2019-02-19 13:53:47   |   152 dəfə oxunub

"Mən həyatımı Aynişana qurban vermişəm..."

Aybəniz Haşımova: "Sadəcə, həyatın xırda qayğılarını Türkiyədə gördü deyə ona çətin gəlib"



Səhnədə elə səslər, elə sənətkarlar olur ki, onların yerini nə doldurmaq mümkündür, nə də əvəzləmək. Bu təkcə istedadla bağlı məsələ də deyil. Çünki səhnədə özəlliyini hiss etdirmək, varlığını təsdiqləmək, sənətinlə sevilmək üçün təkcə səs, istedad köməyə yetmir. Eyni zamanda səhnədə olan sənətkardan böyük səhnə mədəniyyəti, əxlaqi keyfiyyətlər, mənəvi dəyərlər tələb olunur. Bu gün səhnədə olan tanınmışların böyük əksəriyyətində bu keyfiyyətlər çatışmır. Elə bəlkə də ona görə səhnəmiz bəsit, sönük görünməyə başlayıb. «Şərq»in budəfəki qonağı isə təkcə sənəti ilə deyil, eyni zamanda xanım-xatunluğu, səhnə mədəniyyəti, məktəbi ilə seçilən Əməkdar artist Aybəniz Haşımova oldu.

- Hər vaxtınız xeyir. Deyəsən yol üstündəsiz...

- Bəli, tələbələrimlə Türkiyəyə yola düşürük. Artıq bir neçə ildir ki, mən tələbələrimlə Xocalı faciəsi ilə əlaqədər xarici ölkələrdə çıxışlar edirəm. Bu il Türkiyədə növbəti dəfə tələbələrim səhnəyə çıxacaq. Xocalı şəhidlərinin ruhu yad ediləcək. Azərbaycan xalqının şanlı səhifəsinə qanlı hərflərlə yazılan Xocalı soyqırımı ilə əlaqədar Türkiyədə tədbir təşkil edilib. Biz də o tədbirdə iştirak edirik. 18 tələbəmlə qardaş ölkədə Xocalı faciəsinə həsr edilən anım mərasimində iştirak etməyə hazırlaşırıq. Çox maraqlı, təsirli bir kompozisiya hazırlamışıq. Xocalı faciəsində şəhid olan gənclərin ruhuna ithaf olunan kompozisiyalarda ailə qurmayan, "Vağzalı" sədası qapısında çalınmayan gənclərin ruhu üçün toy qurub, onların ruhunu şad etmək istəyirik. Çox təsirli səhnə kompozisiyasıdır. Bundan əlavə, orada çıxış üçün 10 mahnı hazırlamışıq. 18 uşağın Türkiyəyə aparılması, onların təyyarə və otel xərclərini öz şəxsi vəsaitimlə ödəmişəm. Mənim məqsədim Azərbaycanın Xocalı kimi faciəsini dünyaya təbliğ etməkdir. Bunun üçün lazım gəlsə, evimdəki qır-qızılımı da sataram.

- Qızınız Aynişanın bu günlərdə maraqlı bir açıqlaması olub. Türkiyədə yaşadığı dönəmdə həyatın onu böyütdüyünü qeyd edib. Bildirib ki, indiyə qədər anasının himayəsində olduğundan çətinlik görməyib. Türkiyədə işləmək onu həm həyatın çətinlikləri ilə üzləşdirib, həm də böyüdüb.

