2019-02-19 13:46:38   |   271 dəfə oxunub

Həbsxanada kitab oxu, cəzan azalsın

Hüquqşünaslar təklifi bəyənirlər, ancaq onun Azərbaycanda reallaşmasına şübhə edirlər



Yazıçı Seymur Baycan Ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazıb.
Məktubda Braziliyada böyük həbsxanalarda maraqlı və faydalı bir proqramın həyata keçirildiyini qeyd edən S.Baycan yazıb ki, həbsxanada bir əsər oxuyub, əsər haqqında esse yazan məhbusun cəza müddəti dörd gün azaldılır. Əgər məhbus heç olmasa ayda bir kitab oxuyub, oxuduğu kitab haqqında esse yazsa, bu o deməkdir ki, bir ildə onun cəza müddəti qırx səkkiz gün azalır. Həbsxana kitabxanalarında ədəbiyyata, elmə, fəlsəfəyə və tarixə aid kitablar var. Kitab seçimində məhbus sərbəstdir. Yazıçı nazirə müraciətində bu proqramın bizim ölkəmizdə də tətbiq edilməsinin dövlətimizə, vətənimizə və xalqımıza xeyli fayda verəcəyini deyib: ”İnsanlar şəraitdən istifadə edib savadlanar. 

Sirr deyil ki, istər həbsxana olsun, istərsə də azad həyat, adamlar bekarçılıqdan böyük əziyyət çəkirlər. Bekarçılıq hər bir yerdə, hər bir şəraitdə insanları cürbəcür pis əməllər törətməyə vadar edir. Bekarçılıq və boşluq insanların ən böyük bəlalarından biridir. Bunu mübaliğəsiz və şişirtməsiz tam qətiyyətlə demək olar. Müşahidələr və baş verən bir çox hadisələrin məzmunu göstərir ki, insanlar bir çox hallarda bekarçılıqdan və boşluqdan mənfi əməllərə meyl edirlər və nəticədə cinayət törədirlər. 

Bu proqramın ölkəmizdə həyata keçirilməsi insanları ən böyük bəlalardan biri olan bekarçılıqdan xilas edə bilər. Üstəlik, insanın günahını anlamadan, günahını başa düşmədən cəzalandırılması onu bir şəxs kimi cəmiyyət üçün daha da yararsız hala salır. İnsanın islah edilməsi daha da çətinləşir. Ədəbiyyat isə insanın öz günahını anlamasında, öz keçmişinə, daxili dünyasına səyahət etməsində, varlığının, hərəkətlərinin özü tərəfindən təftiş olunmasında etibarlı, səhih, düzgün mənəvi xəritə rolunu oynamaq, bu funksiyanı yerinə yetirmək gücündədi. 

Çünki ədəbiyyat insan hisslərini daha da itiləyir, insanı həssaslaşdırır, həyatı və həyatda baş verən hadisələri anlamaqda əlavə bir pəncərə açır”.

F.Məmmədov haqqında eşitdiyi xoş sözlərə ümid edən yazıçı nazirin sözügedən faydalı proqramın ölkəmizdə də həyata keçirilməsində təşəbbüs göstərəcəyinə inandığını qeyd edib.

Yazarın təklifini "Şərq”ə şərh edən hüquq müdafiəçisi və millət vəkili təklifi bəyənsələr də, proqramın reallaşdırılması üçün Azərbaycanda qanunvericilik bazasının olmadığını deyiblər.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Braziliyada penitensiar cəza sisteminin həddindən artıq sərt olduğunu deyib. Onun sözlərinə görə, Braziliya həbsxanalarındakı rejim Azərbaycanın cəza sistemi ilə müqayisəyə gəlməyəcək dərəcədə ağırdır: 

"Hətta oradakı cəza sistemi ABŞ-dan belə sərtdir. Braziliyada məhkumlara qarşı münasibətdə çox ciddi problemlər var. 

