2019-02-16 18:39:02   |   378 dəfə oxunub

İxtisasların sayı azaldılıb

Bu il sənəd verəcək abituriyentlər çaşqınlıq yaşayacaq

Bir ali təhsil kifayət etmir, gərək ixtisasımızı tez-tez dəyişək




Ali məktəblərdə bakalavriat səviyyəsi üzrə ixtisasların sayı azaldılıb. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında məlumat verilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

İxtisasların azaldılması ilə bağlı "Şərq”ə danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, ixtisasların azaldılması 2019-cu ildə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün müəyyən qədər çaşqınlıq yaradacaq: 

"Həm 2019-cu ildə qəbul imtahanlarının yeni formatda keçirilməsi, həm də yeni ixtisaslar ixtisas seçimi zamanı daha diqqətli olmasını tələb edir. Bu dəyişikliklər ali məktəblərə qəbul zamanı plan yerlərinin də sayına təsir göstərəcək. Nəzərə alsaq ki, 2018-ci ildə ali məktəblərə plan yeri 43 min olub, bu ləğvolma prosesindən sonra plan yerlərinin sayında azalma olacaq. Ümumiyyətlə, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. 

O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Hesab edirəm ki, plan yerləri azalanda, bu, xaricdə təhsil almağa meyli artıracaq. Ali təhsil müəssisələrində plan yerlərinin sayı müvəffəqiyyətlə müsabiqədən uğurla keçmiş abituriyentlərin sayından az olsa, bu zaman təkcə keçid balı toplamayan abituriyentlər yox, eyni zamanda müsabiqə şərtlərini ödəyib, amma Azərbaycanda ali təhsil müəssisəsinə daxil ola bilməyən şəxslər də xarici ölkələrdə təhsil almağa üz tutacaqlar. Biz təhsilin əlçatımlılığını təmin etməliyik. Qəbul qaydalarını asanlaşdırmalıyıq ki, insanlar xarici ölkələrə təhsil almaq üçün üz tutmasınlar”.

Ekspert bildirib ki, Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib: "Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Yəni hazırda ali təhsil müəssisələrində biri-birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı-ayrı ad altında fəaliyyət göstərməsi məqsədə müvafiq deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib.

 Ümumilikdə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni hazırda fevral ayını yaşayırıq, amma martda elə güclü ixtira ola bilər ki, o, bəşəriyyəti tamamilə dəyişsin. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə "Kodak”, "Alfa” firmaları hegemon idi; lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotoaparatlar yarandı. 

Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq. Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. 

Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə şoferə ehtiyac qalmayacaq. Proqram olacaq, qoşacıq maşın özü bizi aparacaq. Amma bir sıra ixtisaslar tarixi, milli mənafe baxımından əmək bazarında az ehtiyac olsa belə saxlanılmalıdır. Çünki bizim yerləşdiyimiz coğrafi mövqe bunu tələb edir. Dediyim kimi, ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-24