2019-02-19 13:00:32   |   210 dəfə oxunub

Qarabağ Komitəsi yolundan dönməyəcək

Akif Nağı: "Bəziləri hansısa mərkəzlərin sifarişlərini yerinə yetirirlər. Mən onların dərinliyinə getmək istəmirəm"

"Əgər pozucular və dağıdıcılar öz məqsədlərinə nail olacaqsa, yəni Qarabağ Komitəsini dağıdacaqlarsa, buna ancaq təəssüf etmək olar



Bir müddət əvvəl Qarabağ Komitəsinin Qarabağ Azadlıq Təşkilatının ofisində keçirilən iclasında ciddi gərginliklər yaşanıb. Qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri İsgəndər Həmidov komitədən istefa verib. QK-dan çıxdığını bəyan edən İ.Həmidov Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını açıqlayaraq, iclası tərk edib. Lakin onun çıxışı birmənalı qarşılanmayıb. Keçmiş nazirin istefasından sonra Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və onunla bərabər 20-dən artıq şəxs də Komitədən gediblər. İstefaların ardından QK-nın iki hissəyə ayrıldığı yönündə fikirlər səslənməyə başlayıb. Hətta istefaların davam edəcəyi bildirilir. Baş verənlərin komitənin işinə də təsirsiz ötüşməyəcəyi qeyd olunur.

Yayılan söz-söhbəti "Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, ölkə ictimaiyyəti və xaricdəki soydaşlarımız belə bir platformanın yaranmasına çox sevinirdi. QAT sədri hesab edir ki, Qarabağın işğaldan azad olunması üçün bütün Azərbaycanlıların həmrəy olması ən vacib şərtdir:

 "Hakimiyyətdə və ya müxalifətdə təmsil olunmasından, siyasi mövqeyindən asılı olmayaraq hamı Qarabağ məsələsində birlik nümayiş etdirməlidir. Biz də buna çalışdıq və nəticələr əldə etdik. Hər yandan müsbət reaksiyalar aldıq. Hətta hakiməyyətə yaxın partiyalar belə təşəbbüsümüzü alqışladılar. Amma daha sonralar məlum oldu ki, müəyyən qüvvələr başqa məqsədlər güdürlərmiş. 

Onların niyyətləri tamamilə başqadır və Qarabağın taleyini düşünmürlər. Özlərinin şəxsi iddiaları, ambisiyaları var. Yaxud da hansısa mərkəzlərin sifarişlərini yerinə yetirirlər. Mən onların dərinliyinə getmək istəmirəm. Biz Qarabağın azadlığı naminə hər zaman səmimi mübarizə aparmışıq. İctimaiyyət də bunu görür və işimizə qiymət verir”.

Qurum rəhbəri bəyan edib ki, əgər pozucular və dağıdıcılar öz məqsədlərinə nail olacaqsa, yəni Qarabağ Komitəsini dağıdacaqlarsa, buna ancaq təəssüf etmək olar: 

"Biz yorulmadan fəaliyyətimizi davam etdirəcəyik və doğru bildiyimiz yoldan gedəcəyik. Amma inanmıram ki, onlar məqsədlərinə nail ola biləcəklər. Sadəcə bununla öz səviyyəsizliklərini və harasa işlədiklərini göstərdilər. Ona görə də baş verənlərə qətiyyən əhəmiyyət vermirəm”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20