2019-02-21 13:07:10   |   144 dəfə oxunub

Məhkəmə sistemində islahatlar aparılmalıdır

Həqiqətən də vəkilin məmur kimi fəaliyyət göstərməsi lazım deyil

Çox vaxt görmüşəm ki, hətta dövlət ittihamçısı məhkəmə prosesində vəkili belə təhqir edə bilir




Parlamentin yaz sessiyasının iclası zamanı deputat Fazil Mustafa vəkilliklə bağlı fəaliyyətin çətinləşdirilməsinə ehtiyac olmadığını deyib. Onun sözlərinə görə, vəkillərdən məmur düzəltməyə ehtiyac yoxdur.

Deputat bildirib ki, vəkilliyə daxil olmanın sayının genişlənməsinə şərait yaradılmır: "Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər”.

Vəkillərin işə qəbulu imtahanlarının yazılı və şifahi formada keçirildiyini deyən hüquqşünas İradə Cavadovanın "Şərq”ə açıqlamasına görə, şifahi imtahanlara ehtiyac yoxdur: 

"Ümumiyyətlə, vəkil kimi çalışmaq üçün kurslardan keçmək uzun prosesdir. Amma bir çox ölkələrdə imtahanların belə olması müşahidə edilir. Sadəcə olaraq bizdə vəkilliyə sənəd təqdim etmək üçün 3 illik təcrübə tələb olunur. Çox yaxşı olardı ki, bu təcrübə 1 ilə endirilsin və ali məktəbi bitirən tələbələr 1 illik təcrübədən sonra vəkil kimi çalışa bilsinlər.

Fazil bəyin fikirləri ilə razılaşıram. Həqiqətən də vəkilin məmur kimi fəaliyyət göstərməsi lazım deyil. Təbii ki, vəkil müstəqil olmalıdır. Vəkilin nüfuzunun artırılması birbaşa olaraq məhkəmələrlə bağlıdır. Məhkəmədə islahatlar aparılmalıdır və vəkil öz savadı, bacarığı hesabına qanuna söykənərək çalışmalıdır. 

Məsələn, əgər cinayət işində 5 ildən 10 ilə kimi müddəa varsa, hakim istədiyi cəzanı verə bilir. Yəni biz orda cəzanı 5 ildən 6 ilə kimi görmürük. Həmçinin mülki işlərdə də qanunvericiliklə bağlı çox boşluqlar olur və tərəflər həmin boşluqlardan istifadə edə bilir. Əlbəttə, vəkilliyin inkişafı, nüfuzunun artması məhkəmələrlə bağlıdır. 

Nə zaman ki, məhkəmələr tam müstəqil və qanuna söykənərək hansısa qərəz olmadan islahatlar aparacaqlar, o zaman vəkil də özünü "vəkil” kimi hiss edəcək. Çox vaxt görürük ki, vəkillər səy göstərirlər, əziyyət çəkirlər, qanuna söykənirlər və əslində haqlıdırlar. Sonda isə onlara qalan illərlə məhkəmələrə gedib-gəlmək olur. 

Əgər vəkil sorğu verirsə, bir çox dövlət qurumları həmin sorğulara cavab vermir. Elə qurumlar var ki, vəkil orderini verdiyi zaman məhz orderin əslini də tələb edir. Hesab edirəm ki, bunlar düzgün yanaşma deyil. Vəkilin hörmətli olması və nüfuzunun artması üçün onun sorğularına dərhal cavab verilməlidir. Dövlət qurumu bir az ehtiyatlanmalıdır ki, bu, vəkil sorğusudur və sorğuya cavab vermək lazımdır. Bəzi xarici ölkələrdə isə vəkilin nəinki orderini, sadəcə vəsiqəsini təqdim etməklə sorğuları həll etməsi mümkün olur”.

İ.Cavadova həmçinin məhkəmə islahatlarının keçirilməsinə ciddi ehtiyac olduğunu vurğulayıb: 

"Vəkil həm öz peşəsini qoruya bilməli, həm də peşəkar kadr kimi işləri apara bilməlidir. Çox vaxt məhkəmə proseslərində dövlət ittihamçısının nüfuzu daha artıq olur. Sanki dövlət ittihamçısına daha çox üstünlük verilir. Çox vaxt görmüşəm ki, hətta dövlət ittihamçısı məhkəmə prosesində vəkili belə təhqir edə bilir. Bütün bunlar ortadan qalxmalıdır və məhkəmə zamanı tərəflər eyni hörmətə malik olmalıdır”.

Yeganə Bayramova





SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20