələyə çevrilib. Hətta hissi təcrübələr nəticəsində də bu nəzəriyyə sabitləşib. Havaya peyklər göndərildikdən sonra daha ona heç bir şübhə yeri qalmayıb. Bir sözlə, yerin mərkəz olub sabit qalması inkar edilib və məlum oldu ki, insanlar o vaxtadək səhv ediblər.

Bəs "Quran”da bununla bağlı nə deyilir?

"Ptolemey sistemi” təxminən 1500 il alimlərin əqidəsinə kölgə salıb və "Quran”ın nazil olduğu dövrdə bir nəfər cürət edib "Ptolomey” nəzəriyyəsinin əksinə bir söz deyə bilməyib. Ancaq "Quran”a nəzər saldıqda görürük ki, Kopernik sistemi və nəzəriyyəsi "Nəml” surəsinin 88-ci ayəsində çox aydın şəkildə açıqlanıb: "Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, o, etdiyiniz bütün əməllərdən xəbərdardır”. Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir. Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini bildirməkdir. "Yerin hərəkəti” əvəzinə "dağların hərəkəti” ifadəsi də bu məsələnin əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan hərəkət edə bilməzlər. 

Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. Dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər hamısı Ptolemey və geosentrik sistemini qəbul etsəydilər, belə bir mövqedə "Quran”ın açıq-aşkar "Kopernik sistem və nəzəriyyəsi”ni, yəni yerin öz oxu ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir məktəb görməmiş və dərs oxumamış bir şəxs, yəni Peğğəmbər tərəfindən bu cür bir nəzəriyyə irəli sürülür. Bunun özü səmavi kitabın – "Quran”ın haqq olduğuna sübut və şahid deyilmi?”

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-24
2019-03-23