2019-02-19 13:25:11   |   196 dəfə oxunub

Mediada reportaj janrı çox az görünür

Ekspertlər bu sahənin inkişafdan geri qalmasının səbəblərini açıqlayıblar

"Medianı idarə edənlərin də üzərinə məsuliyyət düşür. Sadəcə reportyorları qınamaq doğru deyil. Çünki son sözü deyən reportyor deyil, reportyor tapşırığı icra edəndir"



Ölkə mətbuatının inkişaf etdirilməsi istiqamətində çoxsaylı addımlar atılsa da, bir sıra çatışmazlıqlar hələ də qalır. Xüsusən də mediada reportaj janrında yazılara az rast gəlinməsi kimi iradlar həm ekspertlər, həm də oxucular tərəfindən tez-tez səslənir. Jurnalistikada reportajın öz yeri və çəkisi olduğu qeyd olunur. Sözsüz ki, medianın ən maraqlı və oxunaqlı sahələrindən biri reportaj janrıdır. Bu janrın əsas vəzifəsi baş verən ictimai əhəmiyyətli, əlamətdar, tipik, bir çox hallarda qeyri-adi hadisəni obrazlı şəkildə canlandırmaq və oxucuya təqdim etməkdir. Reportajda sanki oxucuların özləri də baş verənləri yaxından seyr edir və hadisənin canlı iştirakçısına çevrilir. Ona görə də əsl reportajlar cəmiyyətdə böyük rezonans doğuran, ictimai maraq kəsb edən məqamlarla zəngin hadisələrə həsr edilir. Müxbirlər öz reportajlarında hadisə yerindən qaynar xəbərlər çatdırdıqlarına görə, reportaj jurnalistika janrı kimi müəllifdən şəxsi münasibət tələb edir.

Reportaj şahidin vacib və aktual hadisə barədə öz hekayəsinə çevrilir. Çünki reportaj sadəcə faktların sadalanması deyil, həmçinin, şəxsi analiz deməkdir. O baxımdan jurnalist araşdırmasını həyata keçirən reportyorlarda bacarıq, təcrübə, səriştə kimi vacib keyfiyyətlər olmalıdır. Araşdırmaçı reportyorlar tədqiqatçılıq işini sona çatdırmaqda inadkar olmalı, müxtəlif maneələr qarşısında məyus duruma düşməməlidirlər. Önəmli sənədləri axtarıb tapa bilmə və onları qoruyub saxlama bacarığı reportyorun diqqət yetirməli olduğu əsas məqamlardır. Nəzərə almaq lazımdır ki, sırf elmi araşdırma dar oxucu kütləsinə, jurnalistin apardığı araşdırma isə geniş oxucu auditoriyasına ünvanlanır və bu səbəbdən sonuncunun təsir dairəsi daha geniş olur. Media ekspertləri reportaj janrının önəmli olduğunu vurğulasalar da, ölkəmizdə bu sahənin inkişafdan geri qaldığını düşünürlər. Onların fikrincə, dünya ölkələri ilə müqayisədə Azərbaycan mətbuatında peşəkar reportyorların sayı çox azdır.

Qəzetlərdə reportajlara daha geniş yer vermək olar

"Azvision.az xəbər portalının müxbiri Anar Kəlbiyev də mediada reportajların az olması ilə bağlı səslənən fikirləri doğru hesab edir. O düşünür ki, bunun əsas səbəbi onlayn medianın inkişafı ilə bağlıdır: "Məlum olduğu kimi onlayn mediada daha çox xəbərə yer verilir. Bunun bir səbəbi də oxucuların böyük yazılara maraq göstərməməsidir. Onlayn media nümayəndəsi kimi deyə bilərəm ki, bir çox hallarda özüm də böyük yazıları oxumuram. Bu gün artıq materialların qısa video vasitəsilə çatdırılması daha effektivdir. Çünki günün tələbi budur. O baxımdan yorucu, yazısı çox geniş olmayan reportajlar hazırlamaq olar. Onlayn mediada yazı ilə bərabər bunu video vasitəsilə çatdırmaq imkanları da mövcuddur. Bu baxımdan videoreportajların çoxalması daha yaxşı olardı. Qəzetlərdə isə reportajlara daha geniş yer vermək olar. O baxımdan ki, onlayn media xəbərləri daha sürətlə yayır. Qəzetlər isə xəbərdən daha çox müsahibələrə, təhlillərə və reportajlara yer ayırsa, yaxşı olar”.

