2019-02-19 14:00:24   |   164 dəfə oxunub

Təqaüdlərin artması gənclərə stimul verəcək

Tələbələr ölkə rəhbərliyinin daim diqqətində olduqlarını hiss edirlər



Ölkə başçısı İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.

Yeni sərəncam təhsilmizin inkişafı baxımından olduqca mühüm sənəd hesab olunur. Prezidentin sosial siyasətinin əsas tərkib hissəsinin elm və təhsildən ibarət olduğunun bir daha şahidi olduq. Təsadüfi deyil ki, bu günə qədər təhsil sahəsində imzalanan bütün fərman və sərəncamlar gənclərin hərtərəfli inkişafına xidmət göstərib.

Prezidentin təqaüdlərin artırılımasına dair sərəncamının böyük əhəmiyyət daşıdığını deyən millət vəkili Musa Qasımlı "Şərq”ə bildirib ki, dövlət təhsil alanlara xüsusi diqqət yetirir və onların ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır: 

"Təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, diqqətlərini başlıca olaraq təhsilə yönəltmələrinə, dərslərə daha yaxşı hazırlaşmalarına, elm və təhsilimizin keyfiyyətinin artırılmasına imkan verəcək.

Ali məktəblərə dövlət sifarişli yerlərin sayının artırılması təhsilin hamı üçün əlçatan olmasından ötrü cənab Prezidentimizin liderliyində dövlətimizin yürütdüyü siyasətin mühüm tərkib hissələrindən biridir. Sirr deyil ki, bəzən yüksək bal toplayan, lakin ailənin imkanlarının aşağı olması ucbatından təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbləri tərk edən gənclərimiz var. Bu qərarlar həmin halların qarşısını alacaq. Dövlətimiz belə bir addımı atmaqla təhsil almaq istəyən gənclərə qucaq açır. Bütün vətəndaşlarımızın qərarları rəğbətlə qarşıladığı qənaətindəyəm”.

"Cənab Prezidentin tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncamı dövlətimizin təhsilə, elmə olan diqqət və qayğısının növbəti nümunəsidir”.

Bu sözləri isə "Sherg.az”a "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
O bildirib ki, prezidentin sərəncamı ölkəmizdə illərdir aparılan təhsil islahatlarının mühüm tərkib hissələrindən biridir: 

"Ölkəmizin təhsil və elm olmadan inkişafını təsəvvür etmək mümkün deyil. Təqaüdlərin artırılması Azərbaycan gənclərinin elm və təhsil sahəsinə olan marağının artmasına, onların bu sahədə çalışmasına və böyük uğurlar, nailiyyətlər əldə etməsinə imkan yaradacaq. Təhsil sahəsi hər zaman prezidentin sosial siyasətinin əsas istiqamətlərindən biri olub. Növbəti sərəncamla bir daha sübut olundu ki, Azərbaycan dövləti və onun rəhbəri gələcəkdə gənclərimizi müasir dünyanın tələblərinə uyğun, hazırlıqlı, intellektual bir gənc kimi görmək arzusundadır. Bir gənc olaraq bunu alqışlayıram. Düşünürəm ki, prezidentin sərəncamı xüsusən də gənc alimlərin yetişməsinə mühüm töhfələr verəcək”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-05-27
2019-05-26