2019-02-19 12:56:00   |   115 dəfə oxunub

Din xadimlərini cəzalandırmaqla iş bitmir

Erkən nikahda bütün tərəflər məsuliyyətə cəlb olunmalıdır. Din xadimləri də, valideynlər də



Rəsmi nikah sənədi təqdim olunmadan kəbin kəsən din xadimlərinin məsuliyyətə cəlb edilməsi istənilir. Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edib. Komitə sədri bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası öz fətvasında rəsmi nikah sənədi olmadan kəbin kəsilməsini qadağan edib. Lakin buna baxmayaraq hələ də yerlərdə bunun əksi müşahidə edilir. Belə ailələrin hüquqlarının müdafiəsi isə sonradan çox çətin olur. Xüsusilə də erkən yaşda nikaha daxil olan qızların hüquqlarının müdafiəsi ilə bağlı çətinliklər ortaya çıxır. Bu səbəbdən də qanunsuz kəbin kəsən din xadimləri ilə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi zərurəti yaranır. Komitə sədri bildirib ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin ölkəmizlə bağlı tövsiyələrində də bu öz əksini tapıb.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının bir müddət əvvəl keçirilmiş toplantısında da eyni problem müzakirə olunmuşdu və yalnız rəsmi nikah sənədi təqdim edildikdən sonra yerlərdə din xadimlərinə dini kəbin kəsmək səlahiyyəti verildiyi xatırladılmışdı.


«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu fikirdədir ki, erkən nikah faktında cinayət məsuliyyətinə cəlb ediləcək tərəflər çox olmalıdır:

- Erkən nikahlar həqiqətən də ciddi bir problemdir. Amma burada təkcə din xadimlərini günahlandırmaq, bununla da işi bitmiş hesab etmək problemin həllinə heç bir kömək etmir, əksinə, problemi daha da dərinləşdirir. Erkən nikahda bütün tərəflər məsuliyyətə cəlb olunmalıdır. Din xadimləri də, valideynlər də. Çox zaman valideynlər toy etməklə məsələni ört-basdır etməyə çalışır. Guya ki, evlilik qarşılıqlı istək, razılıq əsasında gerçəkləşib. Əslində isə aşkar qanun pozuntusudur. Erkən nikah bağlanmasından valideynlər də xəbərdar olur, yaxın qohum-əqrəba, qonşular da. Amma heç kim bunun qarşısını almağa cəhd göstərmir. Hesab edirəm ki, belə hallarda bütün tərəflər məsuliyyət daşıyır və iştirakçı və ya seyrçi olan hər kəs məsuliyyət daşımalıdır. Bəlkə belədə insanlarımız çəkinər, qanunun aliliyinə hörmət edərlər.

M.Zeynalova erkən nikahların yaratdığı fəsadlardan da danışdı:

- Erkən nikahın zərərli tərəflərindən biri budur ki, rəsmi dövlət qeydiyyatı olmadığından hüquqi boşluqlar yaranır. Gənc qadın və ya kişi hüquqlarının müdafiəsini həyata keçirə bilmir. Bəzən gənc qadının nikahı bir neçə ildən sonra pozulur, lakin o, qanuni şəkildə heç bir tələb irəli sürə bilmir. Erkən yaşda doğum halları çox zaman ağır keçir və orqanizmə ciddi ziyan vurur, həyat üçün böyük risk daşıyır. Erkən yaşda dünyaya övlad gətirən ana uşağına doğum şəhadətnaməsi də ala bilmir. Təsəvvür edin ki, qızın 16 yaşı var. Gərək onun 16 yaşı tamam olsun ki, əvvəlcə özünə şəxsiyyət vəsiqəsi alsın. Dünyaya gələcək körpəyə yalnız 2 ildən sonra doğum şəhadətnaməsi veriləcək. 2 il o uşaq sənədsiz qalacaq. Poliklinikaya qeydiyyata da alınmayacaq. Görün, nə qədər problemlər var…
M.Zeynalova vurğuladı ki, Azərbaycanda nikah yaşı qanunla qızlar və oğlanlar üçün 18 yaş təyin edilib. 18 yaşı tamam olmadan həyata keçirilən evliliklər qanunla qadağandır və cinayət məsuliyyəti nəzərdə tutur:

- Lakin görürük ki, qanun pozulur. Müxtəlif bölgələrdən bəzən erkən nikahlar, erkən yaşda evliliklərlə bağlı məlumatlar gəlir. Nikah yaşı tamam olmamış şəxslərin evləndirilməsi həm uşaq, həm də ümumiyyətlə insan haqlarına ziddir. İnsan haqlarının birbaşa pozulmasıdır. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Nə qədər iş aparılsa da, maarifləndirici tədbirlər, toplantılar keçirilsə də, qanun pozucuları cinayət məsuliyyətinə cəlb edilmirsə, bunun qarşısını almaq mümkün olmayacaq. Qanunla erkən nikaha təşəbbüs və onun təbliği də cinayət əməlidir. Cəzalanma yoxdursa, artıq cəmiyyətdə belə yanlış fikir formalaşır ki, qanunu pozmaq olar. Biri cəzalanmayıbsa, deməli, biz də eyni hərəkəti təkrarlaya bilərik. O zaman dövlətin və ictimai təşkilatların da erkən nikaha qarşı apardığı mübarizənin effektivliyindən danışa bilməyəcəyik.

M.Zeynalova bildirdi ki, keçirilən hər cür priventiv tədbirlərə baxmayaraq erkən nikahların bağlanması davam edir. Şəhərlərdə də, bölgələrdə də:

- Bunun göstəricisi erkən doğumlardır. İllərdir bildirilir, tələb qoyulur ki, dini nikah bağlanarkən - kəbin kəsilərkən rəsmi nikah şəhadətnaməsi tələb olunmalıdır. Neçə ildir bunu deyirlər, amma reallığa baxanda, fərqli situasiya görünür. Rəsmi statistik rəqəmlər son illərdə 30 minə yaxın körpənin sənədsiz olduğunu göstərir. Bu körpələr faktiki qanunsuz doğulmuş uşaqlar hesab edilir. Körpəyə ona görə sənəd verilmir ki, ana rəsmi nikah şəhadətnaməsi təqdim etmir. Bəzən ananın əlində yalnız kəbin kağızı olur. Bu sənədsə rəsmi hesab edilmədiyindən uşağa yaş kağızı verilmir. Ona görə də fikrimcə, din xadimlərinin «nikah sənədi olmadan kəbin kəsilmir» iddiası həqiqəti əks etdirmir. Düzdür, bir qədər məhdudiyyətlər qoyulub. Bir az çəkingənlik var. Amma ümumiyyətlə, qadağalara saymazlıq daha çoxdur. Xüsusən də bölgələrdə. Belə olmasaydı, erkən nikahların sayı artmazdı.

Məlahət Rzayeva





SON XƏBƏRLƏR

2019-03-24