2019-02-21 15:09:49   |   243 dəfə oxunub

Prezidentin fərmanı problemi kökündən həll etdi - "Vətəndaşların mənzillərinə mülkiyyət hüququ almasına MTK-lar mane olurdu"


Prezident İlham Əliyev uzun illərdir ki, ciddi problem olaraq qalan yeni tikilən və istismara qəbul edilməyən binalarla bağlı Fərman imzalayıb. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanla çoxmənzilli binaların istismarına icazə verildiyi gündən 1 ay müddətində həmin binalar su, kanalizasiya xidməti, eləcə də işıq və qazla təchiz edilməli və belə binalardakı mənzillər "Çıxarış”la təmin edilməlidir. Bu sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək. Fərman binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Ekspertlər də dövlət başçısının son Fərmanını yüksək qiymətləndirirlər.

"Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanı ancaq müsbət qiymətləndirmək olar. Ölkə başçısının bu addımı illərdir gündəmdə olan, yığılıb qalan problemlərin həlli istiqamətində atılan təqdirəlayiq bir haldır”. 

Bu sözləri "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov Sherg.az-a açıqlamasında deyib.

N. İbrahimov deyib ki, əksəriyyətimizin yaşadığı mənzillərin sənədi yoxdur. Uzun müddətdir insanlar faktiki yaşadıqları mənzillərin sənədi ala bilmilər və bu səbəbdən də bir sıra problemlərlə üzləşməli olurlar:

"Vətəndaşların öz mənzillərinə mülkiyyət hüququnu təsdiq edən sənədləri almasına əksər hallarda MTK-lar mane olurdu. Bunun başlıca səbəbi mənzil alqı-satqısında əsas subyekt kimi notariusların iştirakının təmin edilməməsi və birbaşa bu prosesdə MTK-ların rol oynamasıdır. Çünki mənzilin çıxarışı olmadıqda alqı-satqıya icazəni yalnız MTK-lar verirdi. Ancaq ölkə başçısının bu fərmanından sonra mövcud problem tez zamanda öz həllini tapacaq”.

Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanının həm sosial, həm də iqtisadi faydaları olduğunu vurğulayan baş direktor hesab edir ki, insanların sosial şəraiti yaxşılaşacaq: "Fərman biznes aktivliyinə də təsir edəcək. Ümumi iqtisadi-fəalliğın artmasına, tikinti şirkətlərinə kömək olacaq. Eyni zamanda bu fərman ilin sonuna qədər mənzil bazarında qiymətlərə də təsir edəcək”.

Şəymən




SON XƏBƏRLƏR

2019-03-21
2019-03-20