2019-02-21 16:20:33   |   159 dəfə oxunub

Professor: "Vətəndaşlar mənzilləri qeydiyyatsız olduğu üçün, girov qoyub kredit belə götürə bilmirdilər"

"Prezidentin imzaladığı son fərman illərlə asılıb qalmış və insanlarımızı rahatsız edən ciddi bir problemin həllinə yol açdı. Pulunu ödəyərək mənzil almış lakin bəzi məsuliyyətsiz tikinti təşkilatlarının günahı üzündən istismara qəbul edilməyən mənzillərdə vətəndaşlarımız öz hüquqlarından istifadə edib bu mənzilləri nə sata nə girov qoya nə də dəyişdirə bilirdilər”.

Bu sözləri Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanı dəyərləndirən iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib.

Professorun sözlərinə görə, mülkiyyət hüququnun verilməsini təsdiq edən sənədin onların əlində olmaması bu mənzillərlə bağlı hər hansı bir addım atmağa imkan vermirdi: 

"Vətəndaşlar bu mənzilləri girov qoyub kredit belə götürə bilmirdilər. Cənab Prezidentinin bu qərarından sonra qısa zaman ərzində bu problemlərin həlli mümkün olacaq. Bəzi məlumatlara görə Bakı şəhərində 250-dən çox belə çoxmənzilli bina mövcuddur”.

Professorun sözlərinə görə, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı qərar növbəti mərhələdə fərdi evlərin də sənədləşdirilməsilə bağlı tədbirlərin gücləndiriləcəyinə əminlik yaradır. Düzdür, bu o qədər də asan deyil, ancaq sözügedən problemlər zamanla öz həllini tapacaq.

Qeyd edək ki, sözügedən fərmanla çoxmənzilli binaların istismarına icazə verildiyi gündən 1 ay müddətində həmin binalar su, kanalizasiya xidməti, eləcə də işıq və qazla təchiz edilməli və belə binalardakı mənzillər "Çıxarış”la təmin edilməlidir. Bu sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək. Fərman binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Şəymən




SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25