2019-02-18 10:06:50   |   296 dəfə oxunub

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb


Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb. Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Trend-ə müsahibəsində deyib.

N.Arpadarai qeyd edib ki, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib: "Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb".

O əlavə edib ki, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir:

"Bir məsələni də diqqətinizə çatdırım. Bildiyiniz kimi, Formula 1 yarışının Azərbaycanda keçirilməsi daha 3 il müddətinə uzadıldı. Biz bunu elan etdikdən sonra isə bilet satışının tempində iki dəfəlik artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula 1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu ildə də təxminən o qədər olacaq".

N.Arpadarai vurğulayıb ki, hazırda Rusiya və İngiltərədən daha çox bilet alınıb, eyni zamanda, Almaniya, Gürcüstan, Ukrayna, Finlandiya, həmçinin ərəb ölkələri bilet alışına böyük maraq göstərir: "Ancaq bir məsələ var ki, Bakıda keçirilən ilk Formula 1 yarışına Rusiyadan gələnlər daha çox idisə, indi bu göstərici azalıb. Çünki indi əvvəlkindən daha çox ölkədən bilet alınır və müvafiq olaraq Rusiya ilə bağlı faiz də azalır".




SON XƏBƏRLƏR

2019-03-24