2019-02-19 13:03:33   |   124 dəfə oxunub

“Qafqaz Evi“ ideyası yenidən gündəmə gəlib

“Azərbaycan, çeçen, gürcü və Dağıstan xalqları ilə tarixi dostluğunu bərpa etmək üçün bu ideyanı mütləq gerçəkləşdirməlidir"



Fevralın 14-də Moskvanın "Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında yaranmış silahlı münaqişə ciddi rezonans doğurdu. Adi olayın kənar müdaxilələrlə şişirdilməsi və xalqlararası toqquşmaya, təhlükəli fəsadlara yol açma ehtimalı həm Azərbaycan, həm də Çeçenistan ictimaiyyətinin narahatlığına səbəb oldu. Kriminal zəmində baş vermiş hadisənin böyük qarşıdurma şəklində təqdimatı məsələyə Çeçenistan və Azərbaycan rəsmilərinin də qarışmasını şərtləndirdi. Tərəflərin sağlam düşüncəli nümayəndələrinin bir araya gəlməsi sayəsində yaranmış insidentin təxribat xarakterli ortaya atıldığı və ermənilər vasitəsi ilə körükləndiyi elan edildi. 

Lakin arzuolunmaz hadisənin meydana gəlməsi dəfələrlə müzakirə mövzusu olmuş və tarix boyu mühüm şəxslər tərəfindən təklif edilmiş "Qafqaz Evi” ideyasını yenidən gündəmə daşıdı. İdeyanı irəli sürənlər və dəstəkləyənlər hesab edirlər ki, əgər Qafqaz xalqları arasında belə bir platformanı təsis etmək mümkün olsaydı, zaman-zaman gündəmə gələn məişət xarakterli olaylar böyümədən çözülə bilərdi. 

Vurğulamaq lazımdır ki, "Qafqaz Evi" ideyası yeni məsələ deyil. İdeyanı ilk dəfə Qafqazda Mirzə Fətəli Axundov irəli sürüb. O illərdə Axundov Qafqazda bu ideyanın üzərində işləyəndə Gürcüstanda İlya Çavçavadze, Ermənistanda isə Xaçatur Abovyan etnik millətçilik ideyası üzərində işləyirdilər. İdeya həm Axundovun, həm də Mirzə Bala Məmmədzadənin fikirlərində əsas yerlərdən birini tuturdu. Məhz XIX əsrin sonlarında Qafqaz maarifciləri arasında bu ideya barədə ilkin müzakirələr gedirdi və onlar ideyanın təbliğini mühüm hesab edirdilər. 

"Qafqaz Evi”nin yaradılması ideyasının ilk dəfə rəsmi səviyyədə gündəmə gəlməsi Məhəmməd Əmin Rəsulzadə ilə bağlıdır. Üzeyir Hacıbəyovun "Biz hamımız qafqazlı balasıyıq" adlı məqaləsində də ideyanın region üçün əhəmiyyətli olduğu qeyd edilib. "Qafqaz birliyi”nin əsas müəlliflərindən biri olan Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə 1921-ci il mayın 8-də qafqazlı mühacirlər Azərbaycan Cümhuriyyətinin Paris nümayəndəliyinə yığışaraq "Qafqaz konfederasiyası"nı müzakirə ediblər. Beləliklə, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan nümayəndə heyətləri arasında müştərək saziş imzalanıb. Ancaq sonrakı proseslər sazişin həyata keçirilməsinə mane olub. 

Rəsulzadənin və onun mühacirətdəki gürcü dostlarının fəallığı ilə 1952-ci ildə Almaniyanın Münhen şəhərində Ümumqafqaz konfransı keçirilib və Rəsulzadə orada Qafqazın gələcəyi ilə bağlı fikirlər irəli sürüb. Nəzərə çatdıraq ki, "Qafqaz Evi” ideyasının qızğın tərəfdarı kimi azərbaycanlılar xüsusi fəallıq göstəriblər. Mühacirlərin yaşadığı ölkələrdə Gürcüstan və Dağlılar Respublikasının nümayəndələri ilə əlbir çalışıblar. Təəssüf ki, həmin dövrdə də ermənilər "Qafqaz Evi”nə münasibətdə destruktiv mövqe tutduqlarından, region xalqlarının siyasi-iqtisadi və mənəvi birliyi üçün son dərəcə vacib olan bu ideyanı həyata keçirmək mümkün olmayıb. SSRİ dağılandan sonra ideya yenidən ortaya çıxıb. 