- Əslində hamı bilir ki, mən Aynişanı gözümdən bir anlıq kənara buraxmamışam. Hər zaman mənim himayəmdə olub. Mən ona çətinlik yaşatmamışam. Bəlkə çətinliyim olub, amma onu Aynişana hiss etdirməmişəm. Burda olanda o ancaq qayğı görüb. İşıq pulunu belə ödəmək üçün onu yormamışam. Ona görə də Türkiyədə bəzi sosial qayğıları görəndə ona çətin gəldi. Əslində maddi çətinliyi olmayıb. Yəni Türkiyədə də olanda onun bütün ehtiyaclarını mən ödəmişəm. Tez-tez yanına gedirdim. Yəni böyük mənada çətinlikdən söhbət belə gedə bilməz. Sadəcə Bakıda olanda yemək bişirməyib, paltar ütüləməyib, yumayıb, çörək arxasınca getməyib, kommunal xərcləri ödəməyib. Yəni bunları orda özü edəndə ona çətin gəldi. Mən hər zaman çalışmışam ki, onun nəyəsə ehtiyacı olmasın. Mən həyatımı Anyişana qurban vermişəm. Ona görə də böyük çətinlikdən söhbət getmir. Sadəcə həyatın xırda qayğılarını orda özü gördü deyə ona çətin gəlib.

- Yəqin ki, Aynişanın ailə qurması sizin ən böyük arzunuzdu. Elçi düşənlər yəqin ki, olur?

- Bilirsiz, həyatda hər şeyin vaxtı-vədəsi var. Vaxtı gələndə onun gəlin köçməsini də görmək Allah mənə qismət edər. Təbii ki, onun ailə qurmasını, gəlin köçməsini arzulayıram. Artıq özü də zarafatla deyir ki, vaxtı çatır. Amma bunlar Allahın qismətidir. Elçi düşənlər olur. Bu, təbiidir. Mən qızımı necə böyütmüşəm, Aynişan kimdir, kimin balasıdır bunu hamı bilir. İnşallah, qismət olar, onun ailə qurmasını da görərik.

- Aybəniz xanım, siz müğənni olmaqla yanaşı, eyni zamanda pedaqoqsuz, tələbələriniz var. Niyə gənclərin səhnə mədəniyyətində kasıblıq hiss olunur? Hətta bəziləri sənət aləmini çirkab adlandırır.

- Bilirsiz, bizim dövrümüzdə sənətə, səhnəyə yanaşma fərqli idi. Mən sənət aləmində çirkablıq görməmişəm. Mən sənətə gələndə əlimdən tutanlar olub, Şövkət xanım Ələkbərova təkcə müəllimim deyildi, mənə analıq edərdi. Heydər Əliyev mənə dəstək verməsəydi, bu gün bu səviyyəyə gəlib çıxa bilməzdim. O dövrlərdə səhnə məbəd sayılırdı. Sənə əl uzadan başqa məqsəd güdmürdü. Ona görə də səhnədə çirkablıq görməmişəm. Qaldı bu gün gənclərin səhnə mədəniyyətinə, böyük-kiçik yerini bilməmələrinə, bilirsiz, hamıya şamil edə bilmərik ki, pisdilər. Yaxşıları, tərbiyəliləri var. Ancaq bəziləri məktəb görməyib, kiməsə arxalanıb gəlib çıxıb səhnəyə. Ustad görəndə, müəllim olanda sənə yol göstərən olur. 

Təbii ki, söhbət ciddi səhnədən və ciddi müəllimdən gedir. Mən tələbələrimin hər qayğısı ilə maraqlanıram. Nə yedilər, nə geyindilər. Çünki zamanında mənimlə də müəllimlərim maraqlanıb. Ona görə də tələbələrimə bu gün də deyirəm ki, özünüzdən böyük sənətkar görəndə yaxınlaşın, icazə alın, icazə versə əlindən, üzündən öpün, salamlaşmağı unutmayın. Özünüzdən böyük sənətkarlara hörmətdə qüsur etməyin. 

Bunu demək lazımdı. Məktəb görməyən, səhnə mədəniyyətindən xəbəri olmayan insan mikrofon əlinə götürüb özünü sənətkar elan etməklə iş bitmir. Mən bu yaşımda da sənətkar sözünü ehtiyatla dilə gətirirəm. Bir az gənclərimiz, səhnəyə gələn bizdən sonrakı nəsil bunları nəzər almalıdır. Bu, səhnə insanı üçün vacibdi.

Tahirə Məmmədqızı





SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26