2019-02-19 13:40:44   |   253 dəfə oxunub

Ətrafın sual yağışı onları susdurdu

Nə vaxta qədər qəddar ənənələri özümüzə yol seçəcəyik?

Təsəvvür edirsiniz ki, iki yetkin ər-arvad sonsuzluq ittihamından qurtulmaq üçün intiharı qəbul edir



Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə - ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub.

Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib.

Qonşular intihara səbəb kimi sosial problemlərin olduğunu iddia etsə də, icra nümayəndəsi hadisənin sosial problemlər səbəbindən baş vermədiyini, güzəranlarının yaxşı olduğunu deyib. Həmin bölgədə yaşayan ictimai fəal Emil Məmmədov isə hadisənin tənədən qurtarmaq üçün baş verdiyini yazıb:

 "Xeyli vaxtdır ki, ailə qurmalarına baxmayaraq övladları olmayan cütlük yaxınlarının tənəsinə görə ayrılmaq qərarı versələr də, ər buna dözməyərək özünü həyətdəki ağacdan asaraq öldürüb. Bunu atası evində eşidən qadın da eyni üsulla intihar edib”.

Hər halda əsassız iddia deyil… Sonsuzluq ailə üçün yaşanacaq ağır bir zədə olduğu halda, ətrafdakı insanlardan sual atəşi də vəziyyəti kifayət qədər gərginləşdirir. Məhz sonsuzluqla bağlı suallar gənc ailə tərəfindən psixoloji təzyiq kimi qəbul edilir. Buna görə də cütlüklərin ən böyük düşməni psixoloji təzyiq sayılır. Psixoloji təzyiq isə daha çox ailə üzvləri tərəfindən başlanır. 

Qayınana, baldız, ana, qohumlar, qonşular tərəfindən verilən suallar, məsləhətlər gənc evliləri stresə salır. Əksər hallarda qadınlar təklənir, problemin səbəbi kimi göstərilir və ailələr belə qərar verir ki, qadın sonsuzdursa, mütləq onu boşamaq lazımdır. Nəslin davamı üçün ailəyə övlad lazımdır.

Görəsən, bizim adət-ənənələrimiz nə vaxta kimi özümüzə qənim kəsiləcək?
Necə xilas olmaq olar bu stereotiplərdən?

… biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik

"Qadın və Uşaq Akademiyası" İctimai Birliyinin təsisçisi Sevinc Fədainin "Şərq”ə açıqlamasına görə, qadın ancaq ana deyil, qadın sadəcə övlad dünyaya gətirib nəsil artırmaq üçün vasitə deyil. Qadın da insandır və o, sadəcə doğmaqla var olmur. Ana olmaq şansı varsa belə, bu, onun öz istəyindən və seçimindən asılıdır: "Təkcə bizdə yox, bir çox cəmiyyətlərdə insan həyatını, sağlamlığını və xoşbəxtliyini kölgədə qoyan, hətta təhlükə altına salan adət-ənənələr, inanclar var. Və nə yazıq ki, bu inanc və ənənələr insan həyatına nə qədər zərər vursa da, nəsildən-nəslə ötürülür. Genetik xəstəlik kimi... Ancaq bir fərq var ki, biz bu zərərli mentallıqla mübarizə apara, ondan və onun ziyanlarından qurtula bilərik. Ağıllı cəmiyyətlər və ya cəmiyyətin qeydinə qalan ağıllı adamlar buna çalışırlar”.
S. Fədai deyib ki, adət-ənənələr bizə o vaxta kimi qənim kəsiləcək ki, biz onlarla üstümüzə gəlinməsinə, həyatımıza, seçimlərimizə müdaxilə edilməsinə icazə verəcəyik: "Həyatımızın necə idarə olunması, hansı həyat tərzinə və ailəyə sahib olacağımız, kiminlə evlənəcəyimiz, kiminlə boşanacağımız, valideyn olub-olmamağımız tamamilə öz iradəmizdən, qərarlarımızdan və seçimlərimizdən asılıdır. Buna heç kim qarışa bilməz, seçimlərimizi müzakirə etmək, həyatımız haqda hökm çıxarmaq haqqı heç kimə verilməyib. Bu, öz ixtiyarımızda və öz məsuliyyətimizə aid olan məsələdir. Ailədə, nəsildə böyüklər, ağsaqqallar, ağbirçəklər isə övladı, o nəslin gənc nümayəndələrini qəlibə salmaq, buxovlamaq, zorla evləndirmək, zorla boşandırmaq üçün deyil. Yaşa, həyat təcrübəsinə söykənən ağıllı məsləhətlər verə, yön göstərə bilərlər, amma bu, o demək deyil ki, qarşılarındakı deyilənləri bir qayda olaraq yerinə yetirməlidirlər. Və ya yerinə yetirmədilərsə, bu, tərbiyəsizlik, böyüksüzlük deməkdir. Valideynlər bu mənada öz övladına hökm etməkdənsə, həyata hazırlasınlar, onlara seçim şansı versinlər. Verdikləri yanlış və ya doğru qərarın nəticəsini yaşamağa şərait yaratsınlar. Övladlarının həyatına sahiblənmək inadından vaz keçsinlər, bu, onların həyatı, onların seçimi, onların məsuliyyətidir”.