Ümummilli lider Heydər Əliyev dəfələrlə Qafqaz ölkələrinin hansısa birlik şəklində birləşməsinə dair təkliflər səsləndirib. İdeya daha sonra Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəl və Gürcüstanın sabiq rəhbəri Mixail Saakaşvili tərəfindən də dilə gətirilib. 1992-ci ilin sentyabr ayında Çeçenistanın ilk prezidenti Cövhər Dudayev Qroznıda "Ümumi Qafqaz Evi”" təşkilatının üzvləri üçün "dəyirmi masa"nın təşəbbüskarı oldu. "Ümumi Qafqaz Evi" forum kimi qeydiyyata alındı və onun başçısı prezident Cövhər Dudayev təyin edildi. Lakin Qafqaz evinin ümumi forumunun yaradılması ideyası Çeçenistanda müharibənin başlanması ilə dayandı. 1996-cı il martın 8-də ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı 2 dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz Evi” ideyasının həllini xeyli çətinləşdirdi.

Strateji əhəmiyyətinə görə "Qafqaz Evi” Azərbaycan, Gürcüstan və Şimali Qafqaz xalqlarının təhlükəsizlik və əməkdaşlıq təşkilatı kimi qiymətləndirilir. Maraqlı burasıdır ki, Qafqaz İttifaqı ilə bağlı nəzərdən keçirilən konsepsiyaların heç birində Ermənistanın adı vurğulanmır. Bu isə təsadüfi deyil. Diplomatik dairələr, dünyanın görkəmli siyasətçiləri Ermənistanı Rusiyanın "Qafqaz dəyənəyi və forpostu” hesab edirlər.

Bəs indiki halda, mövcud problemləri diqqətə aldığımızda irəli sürülən ideyanın reallaşması mümkündürmü? Bəzi ekspertlərin fikrincə, bölgədə milli zəmində münaqişələr həll edilmədikcə, "Qafqaz evi"nin yaradılması xoş xəyal olaraq qalacaq.

Gündəmə gələn mövzu ilə bağlı "Şərq”ə danışan "Tolerantlıq” İctimai Birliyinin sədri, tanınmış siyasi şərhçi Azər Rəşidoğlu "Qafqaz Evi” ideyasını zəruri hesab etsə də, bunun reallaşmasının mürəkkəb olduğunu düşünür:

 "Azərbaycan, çeçen, gürcü və Dağıstan xalqları ilə tarixi dostluğunu bərpa etmək üçün bu ideyanı mütləq gerçəkləşdirməlidir. İdeyanın gerçəkləşməsinin qarşısını alan Rusiya və Ermənistandır. Ermənilər Qarabağ savaşı zamanı Rusiya KİV-lərində məlumat yayırdılar ki, çeçenlər Azərbaycana döyüşçü yardımı edir. Çeçenistan rəhbəri Cövhər Dudayevin Bakıya gəlməsi, daha sonra onun Gürcüstan lideri Eduard Şevardnadze ilə görüşməsi erməni və rusları narahat edirdi. 

Bu ideyanın gerçəkləşməsində Rusiya öz maraqlarını irəli sürdü. Moskva tərəfindən təklif edilən "3+1” modeli ortaya atıldı. Buna görə Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın yanında Çeçenistan istisna olmaqla "Qafqaz Evi” yaradılmalı idi. Daha sonra isə "3+3+2”, yəni Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Rusiya, Türkiyə, İran və ABŞ-AB modeli gündəmə gətirildi. Bu gün də ideyanın reallaşması üçün iki model üzərində təkliflər var. Lakin ortaq məxrəc əldə etmək çətindir. Çünki "Qafqaz Evi”nə daxil olacaq dövlətlərin müxtəlif coğrafi və altmədəniyyətlər quruluşlarına aid olmaları problemlər yaradır”.

Ekspert bildirib ki, Ermənistan belə ideyaların heç birini gerçəkləşməyə qoymur: 

"1996-cı ildə mərhum prezident Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı iki dövlət başçısının imzaladığı birgə Bəyannamə "Ümumi Qafqaz Evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı oldu. Lakin Ermənistanın təcavüzkar siyasəti və regiondakı konfliktlərin həllinin uzanması "Ümumi Qafqaz Evi" ideyasının həllini xeyli çətinləşdirdi”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-21