2019-02-21 15:59:52   |   184 dəfə oxunub

Radikalların mitinq keçirmək mədəniyyəti də yoxdur - Aksiyaya icazə verilməməsinin səbəbləri tutarlıdır



Bakı Şəhər İcra Hakimiyyəti radikal müxalifəti təmsil edən "Milli Şura”nın fevralın 23 nə təyin etdiyi mitinqinə icazə verməyib. İcazənin verilməməsi onunla əsaslandırılıb ki, yanvarın 19 da müxalifətin keçirdiyi mitinqdə ictimai asayiş pozulub. Mitinq iştirakçılarının nəqliyyatın hərəkətinə maneçilik törətməsi, asayiş keşikçilərinə qarşı sərt davranış və onların qanuni tələblərinə müqavimət göstərilməsi faktlarının araşdırılması hələ başa çatmayıb.

Mitinqin təşkilatçıları belə halların təkrarlanmayacağı barədə üzərlərinə heç bir məsuliyyət götürmürlər və bunda maraqlı deyillər. Belə olan halda BŞİH hər hansı kütləvi tədbirin keçirilməsini məqsədəuyğun hesab etmir və hüquq mühafizə orqanlarının araşdırmasının başa çatmasını gözləməyi məqsədəuyğun hesab edir. Həmçinin mitinqin təşkilatçıları hər hansı qanun pozuntusuna yol verilməyəcəyi və aksiyanın idarə olunacağı barədə üzərlərinə öhdəlik götürməlidirlər.

Hər zaman olduğu kimi, "Milli Şura” tərəfdarları, mitinqə icazə verilməməsi səbəbini başqa istiqamətə yönəltməyə, qarayaxma kampaniyasına başlayıblar. Radikal müxaliflər belə hesab edirlər ki, aksiyaya icazə verilməməsi söz azadlığına və sərbəst toplaşmaq azadlığına ziddir.

Amma bu radikalların yenidən qərəzli və absurd iddiada olduqlarını açıq şəkildə ortaya qoymağa başlayıblar. Söz azadlığı ilə bağlı deyilənlər kökündən yalnış yanaşmadır. Ona görə ki, Azərbaycan internetin azad olduğu məkanlardan, mətbuatın azad fəaliyyət göstərdiyi ölkələrdən biridir. Hər kəs sərbəst şəkildə fikirlərini internetdə, sosial şəbəkələrdə açıq şəkildə bildirir və həmin şəxsə qarşı hər hansı təzyiq edilmir. Necə ki, müxaliflərin özləri internet resurslarından hər gün yararlanırlar. O başqa məsələdir ki, cəmiyyət bu insanların ağ yalanlarına inanıb, dəstəkləmir. Dəstək görmədikləri üçün də qarayaxma kampaniyasına başlayıb, qərəzli bəyanatlar səsləndirirlər. Xalq hazırkı iqtidarı dəstəkləyir, hazırkı iqtidarın siyasətini bəyənirsə, təbiidir ki, radikal qüvvələrin boşboğazlığına, populist çıxışlarına inanmayacaq. Vətəndaşların bu radikallara dəstək verməməsinin günahını radikallar özlərində axtarmalıdırlar. Azərbaycan xalqı müdrik xalqdır, kimin həqiqətən xalq üçün çalışdığını gördüyü kimi, kimlərin də xarici anti-Azərbaycan qüvvələrin "əlinə oynadığını” yaxşı bilir.

Digər bir tərəfdən söz azasdlığı necə pozulur ki, "Milli Şura”çılar sosial şəbəkələrdə öz "tərbiyələri”ni göstərərək, milli mənəvi dəyərlərə zidd ifadələr səsləndirirlər, söyüş söyməklə məşğuldurlar? Təbii ki bu suala cavab vermələri çətindir. Onların sosial şəbəkələrdən "səmərəli istifadə”si söyüş üzərində qurulub. Anlamaq çətin deyil, söyüş kampaniyasını da. Bunun da kökü yenidən xalqdan dəstək ala bilməməklərindədir. Cəmiyyətdən dəstək almadıqlarını görəndə, başlayırlar ictimaiyyət üzvlərini təhqir etməyə.

Gələk sərbəst toplaşmaq azadlığı məsələsinə... Guya ki, meriya radikalların mitinqinə icazə verməməklə hökumət sərbəst toplaşmaq azadlığını "boğur”. Bu insanlar hər zaman olduğu kimi, yenə də sərbəst toplaşmaq azadlığı ilə ictimai asayiş anlayışlarını dərk etmirlər. Bəlkə də dərk edirlər, sadəcə sərf etmədiyindən dillərinə gətirmirlər. Hər bir ölkə vətəndaşı ölkəsində sabitlik, sakitçilik istəyir. Eləcə də Azərbaycan vətəndaşları sakit, rahat yaşamaq, istirahət günündə istirahətini etmək istəyir. Kimsənin haqqı yoxdur ki, vətəndaşın istirahət hüququnu pozsun. Bəli, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Necə ki, müxaliflərə dəfələrlə mitinq icazəsi verilərək bu təmin olunub. Amma bu o demək deyil ki, mitinqdən sonra nəqliyyatın hərəkətinə mane olasan, ticarət mərkəzlərinin fəaliyyətini ləngidəsən, küçədə yürüş edib səs-küy yaradaraq, insanların istirahətini pozasan.

Müxaliflər nə edirlər? Mitinqdən sonra azsaylı tərəfdarları ilə küçə yürüşünə cəhd edirlər, qışqır-bağır salaraq insanları narahat edirlər, küçənin ortasında toplanaraq nəqliyyatın hərəkətini ləngidib, insanları mənzil başına getməsi zamanını alırlar. Belə halları biz "Milli Şura”nın 19 yanvar mitinqində şahidi olduq. Belə hallar isə qanunla qadağan olunub. O səbəbdən də, budəfəki mitinq müraciətinə mənfi cavab verilib. Və aksiya təşkilatçıları zəmanət verə bilmirlər ki, anoloji hallar növbəti mitinqdə təkrarlanmayacaq. Meriyanın da açıqladığı kimi, hələ 19 yanvar aksiyasında baş verənlər araşdırılır, ona görə də növbəti mitinqə icazə məqsədəuyğun sayılmır. İndi bunu başqa istiqamətə yönəltmək, qərəzdən, cığal yanaşmadan başqa bir şey deyil.

Anar





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25