Lakin buna rəğmən həbsxanada bir əsər oxuyub, əsər haqqında esse yazan məhbusun cəza müddətinin dörd gün azaldılması barədə mən də eşitmişəm. Seymur Baycanın təşəbbüsünə gəldikdə isə öz adıma alqışlayıram, məqsədəuyğun təklifdir. Amma ölkə qanunvericiliyində məhkumlar üçün bu cür güzəşt nəzərdə tutulmadığından sözügedən proqramın Azərbaycanda icrası real görünmür. Bəlkə də bu təklifi dəyərləndirmək olar, amma effekti nə dərəcədə müsbət olacaq, bunu əvvəlcədən öyrənmək lazımdır”.

Azərbaycanın cəzaçəkmə müəssisələrində kitabxanaların olduğunu vurğulayan S.Məmmədovun sözlərinə görə, bu addım məhbuslar arasında mütaliə təbliğatının artırılması üçün atılıb: "İctimai Komitə üzvü olduğumdan bilirəm ki, Qobustan təcridxanasında hələ də kiril əlifbası ilə oxuyub yazan məhbuslar var. Onlar bizdən rus dilində və ya köhnə əlifba ilə olan kitablar istəyirlər. Biz hər dəfə monitorinq edəndə kitabxanalara abunə olan məhbusların sayına da diqqət yetiririk. Çox istərdim ki, kitab oxuyan məhbusların sayının artırılması üçün əlavə tədbirlər görülsün. Amma nədənsə, məhbuslar daha çox dini kitablar oxumağa üstünlük verirlər. Dini ayrıseçkiliyi və ədavətə səsləyən ədəbiyyatlar isə cəzaçəkmə müəssisələrinə buraxılmır”.

Azərbaycanda nümunəvi məhkumların cəzalarının azaldılması üçün
vaxtından əvvəl şərti azadetmə institutunun olduğunu vurğulayan hüquq müdafiəçisi Komissiyanın fəaliyyətinin effektiv olduğunu deyib:

"Vaxtından əvvəl şəxslərin şərti azad edilməsilə bağlı komissiya intensiv işləyir və o şəxslər ki, cəza çəkdikləri müddətdə özlərini intizamlı aparıblar, cəzalarının qanunvericilikdə nəzərdə tutulmuş hissəsini çəkiblər, törətdikləri əməllərdən peşmandırlar, biz məhkəmələrə onların vaxtından əvvəl şərti azad olunması və yaxud da cəza rejiminin məntəqə tipli cəza rejimi ilə əvəz olunması ilə bağlı rəy veririk. Təbii ki, bu zaman məhkumların mütaliəli olması, ictimai fəaliyyəti də nəzərə alınır. Amma konkret yazarın təklifini reallaşdırmaq üçün qanunvericiliyə dəyişiklik edilməlidir. Hər halda bu, Braziliya təcrübəsidir, bizdə müsbət effekt verib-verməyəcəyi bəlli deyil. Bizim də hansısa təcrübəmiz xaricilər üçün diqqətçəkən ola bilər, amma icra mexanizmi özünü doğrultmaz. İstənilən halda bir hüquq müdafiəçisi kimi təşəbbüsü dəstəkləyirəm”.

Millət vəkili Fazil Mustafa da Azərbaycan qanunvericiliyinə belə bir proqramın həyata keçirilməsi üçün təməl olmadığı deyib: 

"Ağıllı təklifdir, məncə, müəyyən güzəştlərlə icra mexanizmini tapmaq olar. Kitabın, mütaliənin stimullaşdırılması üçün bu cür addımların olduqca faydası var. Bu proqram məhkumların pessimist əhval-ruhiyyədən uzaqlaşmasına səbəb ola bilər. Hesab edirəm ki, bu təklifi gündəmdə saxlayıb, reallaşmasına çalışmaq lazımdır. Qanunvericilik bazası olmasa da, mümkünsüz deyil. Belə bir güzəşt etmək olar”.

Şəymən





SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26