2019-02-19 13:50:26   |   172 dəfə oxunub

Bələdiyyələrə yerli-yersiz müdaxilələr var

Özünüidarəetmə orqanlarındakı neqativlər də bu müdaxilələrdən yaranır




«Bələdiyyələrin inkişafı və qarşılaşdıqları problemlərin həlli ilə bağlı irəli sürülən təkliflər paket formasında təqdim edilməlidir. Əsas məqam isə bir istiqamətə - dövlət siyasətinin sürətli və operativ şəkildə icrasına yönəldilməlidir».

Bu sözləri "Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bələdiyyələrin fəaliyyətə başlamalarının iyirminci ili çərçivəsində mövcud problemlərin həllindən danışarkən deyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş İdarə statusunda olan Bələdiyyələrlə İş mərkəzi öz üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilir. Bu, danılmaz bir faktdır. 

Lakin məsələ ondadır ki, mərkəz qurumlararası koordinasiyanı həyata keçirmək səlahiyyətində deyil. Yəni bu qurum ona edilən müraciətlərə baxır, protokolları qəbul edib, onun qanunauyğunluğunu müəyyən edir, yəni inzibati nəzarəti həyata keçirir və ciddi şəkildə bələdiyyələrə metodoloji yardım göstərir.

V.Tofiqlinin sözlərinə görə, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması tək mərkəzin hazırkı statusu çərçivəsində həll edilə bilməz. Bu gün mərkəzin səlahiyyətində ancaq inzibati nəzarət funksiyası saxlanılmaqla strukturunun və statusunun artırılmasına ehtiyac var:

"Bununla yanaşı həm inzibati nəzarətin, həm də metodoloji dəstəyin həyata keçirilməsinin bir mərkəzdə cəmləşdirilməsi düzgün sayılmamalıdır. Götürək elə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzini. Biri yalnız təhsil proqramı hazırlayıb tədrislə məşğuldur, digəri isə sırf hazır tələbələrin bilik səviyyəsini mütərəqqi üsullarla yoxlamaqla məşğuldur.

Mövcud təcrübədən yararlanaraq, bu məqamı bələdiyyə sisteminə də tətbiq etmək olar. Yəni inzibati nəzarətin tətbiqi Ədliyyə Nazirliyində qalmaqla, bələdiyyələrə metodoloji yardımın göstərilməsi, mərkəzi, yerli icra və qanunverici orqanlararası koordinasiya əlaqələrinin qurulması, bələdiyyələrə ayrılan dotasiyanın və subvensiyanın bölüşdürülməsi, bələdiyyə problemlərinin ictimailəşdirilməsi, qəbul edilmiş qanunların yerlərdə izahının həyata keçirilməsi və digər məsələləri həyata keçirən dövlət orqanının yaradılmasına ehtiyac var”.

Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə yerli-yersiz müdaxilələrin olduğunu deyən Birlik rəhbəri hesab edir ki, məhz bu müdaxilənin nəticəsində bələdiyyələrin DSMF-yə kifayət qədər borcu yaranıb. Nəticədə 1000-ə yaxın bələdiyyənin bank hesabı bağlanıb:

 "Üstəlik, dotasiyanın bölüşdürülməsi məsələsi, habelə bu il ayrılacaq subvensiya məsələsi və ya bələdiyyələrə əmlakın və torpaq fondunun verilməsiylə bağlı problemlərin olması göz qabağındadır. Məhz ayrılan dotasiyanın və subvensiyanın bu yaradılacaq qurumun peşəkar mütəxəssislərdən ibarət xüsusi komissiya üzvlərinin iştirakıyla bölüşdürülməsi ilk növbədə bu sahədə şəffaflığı təmin etmiş olar. Nəticədə bu gün ortada olan neqativ hallara da birdəfəlik son qoyular. Və ən əsası bələdiyyələrin əmlak məsələləri və torpaqla bağlı problemlərin olması da danılmaz faktdır. 

Günü-günə calamaqla bugünədək bələdiyyələrə xəritələrin verilməməsi, onlara məxsus torpaq fondunun müəyyən edilməməsi, paytaxt bələdiyyələrinə əmlakın və torpağın verilməsi hələ də sual altında qalır. Fikrimcə, istənilən halda, atılan addımların əsas qayəsi bələdiyyələrin fəaliyyətinə kənar müdaxilənin azaldılmasına yönəldilməlidir. Məhz yaradılacaq qurum, Yerli özünüidarəetmə Şurası və ya Azərbaycan Prezidenti yanında Bələdiyyələrin inkişafına Dövlət Dəstəyi Fondu qismində ola bilər. Ölkəmizdə isə artıq bu tipli özünü doğruldan bir qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının şəxsində mövcuddur".

V.Tofiqli deyib ki, yaradılacaq orqan öz səlahiyyətləri daxilində dövlət siyasətini və bələdiyyələrin fəaliyyətində normativ-hüquqi tənzimləmələri həyata keçirən, bələdiyyələrin qarşılaşdığı problemləri həll edən, kənar müdaxilələrin qarşısının alınmasına köməklik göstərən, mütərəqqi ideyaları bələdiyyə sisteminə tətbiq edən mərkəzi icra hakimiyyəti orqanı kimi də təsis edilə bilər: 

"Həmçinin, bu orqana qurumlararası koordinasiya ilə bağlı səlahiyyətin verilməsi, bələdiyyələrə real metodik yardımın göstərilməsi, beynəlxalq təcrübənin paylaşılması, dotasiya və subvensiyanın ayrılmasına və xərclənməsinə nəzarətin və digər əlavə səlahiyyətlərin verilməsi nəticədə bələdiyyələrin inkişafına təkan verər, habelə hazırda dolaşan neqativ halların qarşısı alınmış olar”.

Şəymən





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25