2019-02-21 16:29:29   |   224 dəfə oxunub

“Azərbaycan Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə bilər” – Ekspert




" "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən toplantıda indiyədək görülən işlərə nəzər salınmaqla yanaşı, proseslərin sona yaxınlaşmaqda olduğu da vurğulandı”.

Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

İqtisadçı bildirib ki, toplantıda hər bir işin nəzərdə tutulduğundan daha yüksək səviyyədə və vaxtından əvvəl həyata keçirildiyi qeyd olundu:

"Prezident İlham Əliyev bildirdi ki, bu gün biz bu nəhəng enerji layihəsinin yekunlaşdırılmasına yaxınıq. Çünki, sözügedən layihənin dörd elementindən üçü həqiqətən də artıq hazırdır və istifadə olunur. "Cənub Qaz Dəhlizi” əslində 3 layihəni birləşdirir: Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. Başlanğıc, yəni mənbə isə "Şahdəniz-2"-dən ibarətdir. Keçən ilin mayında "Cənub Qaz Dəhlizi”nin açılışı oldu. Prezident İlham Əliyev kəmərə ilk qazın vurulmasını bildirən açarı işə saldı. İyun ayının 12-də isə Türkiyənin Əskişəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış oldu. TANAP layihəsi istifadəyə verildikdən sonra 1 milyard kubmetr qaz Türkiyə bazarına ixrac edilib.

Ekspetin sözlərinə görə, Trans-Adriatik boru kəmərinin inşasında böyük irəliləyiş var: 

"Dövlət başçımız çıxışında vurğuladı ki, ötən ilin fevral ayında TAP-ın hazırlığının 67 faiz səviyyəsində olduğunu qeyd etmişdi. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir. Yəqin ki, ilin sonuna bu da başa çatdırılacaq. "Cənub Qaz Dəhlizi” böyük strateji infrastruktur layihədir. Prezident İlham Əliyev qeyd etmişkən, bilavasitə enerji şaxələndirilməsi layihəsidir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. 

Yəni, söhbət enerji resurslarının şaxələndirilməsindən gedir. Bu baxımdan istehsalçı ölkə olan Azərbaycan və istehlakçı, o cümlədən tranzit dövlətlər arasında bir balans yaradılıb ki, bu da maraqlar balansıdır. Bu, layihənin bəri başdan uğurluluğundan xəbər verir. Cənub Qaz Dəhlizi gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Qərb ölkələrinin layihəyə dəstək vermələri də bununla əlaqədardır. Düzdür, bütövlükdə mövcud qaz resurslarımız yalnız "Şahdəniz-2”dən ibarət deyil. Başqa yataqlarımız da var: "Abşeron”, "Ümid”, "Qarabağ”, "Babək” və sair”.
P.Heydərov vurğulayıb ki, bu gün ölkəmizin təsdiq olunan qaz ehtiyatları 2,6 trilyon kubmetrdir: "Bunun təkcə 1,2 trilyonu "Şahdəniz”də yerləşir. 

"Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Hazırda ehtimal olunur ki, gəlirlərimiz 100 milyard ABŞ dollarından çox olacaq. Söhbət "Şahdəniz” yatağının hər iki mərhələsindən gedir. Ancaq bunu indi dəqiq söyləmək mümkün deyil. O mənada ki, gəlirlər daha çox ola bilər. Orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edə bilər. Əsas hədəflərdən biri də məhz bundan ibarətdir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25