Valideynlərin nəvə istəyi ucbatından iki insanı biri-birindən ayırması cahil hikkəsindən başqa bir şey deyil

Birlik sədrinin sözlərinə görə, həyatı zindana çevirən elə qayda-qanun yaradıb, adını da adət-ənənə qoyurlar ki, artıq adət və ənənə məfhumları müsbət mənasını itirməkdədir: "Son illərdə yetərincə mentalitet və adət-anənənin qurbanına çevrilən insan həyatı izləməli olduq. Bu qədər insan faciəsi bu adət-ənənə buxovundan qurtulmağa kifayət etmirmi? Edir. Bəs niyə xilas olmaq istəmirik? Çünki düşünmürük, düşünmək istəmirik. Bütün faciələrin kökü cahillikdədir. Bəşər övladının taleyi, ailəsi bir belə bəsitliyə qurban gedə bilməz. Təsəvvür edirsiniz, iki yetkin insanın birliyini pozacaq, onları ölümə sürükləyəcək qədər qəddar ənənələri özümüzə yol seçmişik, işıq tutmuşuq.

Lakin bütün hallarda deyim ki, cəmiyyət olaraq bu kimi intiharların kökündə sevgi yatır deyə təqdir etməməliyik. Kökündə sevgi dayanan bir münasibət bütün stereotiplərə qalib gəlməli idi. İki insan şüurlu və könüllü birlikdə olmaq istəyirsə, burda artıq üçüncü şəxs kim olur-olsun, onun istəyi heç bir şey ifadə etmir və qərarlara təsir etməməlidir. 

Bir qədər kobud səslənə bilər, ancaq valideynlərin nəvə istəyi ucbatından iki insanı biri-birindən ayırması hikkədən, cahil hikkəsindən başqa bir şey deyil. Bu hikkəyə isə sadəcə özünə, insan olaraq məninə, şəxsiyyətinə, arzularına, seçimlərinə hörmət edəcək dünyagörüşə sahib bir nəsil qalib gələ bilər. Nəinki kəndirə boyun keçirib məğlub olmağı seçən nəsil”.

Bizə eqoizmin mənfi şəkildə aşılandığını vurğulayan S.Fədainin sözlərinə görə, eqo bizim mənimizdir, bütün bu adət-ənənə adı verdikləri şərtlər isə bizim mənimizi məhv etməyə, bir növ kölələşdirməyə yönəlib: 

"Bütün bu qaragüruha, cəhalətə məhz elə öz eqomuzla qalib gələ bilərik. Yetər ki, sağlam düşüncəyə açıq olaq, öyrənməyə, sağlam müzakirəyə, inkişaf etməyə açıq olaq.

Bu intihar hadisəsinin müzakirəsi zamanı bir nüans qeyd edildi ki, hamı eyni iradəyə sahib deyil, onlar bütün bu tənələr qarşısında dözüm nümayiş etdirə bilməyiblər, yorulublar. Başa düşməyə çalışıram, insanın tab gətirmədiyi bir məqam olur. Və o məqamda insana dəyərləri, öz şəxsiyyətinə və həyatına sayğısı kömək edir. 

Buna görə də özümüzü, düşüncəmizi sağaltmalıyıq, özümüzə, fikirlərimizə dəyər verməyi bacarmalıyıq. Özümüzü psixoloji cəhətdən bitkin hiss edəndə psixoloq yardımı almaqdan çəkinməməliyik. Ümumiyyətlə isə, hər bir fərddə özünədəyər anlayışını formalaşdırmaq və inkişaf etdirmək üçün ailədən, bağçadan, məktəbdən başlayaraq bütövlükdə cəmiyyət, KİV, psixoloqlar, sosioloqlar, sağlam düşüncəli qələm əhli – hər kəs çalışmalıdır”.

Şəymən







SON XƏBƏRLƏR

2019-03-24