2019-02-19 12:49:21   |   154 dəfə oxunub

Boşanan ailələrin sonrakı taleyini düşünmək lazımdır

Məhkəmələrdə barışdırıcı mexanizm işlək vəziyyətə gətirilərsə, bir çox ailələr qorunub saxlanar



Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edir.

Təşəbbüs Ailə, Qadın və Uşaq Komitəsindən gəlir. Komitə sədri Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir: "Əfsuslar olsun ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həllediləndir. Lakin barışdırma mexanizminin olmaması və tərəflərin bir çox hallarda biri-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da "Mediasiya haqqında" qanunun qəbul edilməsini zəruri edir".

Komitə sədri qeyd edib ki, mediasiya mülki, əmək və ailə-hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur.

H.Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri, əsasən də alman təcrübəsini araşdırıb: "Hazırda Komitənin mərkəzlərində pilot layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif edilib. Düşünürük ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq".

Boşanmaq rahatdı, bəs sonrası?

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva «Şərq»ə açıqlamasında bildirib ki, barışdırıcı mexanizm təşəbbüsü əla təklifdir:

- Təklifi əlbəttə, çox müsbət qiymətləndirirəm. Əgər bu mexanizm işlək vəziyyətə gətirilərsə, bir çox ailələr qorunub saxlanar. Boşanmağa nə var ki! Çox rahatdı. Məhkəməyə müraciət et, «xasiyyətimiz tutmur, qarşılıqlı sevgi, hörmət qalmayıb…» de və buyur, boşan. Bəs sonrası? Bəs aralıqda qalan uşaqlar? Biz ailələrin boşanmadan sonrakı taleyini düşünməliyik. Əlbəttə, məhkəmələrdə barışdırıcı mexanizmlər işlənib hazırlanarsa, cütlüklərlə söhbət aparan, problemin kökünü araşdıran və çıxış yolunu göstərən mütəxəssislər və problemin həllinə kömək edən qurumlar olacaqsa, təbii ki, boşanmaların sayı əhəmiyyətli dərəcədə azalar. Amma bu mexanizmin işlək hala gəlməsi üçün gərgin əmək sərf edilməlidir.

K.Ağayeva boşanmaların səbəbi kimi daha çox iqtisadi çətinliklərin göstərilməsinin əleyhinə olduğunu da dedi:

- İqtisadi problem sözünü tez-tez işlədirlər, ancaq mən düşünürəm ki, burada iqtisadi deyil, daha çox sosial problemlərdir. İşsizlik problemi ilə bağlı bizə xanımlardan çoxsaylı zənglər edilir. Çoxu da məhz bu cür deyir ki, nə iş olsa, razıyam. Biz də mövcud əlaqələrimiz çərçivəsində onları yönləndiririk. Məşğulluq İdarəsinə göndəririk, başqa tanışlar, dostlar vasitəsilə iş axtarışına çıxırıq. Amma aqibəti ilə maraqlananda, görürük ki, təklif olunan işi bəyənməyiblər. Gah deyirlər, evimizə uzaq məsafədi, gah deyirlər, əmək haqqı azdır, bəzən də təklif olunan işi bəyənmirlər. Əgər kimsə deyirsə ki, hər işi görə bilər, deməli, o, əslində heç bir iş bacarmır. Hər işə razı olduqlarını bildirirlər, amma təklifləri bəyənmirlər. Hesab edirəm ki, insanlarımızın maarifləndirilməsi, məlumatlandırılmasına daha çox ehtiyac var.

Birlik sədri ailələrin dağılmasının bir səbəbi kimi də ağbirçək, ağsaqqal sözünün dinlənməməsi olduğunu göstərdi:

- Təəssüf ki, Azərbaycan ailə modelinin pozulduğunu görürük. Əvvəllər ailədə yaşlı insanlara, ağbirçəklərə, ağsaqqallara hörmət vardı, böyüyün sözü dinlənirdi. Ailədə nəsə bir narazılıq yaşananda, böyüklər işə qarışırdı, məsləhət verirdilər. Söhbət faydalı məsləhətdən gedir, əlbəttə. İndiki bəzi valideynlər kimi «boşa çıxsın getsin», ya da «qayıt gəl evimizə» tipli barışdırıcı deyil, əksinə, yağın üzərinə od tökən sözlər deyilmirdi. Ailələrin dağılması böyük sözü dinləməməkdən, başıpozuqluqdan irəli gəlir. Məhkəmələrdə barışdırıcı mexanizm öz yerində, amma mən hesab edirəm ki, ümumiyyətlə, ailə problemləri ilə bağlı sosial iş institutu formalaşmalıdır. Ailələrlə sosial iş aparılmalıdır.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26