2019-02-16 16:18:37   |   386 dəfə oxunub

Akif Aşırlıya yubiley günündə “Mahmud Kaşqari” mükafatı təqdim olundu - Fotolar



"Şərq"in baş yazarı bu medala ümumtürk düşüncəsinin və mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə layiq görülüb

Bu dəfə "Şərq”in qapısını Mahmud Kaşqari Beynəlxalq Fondunun Prezidenti, şair Elxan Zal Qaraxanlı döydü.

Qonaqlı-qaralı redaksiyamıza şairlə birlikdə Tovuzun "Turan” futbol klubunun fəxri prezidenti Vidadi Əhmədov, fondun idarə heyətinin üzvü Ağacəfər Həsənli, icraçı direktoru Əfqan Nəsirli və şair Vəli Xramçaylı da gəlmişdi.

Akif Aşırlını təbrik məqsədi ilə "Şərq”i ziyarət edən qonaqlarımız əliboş deyildi. Fond prezidenti həmçinin 50 yaşı yaşı tamam olan baş redaktorumuza "Mahmud Kaşqari” mükafatını təqdim etmək üçün təşrif buyurmuşdu.

Elxan Zal Qaraxanlı rəhbərlik etdiyi təşkilatın məqsəd və fəaliyyəti barədə məlumat verdi, bu qurumun 2006-cı ildə Xalq Yazıçısı Anar və mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu tərəfindən yaradıldığını bildirdi. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsinin və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu qeyd edib: "Gəlişimizin məqsədi "Şərq” qəzetinin təsisçisi Akif Aşırlının 50, görkəmli iş adamı, "Turan” futbol klubunun fəxri prezidenti Vidadi Əhmədovun isə 65 yaşı münasibəti ilə "Mahmud Kaşqari” mükafatını təqdim etməkdir. 2006-cı ildə təsis olunan Mahmud Kaşqari medalı ilk dəfə Türkiyə Cümhuriyyətinin doqquzuncu Prezidenti Süleyman Dəmirələ və şair-publisist Ramiz Əskərə təqdim edilib.

Sizin redaksiya çox müqəddəs bir yerdir. "Şərq" qəzeti müstəqil Azərbaycanın ilk qəzetlərindən biridir və yarandığı ilk gündən bu günə kimi fəaliyyətini davam etdirir. Ümid edirik ki, mədəniyyətimizə, dilimizə sadiq olan "Şərq” hər zaman fəaliyyət göstərəcək. Çünki cəmiyyətin inkişafında sizin qəzetin böyük xidmətləri olub. Ona görə də bu gün Akif bəyə "Mahmud Kaşqari” mükafatını təqdim etmək bizim üçün böyük şərəfdir”.

Daha sonra qəzetimizin baş redaktoru Akif Aşırlı fondun rəhbərliyinə minnətdarlığını bildirdi: "Düşünürəm ki, aldığım mükafatlar içində ən gözəl mükafatlardanı biri məhz "Mahmud Kaşqari” medalıdır. Qəzetimizin, yaradıcılıq fəaliyyətimin böyük əksəriyyəti türk dünyası ilə bağlıdır. Türk dünyası tarixinin araşdırılması, Azərbaycanın istiqlal savaşının ən mühüm mərhələsi olan Qafqaz İslam Ordusunun Azərbaycanda və Dağıstanda apardığı milli-azadlıq hərəkatı, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşının tədqiqi yönündə fəaliyyətim məhz türk dünyasına bir xidmətdir.

Elxan müəllimə bir daha dərin təşəkkürlərimi bildirirəm. 50 illiyimə verilən ən böyük töhfələrdən biri "Mahmud Kaşqari” mükafatıdır. Bu şəkildə dəyərləndirilməyim həqiqətən də çox xoşdur. Elxan müəllim həqiqətən də böyük və çoxməzmunlu şairdir. Amma təəssüf ki, bəzən istedadlar arxada qalır. Fondun bütün üzvlərinə fəaliyyətlərində uğurlar arzulayırıq. Redaksiyamıza gəldiyiniz üçün bir daha hər birinizə minnətdarıq”.

"Turan” futbol klubunun fəxri prezidenti Vidadi Əhmədov da Mahmud Kaşqari fondunun rəhbərliyinə öz təşəkkürlərini bildirdi: 

"Klubumuzun ərsəyə gəlməsində Elxan müəllimin təşəbbüsləri çox olub. Təqdim olunan mükafata görə fondun bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, gələcəkdə türkçülüyün, türk dünyasının inkişafı üçün əlimizdən gələnləri əsirgəməyəcəyik”.
Fondun idarə heyətinin üzvü, şair-publisist Ağacəfər Həsənli isə "Mahmud Kaşqari” mükafatının dəqiq ünvanını tapdığını söylədi: "Azərbaycan mətbuatının tarixində önəmli nümunələrdən biri "Şərq" qəzetidir. Son illərdəki müstəqil qəzet redaktoru kimi ilk dəfə bu mükafat Akif Aşırlıya təqdim olundu. "Şərq” qəzet şəxsən mənim ən çox oxuduğum qəzetlərdən biridir. Akif müəllimi və futbol cəfakeşlərimizdən olan Vidadi Əhmədovu doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. Onlara yaradıcılıq uğurları arzulayıram”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-24