Jurnalistlik yaradıcılıq işidir, bu işin bir romantikası var

Teleqraf.com saytının əməkdaşı Mənsur Rəğbətoğlu da deyib ki, istər qəzetlər, istərsə də saytlarda gedən reportajların sayı hiss olunan səviyyədə azalıb. Ölkəmizdə "oturaq jurnalistika” formalaşıb, "oturaq jurnalistlər” ortaya çıxıb. Onun sözlərinə görə, indi az qala heç zəng edib açıqlama alan da yoxdur, saytlar, qəzetlər ekspertlərin, müğənnilərin, deputatların feysbuk statusları ilə doludur: 

"Əvvəllər belə deyildi” də, deyə bilmirəm, çünki mən jurnalistikaya gələndən bu mühiti belə görmüşəm. Buna görə nəyin davasını apardığımı da bilmirəm. Amma dəqiq bilirəm ki, belə olmamalıdır. İndi hansısa sosial problemi qabardan xırda bir reportaj hazırlayırsan, adamlar girib şəkillərə baxıb çıxırlar. Lakin hansısa müğənninin yataq otağından "Dədə-Qorqud” dastanı boyda reportaj yazırsan, girib nöqtə-vergülünə qədər əzbərləyirlər. Üstəgəl də, sosial şəbəkədə bunu müzakirə edirlər. İnsanlar elə bil öz talelərinə də biganədirlər. Bəlkə də mətbuatın axırına çıxan elə bu biganəlikdir. Jurnalistlik yaradıcılıq işidir, bu işin bir romantikası var. Həmin romantikayla özünü oda-közə vurub ortaya nəsə çıxara bilirsən, axırda da Kərəm kimi sənə elə o odda yandırdığın canının külü qalır. Bu kül də öz başına ələməkdən başqa heç nəyə yaramır. Amma hər şeyə rəğmən bu işi sevənlər var. Jurnalistika məhz həmin kərəmlər üçün Əslidir”.


"Milli.az” saytının baş redaktoru Anar İmanov bu sahədə Azərbaycan mətbuatında ciddi problemlərin olduğunu vurğulayıb:

"Problemlər ondan ibarətdir ki, reportajların çoxu maraqsızdır. Düşünürəm ki, hazırlanan ümumi reportajlar oxucuların marağını kəsb edir, amma onlar daha da maraqlı ola bilərdi. Reportyorların sayını qənaətbəxş hesab etmirəm. Hər redaksiyada bir neçə reportyor olmalıdır, çünki bir reportajın hazırlanması kifayət qədər vaxt alır və bir gündə bir neçə reportaj yazmaq çox çətin məsələdir. Hesab edirəm ki, bu sahə media üçün çox əhəmiyyətlidir, çünki maraqlı reportajlar oxucuları cəlb edir, onların sayını artırır”. Baş redaktor bu problemin hamı üçün prioritet olduğunu söyləyib: "Bu yaxınlarda gənc jurnalistlərlə görüşümüz oldu. Problemləri müzakirə edərkən biz ümumi qənaətə gəldik ki, Azərbaycan mətbuatında bir nömrəli problem reportajların olmaması və ya kifayət qədər maraq doğuran şəkildə yazılmamasıdır. Sonuncu dəfə çox maraqlı reportaja nə vaxt rast gəldiyimi xatırlamıram. Bircə o yadımdadır ki, bir neçə ay öncə çox bərbad hazırlanmış bir reportaj oxumuşdum”.

Əgər reportajlara ayrıca büdcə ayrılsa...

"Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal isə deyib ki, reportajların az olmasının səbəbini yalnız jurnalistlərdə axtarmaq doğru olmaz. Bunu şərtləndirən bir neçə səbəb var: "Birincisi, onlayn media həm də dinamizm, xəbərçilikdə sürət, rəqabət deməkdir. İndi operativliyə iddialı media orqanları xəbərə ilk özünün çatmasına, xəbəri ilk özünün tirajlamasına çalışır. Və bütün qüvvələrini də buna səfərbər edib. Ona görə də əməkdaşın hətta bir neçə saat bu gərgin prosesdən kənarda qalması rəhbərliyə sərf etmir. Bir çox hallarda tədbirlərdən reportaj hazırlamaq üçün əməkdaş göndərilmir. Hesab edilir ki, müxbir gedib tədbirdə 2 saat vaxtını itirdiyi müddətdə daha effektiv işlə məşğul ola bilər. İnternetdən maraqlı informasiya əldə edə, yaxud, sensasiyalı açıqlama ala bilər. İkincisi, hazırda oxucu kütləsi daha çox internetdə cəmləşib. İnternetdə isə böyük həcmli materialların oxunmasının göstəriciləri o qədər də yüksək deyil. İnsanlar həm öz vaxtlarının azlığından, həm də informasiya axını qarşısında olduqları üçün belə deyək ki, "qaçan xəbərlər”i təqib etməyə üstünlük verirlər.

Üçüncü səbəb kimi maddi maraqlandırmanı qeyd edə bilərəm. Əgər reportajlara ayrıca büdcə ayrılsa, bu zaman müxbir səs-küylü reportajlar hazırlamağın arxasınca gedər”.

Media üzrə ekspert, professor Zeynal Məmmədlinin fikrincə, bu problem təkcə Azərbaycanla bağlı deyil, dünya mətbuatında reportaj janrına münasibət dəyişib:

"İnformasiya-kommunikasiya texnologiyaları və sosial şəbəkələr inkişaf edir. Bununla da virtual aləmdə hər şəxsin özü jurnalistə və redaktora çevrilir. Belə situasiyada media üçün hazırlanan materiallar təbii olaraq qısalır. Çünki indi xəbəri hamıdan daha tez ictimaiyyətə çatdırmaq mübarizəsi gedir, xəbərin doğru və yanlış olması məsələsi arxa plana keçir. Burada peşəkar media ilə mediaya bənzər vasitələrin yarışı müşahidə olunur. Bu uzunmüddətli yarışda peşəkar media qalib gələ və əvvəlki kimi optimal yazı həcmini ictimaiyyətə diktə edə bilər. O zaman materialın qısalığı doğruluğun ziyanına olmayacaq. Nəzərə almaq lazımdır ki, peşəkarlıq qısalıqda həcm nəzarətdə saxlanılır və doğru xəbərlər yetərli ölçüdə oxuculara təqdim olunur”.

Ekspert bildirib ki, digər ən mühüm məsələ jurnalistlərin peşəkarlığı, təcrübəsi ilə bağlıdır: "Medianı idarə edənlərin də üzərinə məsuliyyət düşür. Sadəcə reportyorları qınamaq doğru deyil. Çünki son sözü deyən reportyor deyil, reportyor tapşırığı icra edəndir. Onu hadisə yerinə yönəldən redaktor və media meneceridir.

 Əgər hər iki tərəf peşəkardırsa, o zaman redaktorla reportyor arasında dialoq jurnalistikanın inkişafına xidmət edir. Bütövlükdə isə cəmiyyətin xeyrinə olur. Əks halda, bugünkü durum yaranır”. 

Professorun sözlərinə görə, Azərbaycan televiziyalarında proqram təminatı və menecerlərin mövzu seçimi ilə bağlı problemlər var. Ona görə də efirlərdə geniş reportajlara yer verilmir: 

"Bilirsiz, media müasir şəraitdə diqqəti özünə cəlb etmək, oxucu auditoriyasını genişləndirmək istəyir və bunun üçün müxtəlif yollar axtarır. Təsəvvür edin ki, peşəkar media "Barselona” futbol komandasıdır, sosial media isə "Qəbələ”dir. Əgər komandalar arasındakı fərqi nəzərə alsaq, hansının qələbə qazanmaq şansının çox olduğunu müəyyən edir. Peşəkar qurumlar həmişə ən yaxşıları seçmə şansına sahib olurlar. Ona görə də daim uğur qazanırlar və karyera qura bilirlər. Aradakı fərq budur. Həqiqi media cəmiyyətə fayda üzərində köklənir. Sosial medianı isə çox asanlıqla təbliğat vasitəsinə çevirmək mümkündür. Çünki orada əsas olan doğru informasiyanı vermək deyil. Amma peşəkar medianın məsuliyyət hissi var”.

(Davamı olacaq...)

Şəymən







SON XƏBƏRLƏR

2019-03-24