2019-02-15 20:25:44   |   145 dəfə oxunub

Leyla Əliyeva Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışında... - FOTO


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 15-də paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bu müəssisədə əsaslı yenidənqurma işləri aparılıb.

Yaradılan şəraitlə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verildi ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. 217 çarpayılıq müəssisədə akt zalı, kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün yeməkxanalar, eləcə də mərkəzləşmiş mətbəx, asudə vaxtın təşkili və istirahət guşələri, izolyasiya və tibb otaqları yaradılıb, mebel və avadanlıqlarla təchiz edilib. Müəssisə əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fəaliyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. 

Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu müəssisədə yaradılan şərait bir daha sübut edir ki, dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası həm də onu göstərir ki, nəcib təşəbbüsləri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.

Müəssisənin həyətində abadlıq işləri aparılıb, ərazi yaşıllaşdırılıb, müxtəlif növ ağaclar əkilib, istirahət guşələri yaradılıb.








SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26