2019-02-19 13:08:10   |   108 dəfə oxunub

Rəsmi İrəvan sülh danışıqlarından yayınır

Ermənistan anlamalıdır ki, Qarabağ məsələsi ilə bağlı status-kvo belə davam edə bilməz



"İşğalçı Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil”. 

Bunu "Şərq”ə açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə münasibət bildirən parlament üzvü bildirib ki, İrəvan hökumətinin davranışına diplomatiyada status-kvonun legitimləşdirilməsi deyilir: 

"Məsələnin daha bir pis cəhəti də var. Bu da ondan ibarətdir ki, hazırda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri konfliktlərin həllində imperativ paradiqmanı dəyişdiklərini bəyan edirlər. Əgər əvvəlki paradiqma ədalət sonra sülh prinsipinə əsaslanırdısa, yeni paradiqma sülh, sonra ədalət prinsipinə əsaslanır. Adi məntiq isə bunu diktə edir ki, ədalət olmadan sülh mümkün deyil. Deməli, qlobal imperialist mərkəzlər öz siyasi-coğrafiyalarından kənarda sülh istəmirlər. Tam əksinə, lokal müharibə ocaqları yaratmaqla öz istismarçı strategiyalarını həyata keçirirlər. Buna bəzən idarə olunan xaos siyasəti də deyirlər. İstər müsəlman Şərqində, istərsə də Ukrayna və postsovet məkanında konfliktlərin bu qədər ardıcıl və uzunmüddətli olmasını həm də bu prizmadan qiymətləndirmək mümkündür”.

Millət vəkilinin sözlərinə görə, işğalçı Ermənistan beynəlxalq münasibətlər sistemində nəyin necə və hansı istiqamətdə inkişaf etdiyini izləyir və bunu bizə qarşı istifadə etməyə çalışırlar:

 "Ancaq şübhəsiz ki, Ermənistanda elə ciddi beyin mərkəzləri yoxdur ki, bütün bunları təhlil edib düzgün nəticə çıxara bilsinlər. Düşmən ölkəyə belə məsələlərdə mövqelərini dəqiqləşdirməkdən ötrü həm şimal, həm də qərb mərkəzli güclərdən hazır diplomatik reseptlər verilir. Onlar da buna uyğun hərəkət edirlər. Yəni dolayısı ilə problemi həll etmək üçün BMT-nin Təhlükəsizlik Şurasından xüsusi mandat almış qurum problemi həll etmək deyil, əslində onun həllinin mümkün qədər uzadılması ilə məşğul olur. Azərbaycanın qətiyyətli və tələbkar mövqeyindən sonra müəyyən ümidlər yarananda bir qədər yumşaq və problemin həlli yolu istiqamətində çox xəsisliklə də olsa, verilən pozitiv bəyanatların şahidi oluruq. Bir qədər sonra isə tutaq ki, Şimaldan belə bir rəsmi bəyanat verilir, "Dağlıq Qarabağ probleminin həllində bizim mövqeyimiz dəyişməyib, əvvəlki kimi problemin sülh yolu ilə həll edilməsini arzulayırıq”. Bu diplomatik bəyanın daxili məzmunu odur ki, biz mövqeyimizi dəyişməmişik və problemin həll edilməsinə icazə verə bilmərik. Çünki problem əslində bizim üçün həm Ermənistanı, həm də Azərbaycanı nəzarətdə saxlamaq üçün elə bir universal hərbi-siyasi alətdir, ondan əsla vaz keçə bilmərik. Bu isə işğalçı ölkənin maraqlarına cavab verir. İşğal etdiyi Azərbaycan torpaqlarını bu günə qədər nəzarətdə saxlamasına imkan yaradır”.

H.Babaoğlunun sözlərinə görə, son bir ilə yaxın müddətdə vəziyyət dəyişib: 

"İşğalçı ölkə bu yolla yaşamağın uzunmüddətli perspektivdə mümkün olmadığını başa düşür. Üstəlik, Azərbaycanın "Aprel və Naxçıvan döyüşləri” vasitəsilə verdiyi dərsi unuda bilmir. Ona görə də hazırda müxtəlif ziddiyyətli bəyanatlar verməklə ənənəvi Şimal və yeni Qərb təzyiqlərinin arasında bir tarazlıq tapmağa çalışır. Heç biri problemi həll etmək üçün Ermənistana heç bir təzyiq etmir. Ermənistana təzyiqlər sadəcə onun hansı mərkəzin nüfuz dairəsinə keçməsi məsələsindədir. Ona görə də işğalçı ölkə xristian təəssübkeşliyinə də arxalanaraq belə sərbəst davranır. 

Ancaq Azərbaycan bütün bunları görür və buna qarşı strateji diplomatiya və hərbi-siyasi güc müəyyənləşdirir. Prezident İlham Əliyev milli mətbuatımıza müsahibəsində bir daha vurğuladı ki, biz iqtisadi və hərbi-siyasi gücümüzü artırmaqla müasir, inkişaf etmiş və gələcəkdə də inkişaf etmiş olan Azərbaycan qururuq. Düşünürəm ki, bu strateji fikrin əsas məntiqindən biri də elə problemin həll edilməsilə bağlıdır. Təsadüfi deyil ki, cənab Prezident son müsahibəsində bir daha "Aprel və Naxçıvan döyüşləri”ni xatırlatdı. Bu, əslində həm də Ermənistana bir xəbərdarlıq kimi başa düşülə bilər”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-03-24