2019-02-21 17:03:36   |   190 dəfə oxunub

Yeni avtomobil alanlar çox azdır

Hətta paytaxtdakı ən məşhur avto-salonlar belə ikinci əl avtomobillərin ümidinə qalıb



"Hazırda avtomobil bazarında vəziyyət durğundur”.

Bunu "Sherg.az"a avtomobil bazarındakı vəziyyəti dəyərləndirərkən nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Ekspertin fikrincə, bu ilin ilk iki ayı ərzində maşın bazarında durğunluq yaşanır: 

"Demək olar ki, bazarda alış-satış prosesi intensiv getmir. İnsanların alıcılıq qabiliyyəti və onların maşınlara olan tələbatında azalma müşahidə olunur. Amma ilin bu vaxtlarında maşın bazarında vəziyyətin belə davam etməsi normaldır. Çünki hazırda hava soyuq olduğu üçün insanlar bazara üz tutmur. Beləliklə də bazarda alıcı kütləsi olmur. İkinci bir tərəfdən də internet üzərindən avtomobillərin qiymətini günü-gündən qaldırırlar. Lakin baxırsan ki, həmin məbləğlər reallıqdan uzaqdır. Hazırda avtomobil bazarı bu cür satıcıların əlindədir. Onlar da istədikləri vaxt qiymətləri qaldırıb, endirir. Eyni zamanda ötən günlərdə gömrük rüsumlarının artırılması ilə bağlı olaraq avtomobillərin qiymətində artım müşahidə olundu. Lakin bazarda alıcılıq qabiliyyətinin aşağı olmasından dolayı qiymətlər yenə əvvəlki məcrasına qayıtmaq üzrədir”.

E.Muradlı söyləyir ki, hazırda ikinci əl avtomobillərin qiymətində artım olsa da, hələ ki, onların alış-satış prosesi yaxşıdır: 

"Əsasən insanların böyük əksəriyyətinin meyli ikinci əl avtomobillərədir. Ölkəyə gətirilən yeni avtomobillər, brend markalar yalnız müəyyən avtomobil həvəskarlarının diqqətində olur. Lakin hər kəsin seçimi heç də belə deyil. Yəqin ki, maddi durumuna görə əhalinin böyük əksəriyyətinin yeni avtomobil almağa imkanı yoxdur. Fikrimcə, ölkədə yeni avtomobil bazarı tükənib. Hətta paytaxtdakı ən məşhur avto-salonlar belə ikinci əl avtomobillərin ümidinə qalıb”.

Ekspert diqqətə çatdırır ki, maşın bazarında proseslərin bu cür gedişatı yerli istehsal olan avtomobillərə populyarlıq qazandırır: 

"Çünki xaricdən gətirilən ikinci əl köhnə, işlənmiş avtomobillərdən yerli istehsalımız olan maşınlar həm keyfiyyətlidir, həm də səmərəlidir. Yəni xaricdən idxal olunan avtomobillərin üzərinə gömrük rüsumları da gəldikdə yerli istehsalımız bundan ucuz başa gəlir. Fikrimcə, yerli istehsal bir az güclənməlidir. Ölkə olaraq köhnə istehsallı avtomobillərdən can qurtarmaq vaxtıdır. Çünki həmin maşınlarla sürücülər tez-tez ağır qəzalar törədir. Məhz buna görə də həmin avtomobillər dövriyyədən çıxarılmalıdır. Lakin insanlar buna o qədər də maraq göstərmir.

 Daha çox köhnə avtomobillərə üstünlük verirlər. Elə buna görə də bazar hər il bir az da geri gedir. Amma dövlət tərəfindən yerli istehsala "Xəzər” avtomobillərinə yanaşma fərqlidir. Fikrimcə, gələcəkdə bu sahədə böyük nailiyyətlər əldə edə bilərik. Hətta irəliləyən zamanda daxili bazarımızı öz avtomobillərimizlə təmin etmək olar. Bunun üçün bu sahədə bəzi nöqsanlar aradan qaldırılmalıdır”.

Kənan Eynuroğlu





SON XƏBƏRLƏR

2019-05-26
2019-05-25