2019-02-21 13:45:29   |   216 dəfə oxunub

“Qazdan gələn vəsaitin artması ümumi gəlirlərimizi artıracaq” – Ekspert



"Xəzərdə qaz ehtiyatlarının çoxluğu və son vaxtlar iri qaz yataqlarının aşkarlanması böyük perspektivlər vəd edir”.

Bunu "Sherg.az”a açıqlamasında "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, Şahdəniz və digər yataqlara qoyulan investisiyalar və qazın ötürülməsi üçün infrastrukturun yaradılması qaz istehsalını artırmamıza gətirib çıxarıb: 

"Cənub, şərq və şimal qonşularımız özləri iri qaz istehsalçısıdır. Deməli biz qərb istiqamətində boru kəmərləri çəkməli və qazımızı Gürcüstan, Türkiyə və Avropa bazarına çıxarmalıyıq. Neftdən başqa daha gəlirli sahə təbii qazdır. Qazın dünya bazarında qiyməti yüksəkdir və tələbat getdikcə artır. Əlbəttə, biz təbii ehtiyatımızdan istifadə etməliyik və əhalinin tələbatından artıq olan hissəsini dünya bazarına çıxarıb satmalıyıq. 

Lakin neftdən fərqli olaraq təbii qazı tankerlərlə qatar va avtomaşınlarla daşımaq olmur. Bunun üçün daimi tələbatın və bazarın olacağı istiqamətdə mütləq boru kəmərləri lazımdır. Azərbaycan artıq belə bir qaz kəmərinə sahibdir və artıq qazdan gələn gəlirlərin artma tendensiyası gedir”.

Ekspert vurğulayıb ki, xammaldan daha çox hazır məhsul ixracından gəlir əldə etməyimiz daha yaxşı olardı. Lakin qeyri-neft sektorunu tam bərpa etmək üçün çox böyük vəsait lazımdır: 

"Həmin vəsaitləri isə neft-qaz ixracından əldə edirik. Yəni neft-qaz ixracı məqsəd deyil, vasitədir. Qazdan da gələn gəlirlərin artması ümumi gəlirlərimizi artıracaq və hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək üçün lazımi maliyyə imkanları olacaq. Yaxın müddətdə bu investisiyalar öz bəhrəsini verəcək və neft-qaz sektorundan asılılığa son qoyacaq. Hazırda sahibkarlığı və qeyri-neft sektorunu inkişaf etdirmək üçün fundamental islahatlara start verilib. Əminəm ki, bu islahatlar daha böyük sürətlə davam edəcək və qarşıya qoyulan məqsədə ən qısa müddətdə çatmaq mümkün olacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25