2019-02-16 01:25:45   |   256 dəfə oxunub

Ərdoğan: “Biz müsəlman olduğumuz üçün Avropa Birliyinin sıralarına daxil edilmirik"



Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ölkəsinin hansı səbəblərdən Avropa Birliyinə alınmadığını açıqlayıb.

Yerli "Atv” kanalına müsahibə verən dövlət başçısı bütün məsələnin Türkiyənin müsəlman ölkəsi olmasından irəli gəldiyini söyləyib.

"Biz müsəlman olduğumuz üçün Avropa Birliyinin sıralarına daxil edilmirik. Qoy bunu birbaşa özümüzə söyləsinlər, lakin onu da deyə bilmirlər. Kameraya ayrı, qapalı qapılar arxasında isə başqa sözlər sərf edirlər”, - deyə R.T.Ərdoğan bildirib.

Bundan başqa, Türkiyə lideri Birliyə daxil olmaq üçün önlərinə yeni-yeni fəsillərin qoyulduğunu vurğulayıb.

"Öncə 15 fəsil var idisə, indi onların sayı 35-ə çıxıb”, - Ərdoğan qeyd edib.

Türkiyə rəhbəri Fransada 24 apreli qondarma "erməni soyqırımı günü” elan edən prezident Emmanuel Makrona da təpki göstərib və ona özlərinin tarixini yenidən öyrənməyi məsələhət görüb.

"Bizim tariximzdə isə soyqırıma yer yoxdur”,- deyə Türkiyə dövlət başçısı bildirib.

Ərdoğan həmçinin ABŞ-ın Suriyada PKK terrorçularına satdığı silah məsələsinə də toxunub və Birləşmiş Ştatların bu vaxta qədər onlara 23 min yük maşın dolusu silah verdiyini deyib. O, hazırda həmin silahların Suriya bazarlarında satıldığını söyləyib.




SON XƏBƏRLƏR

2019-03-24